BolgeXeber.Com » Dünya » Ukraynada azərbaycanlı nazirin həbs hekayəsi – Roman Nəsirov kimdi...

Ukraynada azərbaycanlı nazirin həbs hekayəsi – Roman Nəsirov kimdi...

16-03-2017, 13:30
Oxunub: 4 035 Ukraynada azərbaycanlı nazirin həbs hekayəsi – Roman Nəsirov kimdi...“Mən, həm də İsrail, eləcə də...eləcə də Azərbaycan vətəndaşıyam”

Dosye: Roman Mikail oğlu Nəsirov. 3 mart 1979-cu ildə Kiyevdə anadan olub. Atası - Mikail Nəsir oğlu Nəsirov 1976-cu ildə Azərbaycandan Ukraynaya köçərək burda ailə qurub.

Ailə vəziyyəti: Həyat yoldaşı İrina Aleksandrovna Qlimbovskaya sadə ailədən deyil. Atası Aleksandr Qlimbovskiy məşhur tikinti maqnatı, “Altis-Holdinq” şirkətlər qrupunun sədri kimi tanınır Ukraynada. Həmişə, büdcədən maliyyələşdirilən ən nəhəng layihələri həyata keçirir. Misal üçün, Lvov aeroportunun tikintisi dövlət tərəfindən məhz bu şirkətə həvalə edilib.
Övladları: İki oğlu var - Aleksandr və Mixail.

Atası: Mixail (sənədlərdə o, Mikayıl deyil) Nəsirov, Çerniqov qeydiyyatlı “Dəmir” şirkətinin sahibidir. Avtonəqliyyat sahəsində müxtəlif çox çeşidli fəaliyyətlə məşğuldu. Milli kimliyini, gördüyümüz kimi, daşıdığı rəsmi sənədlərdə deyil, öz biznesinin adında qoruyub saxlayır. Buna da min şükür.

Qardaşı: Yevgeniy Nəsirov. Çerniqov qeydiyyatlı beş şirkət sahibidir. Şirkətlərin ikisi hektarlarla torpaq sahələrinə malikdi. Sahələr, qardaşı Roman Nəsirovun torpaq ərazilərilə davam edərək uzaq üfüqlərin arxasında itir.

Karyerası: Ali savadlıdır. İki diplomu var. 90-cı illərdə neft ticarəti ilə məşğul olub. Təhsilini sonra Böyük Britaniyada davam etdirib. 2008-ci ilədək London borsalarında bacarıqlı broker kimi ad çıxarıb. Sonra bilinmir niyə o cür isti yuvasını ataraq doğma, ancaq yoxsul vətəninə dönüb. “Concorde Capital” maliyyə şirkətində çalışıb bir ara. Xasiyyəti, taleyi ilə bizim sabiq nazir Heydər Babayevi, Fərhad Əliyevi xatırladır hardasa. Sonra, çox gəlirli şəxsi biznesini buraxaraq hoppanıb rəsmi dövlət vəzifəsi kürsüsünə - 2013-cü ildən 2014-cü ilin aprelinədək “Ukrayna Ərzaq-Buqda Dövlət Korporasiyası” sədrinin müavini işləyib. Sudan həmişə quru çıxması ilə tanınan Roman Nəsirov bir müddət qalıb bizneslə siyasətin arasında.

Müəyyən müddətə məşhur “BTG Pactual Commodities” beynəlxalq şirkətinin Ukrayna filialına başçılıq edib. Meydan hadisələrindən sonra çiçəyi çırtlayıb sanki. Petro Poroşenkonun seçki siyahısında 51-ci yeri qazanaraq parlament seçkilərinə qatılıb. Rəqiblərini udub. Parlamentdə adi deputat kürsüsü ilə kifayətlənməyib. Tezliklə “Vergi və gömrük siyasəti” komitəsinin gənc sədri kimi başlayıb sağa-sola müsahiblər paylamağa. Elə ilk gündən də düşüb amansız Ukrayna jurnalistlərinin tənqid hədəfinə.

