BolgeXeber.Com » Gündəm » Masallı DYP-nin baş inspektorundan Baş Prokurorluğa şikayət edən 2-ci qrup əlilə cavab gəldi: "Müraciət araşdırılır"

Masallı DYP-nin baş inspektorundan Baş Prokurorluğa şikayət edən 2-ci qrup əlilə cavab gəldi: "Müraciət araşdırılır"

10-04-2017, 14:44
Oxunub: 6 238 Masallı DYP-nin baş inspektorundan Baş Prokurorluğa şikayət edən 2-ci qrup əlilə cavab gəldi: "Müraciət araşdırılır""Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı"

Bir neçə gün əvvəl saytımızda yayımladığımız Masallı rayonunda ikinci qrup əlil vətəndaşla Masallı Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov arasında yaşanan münaqişə geniş müzakirəyə səbəb olmuşdu.

Belə ki, şikayətçi Rüstəm Qasımov Masallı DYP-nin baş inspektoru Şəmşir Kərimov tərəfindən saxlanılaraq, fiziki təzyiqə məruz qalmışdı.
Maşının pəncələrindən tünd rəngli pərdə asdığına görə saxlanılan Rüstəm Qasımov bildirib ki, əgər saxlanma səbəbim budursa, elə yerindəcə protokal tərtib etmək olardı, mən də gedib cəzasını ödəyərdim:
"Amma Şəmşir Kərimov məni maşından salmaq üçün nalayiq ifadələr belə işlətdi."
Məsələ ilə bağlı Rüstəm Qasımovun vəkili Qanqa İbrahimov ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, bizim əsas tələbimiz vəzifəsini düzgün icra edə bilməyən şəxsin cəzalandırılmasıdır:
"Bu gün Rüstəm Qasımovun səhhətində yaranmış problemlərlə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkim yoxlamalarından sonra məlum oldu ki, Şəmşir Kərimovun tətbiq etdiyi fiziki güc nəticəsində Rüstəm Qasımovun sol qarın və sol ayağın baldır nahiyyəsində sıyrıq izləri ortaya çıxdı. Bundan əlavə, bel nahiyyəsində vaxtilə əməliyyat olunmuş tərəfdə şiş əmələ gəlib.
Bütün bunlar vəzifə icrasının qeyri-peşəkarlığından qaynaqlanır. Məsələ ilə bağlı bütün aidiyyati qurumlara müraciət olunub. Artıq prokurorluq orqanlarına göndəriləcək müraciətlər də hazırlanıb və gün ərzində göndəriləcək." - deyə Qanqa İbrahimov bildirmişdi.
Xatırladaq ki, keçən yazımızda həmçinin bildilirdi ki: “Şikayətçi Rüstəm Qasımovun idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobilin pəncərələrindən tünd rəngli pərdə asdığına görə yol polisi əməkdaşları tərəfindən saxlanmışdı. Bu zaman baş inspektor, polis kapitanı Şəmşir Kərimov sürücüyə yanına gəlməyi əmr edib:
"Maşında oturmuşdum. Mənə dedi ki, tez maşından düş qaçaraq yanıma gəl. Mən də soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşib özü mənə yaxınlaşdı. Maşının qarşısına keçib yerə düşməyimi tələb etdi. Mən soruşdum ki, axı niyə düşməliyəm, hansı qaydanı pozmuşam? Heç nə demədən başqa bir inspektora göstəriş verdi ki, onun sənədlərini al. Həmin inspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri istədi. Sonra isə əlini pəncərədən salıb qapını açdı. Bu zaman hamının "Şəmi" kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı. Uzun sürən münaqişədən sonra maşını cərimə meydançasına aparılması ilə bağlı göstəriş verdi. Halbuki pərdələri elə yerindəcə çıxarmaq və bununla bağlı cərimə protokolu tərtib etmək olardı. Mən də gedib ödəyərdim."- deyə Rüstəm Qasımov bildirib.
Redaksiyamıza digər bir Masallı sakini Mircavad Əzizov tərəfindən şikayəti də daxil olub.
Belə ki, Mircavad Əzizov da baş inspektor Şəmşir Kərimovun "əlinə keçib" və bu işdən ziyansız qurtula bilməyib.
Şikayətçi bildirir ki, onun saxlanılmasına əsas səbəb kimi idarə etdiyi "VAZ 21-07" markalı, 44-BZ-430 dövlət nömrə nişanlı avtomobilin arxa təkərlərinin "purjunlarının" kəsdirməsi göstərilib.
Mircavad Əzizov da Rüstəm Qasımov kimi "Şəmi" kimi tanına baş inspektor ilə problemlər yaşayıb və onun da maşını cərimə meydançasına aparılıb.
Bu hadisədən sonra şikayətçi "Nuran Avtoservis" MMC-ə müraciət edib və kəsilən purjunların qanunda qeyd olunan qədər kəsildiyi rəsmi sənədlərdə öz əksini tapıb.
Bildirək ki, hər iki şikayətçi baş inspektorun qanunsuz əməllərinin qarşısının alınması üçün prezident İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıblar. Onlar bu məsələnin tezliklə həll olunacağına ümid edirlər:
"Biz cənab prezident İlham Əliyevin və daxili işlər naziri Ramil Usubovun diqqət və qayğısının indiyə qədər şahidi olmuşuq. Bizim başımıza gələn bu xoşagəlməz hadisənin də aydınlığa qovuşmasında onların köməyinə ehtiyacımız var və biz inanırıq ki, şikayətimizlə bağlı aidiyyati qurumlara müvafiq tapşırıqlar veriləcək. Vəzifəsindən sui-istifadə edib vətəndaşları incidən vəzifə sahibləri mütləq cəzalandırılacaq. Biz ölkəmizdəki demokratiyaya və insan hüquqlarının qorunmasına necə diqqət göstərildiyini bilirik və inanırıq."- deyə şikayətçilər bildiriblər.

