BolgeXeber.Com » Ölkə » Əkbər Hacıyev rəsmi ittihamı ŞƏXSİ MƏSƏLƏ hesab edir? - “Bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur”

Əkbər Hacıyev rəsmi ittihamı ŞƏXSİ MƏSƏLƏ hesab edir? - “Bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur”

4-04-2017, 10:17
Oxunub: 2 472 Əkbər Hacıyev rəsmi ittihamı ŞƏXSİ MƏSƏLƏ hesab edir? - “Bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur”“Hərə ağzına gələni yazır. Mən onların nəyinə münasibət bildirməliyəm”

Gununsesi.info-ya belə bir açıqlama ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev çıxış edib.
O, mediada yazılanlara hər hansı bir şərh vermək istəmədiyini bildirib. Bununla belə, Ə.Hacıyevə nöqsanların audit şirkəti ilə yanaşı, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində də aşkar olunduğunu xatırlatdıqda, “Azəriqaz” rəhbərliyindən ilginc açıqlama gəldi.
Ə.Hacıyev dedi ki, dövlət qurumları tərəfindən yoxlama aparılırsa, bu, aidiyyatı qurumlarla “Azəriqaz” arasında olan məsələdir:
“Bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur”.
Xatırladaq ki, Hesablama Palatası “Azəriqaz” İB-də apardığı yoxlamalar nəticəsində müəyyən edib ki, Dövlət Proqramları çərçivəsində aparılan qazlaşdırma prosesində dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.
Qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, o cümlədən qaz təsərrüfatı şəbəkəsinin əsaslı surətdə yenilənməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, Birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4%, 2015-ci ildə isə 14% təşkil edib.
Bir sıra hallarda dövlət büdcəsinin vəsaiti hesabına nizamnamə kapitalının artırılmasına aid edilmiş məbləğ üzrə ƏDV məbləği əvəzləşdirilməsi hallarına yol verilib, Dövlət Neft Şirkətinin Baş ofisi tərəfindən Birliyə qaytarılmaq şərti ilə ayrılmış maliyyə yardımlarının sonradan borc kimi geri alınması ayrıca sənədlə rəsmiləşdirilməyib.
Bundan əlavə, qazın topdan alışı, nəqli və pərakəndə satışı prosesində bəzi hallarda mərkəzləşdirilmiş qaydada iqtisadi nəticəliliyi tam əsaslandırılmayan idarəetmə qərarlarının qəbul edilməsi halları, o cümlədən nəqliyyat xidmətlərinə olan tələbatın təsərrüfat daxili əsaslarla deyil, sifarişçilər əsasında (icarəyə götürülməklə) reallaşdırılması, təbii qazın topdanalışı və nəqli prosesində iştirakçı qismində üçüncü hüquqi şəxsin cəlb edilməsi, Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi, və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.
“Ernst and Young” audit şirkəti isə apardığı monitorinqə görə, 2015-ci ildə ümumi qaz itkilər 700.8mln. m3 təşkil edir. 691 min çox abunəçinin borclu olduğu halda, 80 faizinə qaz verilişi dayandırılmır. Debutor borcların illik ortalama həcmi 200 milyon manat ətrafındadır. Dövlət satınalmalarında tender qaydalarının şəffaf olmaması, təklif edilən qiymətlərin orta bazar qiymətlərindən 20 faiz baha olması aşkar edilib.