BolgeXeber.Com » Gündəm » 2-ci qrup əlil olan vətəndaş ona düşən kompensasiyanı ala bilmir-ŞİKAYƏT

2-ci qrup əlil olan vətəndaş ona düşən kompensasiyanı ala bilmir-ŞİKAYƏT

13-03-2017, 17:39
Oxunub: 3 420 2-ci qrup əlil olan vətəndaş ona düşən kompensasiyanı ala bilmir-ŞİKAYƏTŞikayətçi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ona düşəcək 6600 manat kompensasiyanın qurum tərəfindən mənimsənildiyini iddia edir

Zərdab rayonu Gödəkqobu kənd sakini, 2- ci qrup əlil Sübhan Bəndəlizadə Bölgə TV-ə şikayət məktubu ilə müraciət edib.
Şikayətçi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ona düşəcək 6600 manat kompensasiyanın qurum tərəfindən mənimsənildiyini iddia edir.
"Belə ki, 13 oktyabr 2015-ci il tarixdə həqiqi hərbi xidmətə aparılmışam. Lənkəranda yerləşən 704-saylı hərbi hissədə hərbi xidmət etdikdən 1 ay sonra möhkəm xəstələndiyim üçün Füzuli hərbi hospitalına yerləşdirildim. Vəziyyətim ağır olduğuna görə 38 gündən sonra oradan Bakı şəhərində yerləşən hərbi hospitala gətirildim. 8 ay stasionar müalicə olunduqdan sonra hərbiyə yararsız hesab edilərək xidmətdən tərxis olundum. Buna görə mənə kompensasiya düşməli olsa da, Dövlət Sığorta Kommersiya Şirkəti kompensasiyamı vermək istəmir." - yazaraq Sübhan Bəndəlizadə şikayət məktubunda qeyd edib.

Şikayətçi bildirir ki, hərbi xidmətə getməmişdən əvvəl həkim komissiyasından keçib və tam sağlam olduğu təsdiqlənib. Sonra qazandığı xəstəlik sol böyrəyimə keçdiyindən böyrəyinin fəaliyyəti dayanıb.
"Artıq bu xəstəliyə görə mənə 2-ci qrup əlilik dərəcəsi də təyin edilib. Mən tam sağlam hərbi xidmətə getmişəm buna dair sənədlər də var. Həmin sənədləri həkimlər verib. Mənə düşəcək hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişini verməyib saxtakarlıq edən vəzifəli şəxslər cəzalandırılmalıdırlar. Atam rəhmətə gedib. Ailəliyəm, himayəmdə bir azyaşlı övladım var. Hərbi xidmət zamanı düçar olduğum ağır xəstəliyə görə əlil olmuşam. İndi bunu saxtakar vəzifəli şəxslər gizlədib kompensasiyamı mənimsəmək istəyirlər."- deyə Sübhan Bəndəlizadə məktubunu sonlandırıb.
Məsələyə münasibətini öyrənmək üçün Dövlət Sığorta Kommersiya Şirkəti ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxdı.
Bolgexeber.com