***

Başda Petro Poroşenko olmaqla son Ukrayna siyasi elitası çox da mürəkkəb mənşəli deyil. Bu siyasi zümrə, daha çox qlobal dünya qurumları, dünya pərdəarxası ilə bağlıdır, nəinki yerli Ukrayna dövlət idarəetmə sistemləri ilə. Məqsəd, Ukrayna yerli dövlətidarəetmə sistemlərini dağıdıb çökdürmək, onları qlobal dünya pərdəarxasının tabeçiliyinə buraxmaqdır.
Moskva ilə Kiyev arasındakı qarşıdurmanın bütün sirləri də elə bax bu çox sadə tapmacadadır. Moskva, yerli idarəetmə modeli tərəfdarıdır, Kiyev isə tam tərsinə, qlobal idarəetmənin.

Həmin qlobal dünya gücləri arasında dirijor çubuğu bircə qurumun - adına World Customs Organization, yəni Ümümdünya Gömrük Təşkilatı deyilən müəmmalı, yarıməxfi bir təşkilatın ixtiyarındadır. Ona hərdən Dünya Ticarət Təşkilatı da deyilir. Təşkilatın ana hədəfi yerli vergi, gömrük qurumlarını bir mərkəzdə, bir ovucda cəmləmək, sonra bu mərkəzdən öz hökmünü ölkələrə, millətlərə diktə etməkdən ibarətdir.

**

Ukraynada bu proses Maydan hadisələrindən, P.Poroşenkonun hakimiyyətə gəlməsindən az sonra başlayır. 2014-cü ildən Ukraynada vergi, gömrük sahələri bir qurumda - Ukrayna Dövlət Fiskal Xidmətində cəmlənir. Kurasiyası verilir Nazirlər Kabinetinə. Qurumun ilk rəhbəri öz kürsüsündə çox qalmır - müxtəlif ittihamlarla dövlət qulluğundan qovulur. 5 may 2015-ci ildən bu qurumun başına gör bir kim otuzdurlur - Poroşenkonun 51-ci silahdaşı, deputatlığa 51-ci namizədi həmyerlimiz Roman Nəsirov Mikayıl oğlu!

***

Ukrayna dövlətinin onurğa sütunu sayılan bu qurumu sadə-filan bilməyin. Qurumun nə az, nə çox 40 minədək işçisi var. Mərkəzi aparatında 1500-dən çox qalstuklu, ütülü pencəkli məmur çalışır. Bizim Roman Nəsirov sədr kürsüsünə əyləşincə öz işçilərini əvvəlcə yeni xidməti geyimlə mükafatlandırır. Sonra girişir digər yadda qalan hərəkətlərə.

Məsələn, Xmelnisk rayonunda Dünya Gömrük Qurumunun kinoloji mərkəzini açır. Başlayır orda xüsusi növ it cinslərini yetişdirməyə. Açılış zamanı söylədiyi nitqin əvvəli çox yadda qalandı. Orda Roman Nəsirov öz bütün gizli kartlarını açıb: “Burası təkcə elə Ukrayna Dövlət Fiksal Xidmətinin müəssisəsi deyil, biləsiz. Burası həm də Dünya Gömrük Qurumunun, World Customs Organization-un dünyadakı doqquz kinoloji mərkəzlərindən biridir”

O nitqi indi adi adam dilinə bax beləcənə tərcümə edərdim mən - “Necə deyərlər, ölkəmizin gələcəyi, son ümid nöqtəsi təkcə yüksək ixtisaslı mütəxəssislərə deyil, həm də bax bu yüksək ixtisaslı köpək cinslərinədir”.

