BolgeXeber.Com » Gündəm » Təmir-Tikinti idarəsinin müdiri başqalarının adına maaş kartı açdıraraq pulları mənimsəyir - ARAŞDIRMA

Təmir-Tikinti idarəsinin müdiri başqalarının adına maaş kartı açdıraraq pulları mənimsəyir - ARAŞDIRMA

12-04-2017, 12:11
Oxunub: 4 309 Təmir-Tikinti idarəsinin müdiri başqalarının adına maaş kartı açdıraraq pulları mənimsəyir - ARAŞDIRMA"Elbrus Səfərov mənimsədiyi pullar hesabına Bakı şəhərində özünə böyük bir villa da tikdirib"

Redaksiyamıza Laçın rayonunda fəaliyyət göstərən Təmir-Tikinti idarəsinin müdiri Elbrus Səfərovun adı keçən korrupsiya faktları haqda məlumat daxil olub.
Şikayətçi Ruslan(soyadının keçməsini istəmədi red.) bildirir ki, Laçın rayonunda bir çox idarə və müəssisə rəhbərləri özbaşınalıq nümayiş etdirsələr də, bunların arasında ən çox özünə güvənən Təmir-Tikinti idarəsinin müdiri Elbrus Səfərovdur.
Onun bu özgüvəninin haradan qaynaqlandığını rayonda heç kəs bilmir.
Belə ki, Elbrus Səfərov rayonun savadsız sakinlərinin şəxsiyyət vəsiqəsinin üzünü müxtəlif yollarla əldə edərək, onların adına bank hesabları açır və yazılan maaşları özü götürür. İndiyə qədər o, müdiri olduğu idarədə bir çox sakinin adına aylıq 500 AZN-lik əməkhaqqı kartları açdıraraq, həmin pulları mənimsəyib.

Şikayətçi bildirib ki, bu hadisə yalnız onun ətrafındakı insanların yox, onun öz başına da gəlib. Həmin hadisənin üstü isə Ruslan bəy sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət edəndə açılıb:
"Bizim ailənin maddi durumu aşağı səviyyədədir. Buna görə də sosial yardım almaq üçün müraciət edəndə, sənədlərdə mənim işimin olduğu ortaya çıxdı. Halbuki həmin günə qədər mənim bundan xəbərim yox idi. Bununla bağlı Elbrus Səfərov ilə danışdım. O isə məni ölümlə hədələdi, heç kəsdən qorxmadığını dedi."- deyə Ruslan bəy bildirib.
Hətta Elbrus Səfərov mənimsədiyi pullar hesabına Bakı şəhərində özünə böyük bir villa da tikdirib.
Elbrus Səfərovun korrupsiya əməliyyatları bununla da yekunlaşmır. Aldığımız məlumatlar arasında Laçın rayon 23 saylı tam orta məktəbin direktoru Sədaqət Səfərovanın Elbrus Səfərovun həyat yoldaşı olduğu və onun da direktoru olduğu məktəbdə müəyyən məbləğ qarşılığında diplomsuz müəllimləri işə götürdüyü əks olunub.
İddiaların nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Elbrus Sərəfov ilə əlaqə saxladıq. E.Səfərov bildirdi ki, bütün bunlar böhtandır:
"Birincisi bizim idarədə maaşlar kart sistemi ilə verilməyib heç vaxt. Ruslan bəy isə iki il bundan əvvəl bizim idarədə işləyib. Sadəcə olaraq, o işdən çıxandan sonra müqavilənin qüvvədən salınması prosesi bir az gecikdi. Ona görə də rəsmi sənədlərdə həmin şəxsin işlədiyi qeyd olunub.
Qaldı ki həyat yoldaşımın direktoru olduğu məktəbdə rüşvət qarşılığında işə müəllim götürməsinə, bu, mümkün deyil. Hamı yaxşı bilir ki, diplomsuz kimisə işə götürmək olmaz."- deyə Elbrus Səfərov bildirdi.
E.Səfərov həmçinin sözügedən idarənin fəaliyyətinin 8 ay əvvəl dayandırıldığını qeyd etdi.
Bolgexeber.com