BolgeXeber.Com » Müsahibə-Reportaj » Fəzail Ağamalı Mövsüm Səmədovdan danışdı

Fəzail Ağamalı Mövsüm Səmədovdan danışdı

14-01-2011, 11:05
Oxunub: 5 577
“Azərbaycanda bəzi radikal islamçı qüvvələr konstitusion quruluşa təhdidlər törətməyə cəhd edirlər”.

“Bolgexeber” bildirir ki, bunu Trend-ə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib: “Hicabın orta məktəblərdə qadağan olunmasından sonra dindarlar etirazlarını bildirməyə səy göstərdilər. Bu məsələnin qarşısı müvafiq qurumlar tərəfindən alındı. Dövlət də birmənalı mövqeyini ortalığa qoydu ki, Azərbaycan dünyəvi dövlətdir. Bu, insan hüquqları ilə bağlı məsələ deyil. Çünki onlar şagirdlərdir və onların 18 yaşı tamam olmayıb”.

Millət vəkili hesab edir ki, Azərbaycan İslam Partiyasının bəyanatı da onların niyyətini açıq şəkildə ifadə edib: “Həmin bəyanatda müəyyən elementlər var idi ki, bu elementlər Azərbaycanın konstitusion quruluşuna təhdid idi və bunun arxasında müəyyən xarici qüvvələr dayanır. Azərbaycanda istənilən vətəndaşın bu məsələyə münasibətini soruşsan, o deyəcək ki, bu şeylərin arxasında xarici qüvvələr dayanır. Heç kimə sirr deyil ki, AİP-i təşkilatlandıran, onu qidalandıran, mayalandıran da müəyyən xarici dairələrdir”.

Millət vəkilinin sözlərinə görə, həmin xarici qüvvələr Azərbaycada islam dövləti yaratmağa səylər göstərirlər və bu onların strateji maraqlarıdır: “Bu maraqları da yerlərdə dindarların əli ilə həyata keçirməyə çalışırlar. Onlar çox böyük yanlışlığa yol verirlər. Çünki bu gün Azərbaycan kifayət qədər güclü dövlətdir. Azərbaycan dövləti ona qarşı, onun konstitusion quruluşuna qarşı təhdidlərə qanun çərçivəsində öz gücünü göstərməyə kifayət qədər qadirdir”.

Ağamalı bildirib ki, AİP sədri Movsüm Səmədovun kifayət qədər radikal və Azərbaycanın konstitusion quruluşuna qarşı çıxışı bütün cəmiyyətdə narazılıqla qarşılanıb: “Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsindən də narazılıqlar gəldi. Araşdırma nəticəsində müəyyən olundu ki, onların evlərində silah-sursat saxlanılır”.

Partiya sədri AİP-in haradan maliyyələşdiyinin də sual doğurduğunu deyib: “Sual olunur ki, AİP-in imkanları haradandı, nədəndi? Biz də bir partiyanın sədriyik. Dövlət tərəfindən maliyələşməyən partiyanı yaşatmaq çox çətindir. Bunların cangüdənləri, ofisləri hardandı? Hansı pul ilə, hansı vəsaitlə bu partiyanı yaşadırlar?”.