BolgeXeber.Com » Analitika » Zəng çatmayan telefonlar

Zəng çatmayan telefonlar

14-03-2017, 17:43
Oxunub: 4 308 Zəng çatmayan telefonlar"Məktəbdə müəllimlər dərsimizi oxumayanda bizi şkafa salmaqla hədələyirdi"

Balaca olanda anam bizə deyirdi ki, telefon dirəklərinin yanında pis söz danışmayın. Çünki bütün simlər hökümətin qulağına gedir. Onlar da eşidib, gəlib səni apararlar, salarlar şifonerə. O zaman bizim üçün türmə təzə aldığımız şifoner idi. Dərs oxumayanda atam bizi şifonerə salmaqla hədələyirdi. Ona görə biz türməni şifoner kimi təsəvvür edirdik. “Bundan ağır, çətin türmə olmaz” deyə düşünürdük. Tərəkəmə uşaqlarıydıq, şifoneri – zadı ilk dəfə görürdük.

Məktəbdə müəllimlər dərsimizi oxumayanda bizi şkafa salmaqla hədələyirdi. Ən çox qorxduğumuz evdə şifoner, məktəbdə şkaf idi.

Mənim ağlıma bax. Təzə ağ –qara televizor almışdıq, xəbərlərə kino kimi baxırdıq. Bir dəfə xalq artisti Zeynəb Xanlarova oxuyurdu, tez televizoru söndürdüm, dedim, qoy anam işdən gələnə qalsın, bir yerdə baxarıq.

Sonra nənəm mənə bir xəbərdarlıq elədi. Dedi ki, əgər bir nəfər gəlib səndən soruşsa ki, burdan keçən dəvəni gördünmü? Deynən, nə dəvə görmüşəm, nə də onun qığını.

Bir dəfə dağa gedəndə atam mənə Gorusdan bir radio almışdı- 25 manata. Fermada hər bazar saat 14 –də hamı gələrdi bizə. Muğamat konsertinə qulaq asmağa. O zaman yaşıdım qızlar “radioyaya qulaq asmaq” demirdilər, analarına deyirdilər ki, biz gedirik, Qəşəmin radiosuna baxmağa. Konsert –zad bu qızları maraqlandırmırdı, elə radioma baxmağa gəlirdilər.

Hər gələn radiomun üstünə xələt atırdı, 10, 25, hətta 50, 100 manat atan da olurdu. Soltan dayı mənə tutma erkək verdi.

Yenə mənim ağlığma bax. Muğamat saatının başlanmasına 20 dəqiqə qalmış radioda xırıltılar, bəzən taqqıltılar başlayırd. Mən elə bilirdim ki, artıq müğənnilərin oxumağı üçün mağar tikirlər, səs də həmin tikintinin səsidir. Elə bilirdim ki, mağar olmasa, xanəndə oxuya bilməz. Bulağın başından arvadlar soruşurdu ki, ay Qəşəm, muğamat başlamadı? Mən də deyirdim ki, hələ yox, mağar tikirlər. Onlar da inanırdılar.

Anam öyrətmişdi ki, “Allah baba” de. Yalan danışma. Allah baba eşidir. Anam mənə nə deyirdi, hamısını can – başla yerinə yetirirdim.

İndi böyümüşəm. 56 yaşım var. Bakıda yaşayıram. Bu yaxınlarda şahid olduğum bir hadisə məni yaman sarsıtdı. Təhsil Nazirliyinə getmişdim. Gördüm ki, yaşlı bir qadını qəbula yazmırlar. Qadın tez – tez başındakı yaylığını açıb -örtürdü. Bununla qarşısındakı büzmədodaq bir qıza insan, ana, qadın olduğunu xatırladırdı. Hərdən səsinə xırıltı qatır, öskürür, guya bununla qızın ona yazığı gəlməsini istəyirdi. Qız isə “yox” deyib dururdu. Deyəsən, gəlinini işi düzəldəcəkdi. Rəhbərlərin biri ilə görüşmək arzusunda olduğunu deyirdi. Gəlin yaman utanırdı. Arvad hirsindən pörtmüşdü. Çantasından aparatı çıxarıb gəlininə təzyiqini ölçdürürdü. Bəlkə də bu da büzmədodaq qızı insafa gətirmək üçün idi. Qız öz aləmində idi. Qulağında “naişnik” vardı, mahnıya qulaq asırdı. Arvadın gəlini ilə yaşıd olardı. Ən azı qız gəlini bir tay – tuş kimi başa düşə bilərdi. Bu da olmadı. Axırda arvad lap hirsləndi. Dedi ki, bu saat gedərəm- qadın küçədəki telefonu göstərdi - alaram o telefonu qulağıma, birbaşa sizin nazirlə danışıram, hamınızı atdıraram çölə. Qızlar gülüşdülər. Gəlin pərt oldu.

Yaman kədərləndim, uşaqlığım yadıma düşdü. İstədim deyəm ki, ay bacı, o telefonlar nə işləyir, nə də nazirin qulağına gedir. Demədim. Ağlamaq istədim, hələ də uşaq qalan bu kənd qadınına...

Qəşəm Nəcəfzadə