Əslinə qalsa, Roman Nəsirov əvvəlcədən, siftədən heç Kiyevə deyil, mərkəzi Brüsseldə yerləşən World Customs Organization beynəlxalq təşkilatına tabeydi. Həmin yarıməxfi qurumla onun əlaqələri Şimali Londonda aldığı təhsil zamanı başlayır. Nəsirovun ən zəif, bir növ Axilles dabanı da, jurnalistlər tərəfindən elə bax bu London, Britaniya mövzusunda aşkarlanır bir gün. Axırda Nəsirovu labüd iflasa sürükləyir.

***

İlk xəyanəti çalış həmişə çox da uzaq ünvanda deyil, öz ən yaxın ətrafında axtarasan. Atalarımızın bu sınanılmış təcrübəsi, Roman Nəsirov nümunəsində bir daha öz təsdiqini tapır. Nəsirovun müavini Konstantin Likarçuk bir gün gözlərini yumub ağzını açır Nəsirova qarşı. Mətbuata xəbər ötürür ki, ay-hay, yatıbsız fil qulağında, Nəsirovun Londondakı mal-mülklərindən xəbəriniz yoxdu. Guya Roman qardaşımızın orda Flat 5,3 Limeharbour, London, Е14 9LS ünvanında dəbdəbəli çox otaqlı mənzili var. Likarçuk bu məxfi xəbərləri mətbuata ötürdükdən sonra sakitləşmir. Əlavə olaraq qeyd edir ki, 2014-cü ildə deputat seçilərkən Nəsirov bu əmlakını vergi deklarasiyasında göstərməyib. Bu səbəbdən rəsmi dövlət strukturlarında vəzifə sahibi ola bilməz.

İttihamlara cavab olaraq, Roman Nəsirov təcili olaraq Kiyev telekanalları arasında öz populyarlığı ilə seçilən “Şuster LİVE” şousuna qatılır. Verdiyi müsahibədə iddia edir bəs bütün bunlar ağ yalandı, vəssalam. Bəs mən təmizəm. Göz yaşı kimi şəffafam.

Sonrakı dramatik hadisələr zamanı jurnalistlər ona bax bu son cümləni dəfələrlə xatırladacaq. Kinayə ilə onu sağa-sola çox halladacaqlar.

***

Mövzu, öz amansızlığı ilə seçilən Ukrayna mediasında lap şişəcək. “Nəsirov gizlinləri”ni növbəti dəfə Britaniya Daşınmaz Əmlak Reyestr ələ verəcək. Bəlli olacaq ki, bəs ata-bala Nəsirovlar 2005-ci ildə Londonda “Nasirov LLP” şirkətini qeydiyyatdan keçirərkən Londonun Lennoks Roud küçəsindəki bu mənzillərini ünvan olaraq göstəriblər. Həmin küçədəki “Folloufild” binasında yerləşən bu 22 saylı mənzilin dəyəri indi 240 min funt sterlinqdir.

Bəlli olur ki, ay dadi-bidad, Nəsirov bax bu mənzilini də rəsmi sənədlərdə göstərməyib. Vergilərdən yayınıb.
Ukrayna qanunlarına görə sədr öz müavinini özbaşına işdən qova bilməz. Nazirlər Kabinetinin müvafiq razılığı olmadan bu barədə düşünməyə belə dəyməz heç. Nəsirovun görünür “yuxarılarda” çox ciddi havadarları varmış. 7 sentyabr 2015-ci ildə bu pərdəarxası qüvvələr Nəsirovun xeyrinə qərar qəbul edərək Konstantin Likarçuku vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edirlər. İti qovan kimi qovurlar onu tutduğu məsul vəzifəsindən.

***

Roman Nasırov, tez-tez pərt vəziyyətə düşməyi ilə yadda qalıb həm də Ukrayna jurnalistləri arasında. Misal üçün, 2013-cü ilin ilıq baharı zamanı Kiyevə məşhur Gürcüstan oliqarxı Kaxa Bendukidze qonaq gəlir. Yerli biznes elitasıyla görüş təmtəraqlı “Forbes” klubunda keçirildiyi zaman bir cırtqoz biznesmen yerində dinc oturmağı bacarmır. Yerindən dik yuxarı atılaraq Benukidzeyə sual verir ki, bəs Ukraynada vergilər çox aşağıdı, Gürcüstanda da vəziyyət belədi?