Redaksiyamıza daxil olan daha bir ilginc məlumat isə avtomobilinə pərdə çəkən sürücülərin avtomobilini cərimə meydançasına aparan baş inspektor Şəmşir Kərimovun aprelin 1-də Bakı istiqamətində idarə etdiyi 44-BC-999 dövlət nömrə nişanlı "Mersedes"in şüşələrinə çəkilmiş pərdədir.
Şəmşir Kərimov vətəndaşlarla danışığında hörmətsizlik nümayiş etdirməsi bir yana qalsın, qanunların ziddinə gedərək özü avtomobilinə pərdə çəkdirib. Görünür, o, qaydaların yalnız sadə vətəndaşlara şamil olduğunu düşünür, yoxsa belə etməzdi.
"Bölgə TV" əməkdaşları məsələ ilə bağlı BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənib.
Kamran Əliyev bildirib ki, bu məsələdən xəbərimiz var və bu istiqamətdə araşdırmalar aparılır”.(Bolgexeber.com)

Bu gün isə Bölgə TV ilə əlaqə saxlayan şikayətçi Rüstəm Qasımov əməkdaşımıza bildirdi ki, məsələ ilə bağlı onu Masallı rayon Polis Şöbəsinə çağırıblar.Lakin təəcüblü odur ki,polis şöbəsində ona bildiriblər ki, Şəmşir Kərimov ondan şikayətçidir və guya o baş inspektora əl qaldırmış, xəsarət yetirmişdir. Halbuki əslində tam əksi baş verib. Rüstəm Qasımov əməkdaşımıza açıqlmasında bildirdi ki,sadəcə Şəmşir Kərimov etdiyi qanunsuzluğu etiraf etmək əvəzinə şər-böhran atmaq yolunu tutub və elə bilir ki,bununla məqsədinə çatacaq.
”Lakin baş inspektorun özbağınalığı ilə bağlı mən artıq baş prokuror Zakir Qaralova müraciət etmişəm. İnanıram ki, mənim haqlı şikayətim obyektiv prokurorluq tərəfindən araşdırılacaq ,qanunun aliliyi təmin olunacaq və Şəmşir Kərimov öz layiqli cəzasına catacaq” ,- Rüstəm Qasımov qeyd etdi.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Eldar Sultanov ilə əlaqə saxladıq. Eldar Sultanov bildirdi ki, həmin müraciət hal-hazırda araşdırılır:
"Araşdırma prosesi başa çatdıqdan sonra nəticə ilə bağlı təfərrüatlı açıqlama tərəfimizdən veriləcək" - deyə Eldar Sultanov bildirdi.

Şəmşir Kərimovun Bakı istiqamətində hərəkət etdiyi zaman lentə alınmış videonu da sizə təqdim edirik:
Bolgexeber.com