BolgeXeber.Com » Ölkə » “Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video

“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video

5-04-2017, 10:10
Oxunub: 8 722 “Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, VideoSatıcılar bunu “uğursuz piar kampaniyası” adlandırdılar

Ticarət mərkəzi əl dəyişdirib, yeni sahibi isə hələ mağaza sahibləri ilə danışığa başlamayıb

Ötən həftə mediada məlumat yayıldı ki, Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib. Məlumata görə, iki həftə öncə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır. Satıcılar deyiblər ki, ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər.
Məlumatın ən diqqətçəkən tərəfi isə ondan ibarət idi ki, sözügedən dəyişiklik mağazalarda 90 faiz endirimlə nəticələnəcək. Hər halda, informasiyalarda bu, yayılmışdı və qeyd olunurdu ki, bu, yeni rəhbərliyin gəlişinə görə verilən qərardır.

“Yeni Müsavat” bu xəbərin izi ilə “Baku Outlet Park” Ticarət Mərkəzində oldu. Öncədən bildirək ki, bu məkan hər zaman müştərilərinin sayının azlığı ilə seçilib. Dəfələrlə sözügedən ticarət mərkəzində olmuş biri kimi deyə bilərəm ki, bura gələn müştəridə məkanın onun “şərəfinə” qapadılması kimi bir hiss yaranır. Çünki iri mağazalarda dəqiqələr boyunca başqa müştərinin olmaması, satıcıların eyzən səninlə maraqlanması klassik haldır. Mağazaların şüşələrinin üstündə isə hər zaman 60-70 faiz endirim yazılarına rast gəlmək mümkündür. Bəs bu dəfə durum necədir? Endirim həqiqətən 90 faizə qədər artıbmı? Ticarət mərkəzinin yeni sahibi ilə mağaza sahibləri arasında hansı danışıq baş verib? İcarə haqları, şərtlər dəyişib, ya...?


Əksər reportajlar zamanı qarşılaşdığımız mənzərə “Baku Outlet Park”dan da yan keçmədi. Mağaza satıcıları əsasən adlarını demədən, səslərinin və görüntülərinin yayılmasına icazə vermədən, bilgilərini bizimlə bölüşdülər. Onlardan biri bildirdi ki, ötən həftə yeni nəqliyyat naziri yanındakı bir şəxslə ticarət mərkəzini dolaşıb. Satıcılara həmin şəxsin ticarət mərkəzinin yeni rəhbəri olduğu bildirilib. Amma yeni şərtlər barədə hər hansı məlumat verilməyib. Bununla yanaşı, satıcılar öz narahatlıqlarını da bildirdilər. Çünki yeni rəhbərliklə paralel yeni şərtlər də qüvvəyə minə bilər ki, bu da onlara əlavə problem yaradacaq.


Daha bir narazılıq doğuran məqam isə 90 faizlik endirimlə bağlı yayılan söhbətlər idi. Adının çəkilməsini istəməyən satıcılardan biri bunu “uğursuz piar kampaniyası” adlandırdı. Dedi ki, həmin informasiyanın yayılmasından sonra alıcılar onlara tez-tez zəng edib, bu informasiyanın həqiqiliyini dəqiqləşdirməyə çalışırlar: “Bizdə onsuz da mallar ucuzdur. Bundan artıq necə endirim edək ki? Yəqin ki, kimsə bura diqqət çəkmək üçün 90 faizlik endirim söhbətini ortaya atıb. Amma uğursuz reklamdır. Altını biz satıcılar çəkirik”.
Satıcılar arasında bu söhbəti yayanlar da oldu ki, bir neçə ay icarə haqqını verə bilməyənlərin borcu silinəcək. Onlar bunu yeni rəhbərliyin vədi kimi qələmə verdilər. Amma kamera və diktofonumuza danışan satıcılar bu informasiyalardan daha çox ticarət mərkəzində alverin güclü olması, mağazaların bağlanacağı, yeni icarədarlara veriləcəyi ilə bağlı informasiyaları təkzib etdilər. Səbinə adlı xanım satıcı bildirdi ki, çalışdığı geyim mağazasında endirimlər hər zaman olub. Amma 90 faizlik endirim vədi şayiədən başqa bir şey deyil. O, bütün müştəriləri yeni kolleksiyaları almaq üçün mağazalarına dəvət etdi.


Fərid adlı mağaza meneceri isə onlarda endirimin 90 faiz olmadığını dedi. Bildirdiyinə görə, “Baku Outlet Park” mağazalarında endirimlər hər zaman 50-60 faiz civarında olub, amma bunun 90 faizə çatacağı inandırıcı deyil.
Reportaj zamanı nəzərimizi cəlb edən daha bir məqam isə buradakı əksər mağazaların boş olması idi. Amma olduqca iri sahəni əhatə edən bir obyektdə təmir işləri yekunlaşmış və mağazaya rəflər düzülmüşdü. Satıcıların bildirdiyinə görə, yaxın günlərdə burada iri marketlər şəbəkələrindən birinin filialı açılacaq.


Bakı avtovağzal kompleksindəki “Outlet park” 2011-ci ildən fəaliyyətə başlayıb. O vaxt ölkə mətbuatı yazdı ki, yeni ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Nazir isə bu faktı nə təsdiq, nə də ki, təkzib etdi.
Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən "Zara”, "H&M”, "Pull&bear”, "Bershka”, "Stradivarius”, "Adidas”, "Nike”, "Reebok”, "Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə müştərilərə təqdim olunur.


Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə edə etmək olur.

Sevinc TELMANQIZI

“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video
“Baku Outlet Park”da 90 faizlik endirim söhbəti yalan çıxdı - Fotolar, Video