Çoxbilmiş, ağır çəkili Kaxo özünü itirmir qətiyyən. Sualı, təcrübəli adam kimi, sualla cavablandırır.

Deyir “sizdə dəqiq miqdarı nə qədərdi bu vergilərin?”

Cırtqoz oğlan yerində quruyub qalır. Bilmir nə cavab versin bu suala.

Roman Nəsirov vəzifə başına keçdikdən sonra jurnalistlər həmin kadrları arxivlərdən çıxarıb mass-media səhifələrinə ötürürlər. Deyirlər kül olsun Ukrayna gömrükçülərinin, vergi işçilərinin başına. Kadrlardakı cırtqoz gənc Roman Nəsirovdu. İndi bu cırtqoz oğlan ölkənin baş gömrükçüsü, vergi mütəxəssisi vəzifəsində çalışır.

***

Ukraynada dövlətdən asılı olmayan tam müstəqil Milli Antikorrupsiya Bürosu olmasa, Roman Nəsirov bəlkə indiyədək öz vəzifə kürsüsündə əyləşərdi. Ukrayna demokratiyasının qazandığı bu ən ciddi qurum bir gün tənbəllik eləmədən yapışır Nəsirovun yaxasından. Day bir də buraxmır. Əvvəl ona sual verir ki, niyə 67 namizədin içindən məhz səni Petro Poroşenko, Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinə layiq görüb?

Ukrayna Milli Antikorrupsiya Bürosunun 70 dedektivi sonra bir ağızdan Nəsirovun ünvanına daha bir ciddi ittiham irəli sürürlər: “Niyə sən Aleksandr Onişenko və digər şübhəli şəxslərin xeyrinə qərarlar qəbul edibsən? Vergi ödəmələrində güzəştlərə gedibsən, hə?

3 mart 2017-ci ildə həmin dedektivlər Nəsirovun kabinetinə daxil olaraq başlayırlar axtarışa. Petro Poroşenko anında başa düşür ki, vəziyyət ruscadır. Jurnalistlərin suallarına dövrü mətbuatda deyil, öz tvitter səhifəsində cavab verir o: “Milli Antikorrupsiya Bürosu tam müstəqil qurumdu. İşinə müdaxilə etmirik”.

Sonra mətbuatda Roman Nəsirovun 5084080 saylı Britaniya pasportunun əksi nəşr olunur. Sonra mövzunu gözünə onun Macarıstan pasportu da qatılır. Bəlli olur ki, o, 5 iyun 2014-cü ildən həm də Macar vətəndaşıdır.

Nəsirov buna kinayə ilə cavab verir öz növbəsində - “Mən, həm də İsrail, eləcə də...eləcə də Azərbaycan vətəndaşıyam”.

***

Ukrayna qanun məcəlləsi ikili vətəndaşlığı qəti qəbul etmir. Oliqarx İqor Kolomoyskiyə oxşar ittihamlar irəli sürüldüyü vaxt ö, özünü itirməyib. Əksinə, öz hazırcavablığı ilə bütün Ukraynanı güldürüb. Deyib, razıyam, bəli, ikili vətəndaşlıq bizdə yasaqdı. Ancaq mən ikili vətəndaş deyiləm. Beş-altı ölkənin vətəndaşıyam. Beş-altı ölkə vətəndaşı olmaq isə qanun məcəlləsi ilə qadağan deyil.

***

Deyəsən məhkəmə ittihamlarına Roman Nəsirov da oxşar cavab verəcək. Görərsiniz. Mən sağ, siz salamat.
HƏMİD HERİSÇİ \\musavat.com\\