BolgeXeber.Com » Siyasət » Türkiyədə mübarizə qızışır: CHP nəticələrin ləğvini tələb edir

Türkiyədə mübarizə qızışır: CHP nəticələrin ləğvini tələb edir

19-04-2017, 09:20
Oxunub: 2 948 Türkiyədə mübarizə qızışır: CHP nəticələrin ləğvini tələb edir ATƏT referenduma mənfi qiymət verdi, Ərdoğan isə “yerini bil” dedi; Azərbaycan müxalifəti proseslərdən narahatdır

Aprelin 16-da Türkiyədə keçirilən referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qayıtması gündəmə gəlib. AKP parlament qrupunun həmsədri Mustafa Elitaş bildirib ki, Ərdoğan konstitusiyaya edilən dəyişikliklərə əsasən, qurucusu olduğu partiyaya qayıdacaq: “26-27 aprelə kimi yekun nəticələr açıqlanarsa, dərhal partiyamızı şərəfləndirməsi üçün ölkə başçısına dəvət göndərəcəyik. Ərdoğanın AKP-yə dönməsindən şərəf və qürur duyuruq”. O, Ərdoğanın yenidən sədr seçilməsi üçün qurultayın keçiriləcəyini istisna etməyib.

Referendumdan sonrakı üç ay üçün Türkiyə hökuməti fövqəladə vəziyyəti uzadır. Baş nazirin müavini Numan Kurtulmuş bildirib ki, Nazirlər Kabineti müvafiq qərarı Milli Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən qəbul edib. 2016-cı ildə baş vermiş çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyətin müddəti artıq bir neçə dəfədir ki, uzadılır.


Türkiyənin bir sıra şəhər və qəsəbələrində isə konstitusiya dəyişikliyinə qarşı etiraz aksiyaları başlayıb. Türkiyə mediasının xəbərlərinə görə, minlərlə şəhər sakini İstanbulun Beşiktaş bölgəsinə toplaşıb. Daha 2 min nəfər isə Kadıköydə onlara dəstək verib. Aksiyaçılar əllərindəki “Yox” şüarları ilə Yüksək Seçim Kurulunun (YSK) binasına qarşı irəliləyiblər. Aksiyaçılar ölkədə konstitusiya dəyişikliyinə yol verilməyəcəyini bildirərək tək adam hakimiyyətinin ölkəni uçuruma aparacağını bildiriblər. Aksiyalar ölkənin cənub-şərqində də keçirilib.




Ana müxalifət partiyası olan CHP isə referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı YSK-ya rəsmi müraciət edib. Partiya sədrinin köməkçisi Bülent Tezcan deyib ki, CHP-nin ləğvlə bağlı tələbinin əsasında 2,5 milyon möhürsüz bülletenin etibarlı sayılması dayanır. Partiyadan bildirilib ki, ilk etapda nəticələr ləğv edilməsə, Ali Məhkəməyə və Avropa Məhkəməsinə müraciət edəcəklər.


Bu arada bəlli olub ki, ABŞ prezidenti Donald Tramp Ərdoğana zəng edərək onu qələbə münasibətilə təbrik edib. “The Guardian” yazır ki, Trampın təbriki nəinki Avropa təsisatlarının referendum barədə ilkin rəyləri, hətta ABŞ-ın öz Dövlət Departamentinin bəyanatı ilə ziddiyyət təşkil edir. ABŞ Dövlət Departamentinin hesabatında Ərdoğana vətəndaşların təməl haqlarına hörmət göstərilməsi üçün çağırış edilir, təşviqat kampaniyası ərzində baş vermiş bir sıra pozuntulardan bəhs olunurdu.


Avropa liderləri isə Türkiyə referendumunun ardınca bu ölkədə demokratiyanın gələcəyindən narahatlıq ifadə ediblər. Onlardan bəziləri ehtiyatla, bəziləri isə açıq şəkildə referendumun keçirilməsi tərzindən və nəticəsindən xoşlanmadıqlarını bildiriblər.


Avstriya kansleri Kristian Kern deyib ki, bu referendumla Türkiyənin Avropa İttifaqına üzvlük arzuları dəfn olunub.


ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu isə referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib. ATƏT-in Müşahidə Missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda deyilir ki, referendum ərəfəsində aparılan təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb: “Referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması və mümkün mənfi effektlərə dair ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib. Ümumilikdə referendum Avropa Şurası standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivə əsl demokratik prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi”.




Müşahidə missiyası hesab edir ki, referendum ərəfəsində ölkədəki durum, ilk növbədə qüvvədə olan fövqəladə vəziyyət mediada siyasi partiyaların mövqeyinin bitərəf işıqlandırılmasına yol açmayıb və hakim partiyaya üstünlük verilib. Ərdoğan isə bildirib ki, ATƏT öz yerini bilməlidir: “Birincisi, öz yerinizi bilin! Biz sizin siyasi baxımdan əsaslandırılmış hesabatlarınıza qulaq asan deyilik”, - deyə agentlik Ərdoğanın sözlərini sitat gətirib.


Azərbaycanın tanınmış müxalifət partiyalarının sədrləri də Türkiyədə keçirilən referendumun nəticələri ilə bağlı açıqlamalar veriblər.


KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Türkiyə bizim üçün sıradan bir dövlət olmadığı, İslam dünyasını demokratik cəhətdən təmsil eləyən ölkə olduğu üçün onun daxilində gedən proseslər şübhəsiz ki, bizi də maraqlandırır: “Bu baxımdan, Türkiyədə baş verənlər bizim də diqqət mərkəzimizdədir və baş verənlər bizi narahat edir. Əslində bu referendum Ərdoğan üçün qələbə ilə yekunlaşmadı. Bu, Ərdoğanın referendumdan sonra ilk çıxışından da görünürdü. Hər bir halda seçicinin səsinə, onun qərarına hörmət etmək lazımdır. Amma Türkiyənin gələcəyi üçün bunun fəsadları olacaq. Biz qardaş ölkədə arzuolunmaz hadisələri qətiyyən istəmirik. Türkiyənin bizim üçün xüsusi yeri var. Biz də istəyirdik ki, Türkiyəyə bənzəyək. Amma Türkiyəni Misirə, Əlcəzairə, Tunisə, İraqa, Liviyaya, İrana oxşatmağa çalışdılar. Dahi Atatürk deyirdi, ”sizə Cümhuriyyət yaraşır". İndiki siyasət isə deyir ki, “yox, türk dünyasına diktatura, krallıq yaraşır”. Şərqdə demokratiyanın nümunəsi idi Türkiyə. Düzdür, indi Türkiyənin daxilində başqa problemlər də var, terror, daxili qarşıdurma qardaş ölkənin ciddi problemidir. Amma bütün bunlar əsas vermirdi ki, Türkiyədə təkbaşına hakimiyyət sistemi olsun. Oldusa, öz seçimləridir, biz uzağı şərh verə bilərik".




M.Mirəlioğlu qeyd etdik ki, Türkiyəyə münasibətdə bir-biri ilə fərqli mövqelərdə olan siyasi qüvvələrin, əsasən də CHP, MHP-nin bir hissəsi və PKK-nın siyasi qanadı kimi tanınan HDP-nin sistem dəyişikliyində eyni mövqedən çıxış etməsinin özünəməxsus səbəbləri var: “Böyük şəhərlər İstanbul, Ankara, İzmir ”yox" dedi. Bu məqam çox mühüm məqamdır. Qeyd olunan qüvvələrin fikirləri sistem dəyişikliyi məsələsində üst-üstə düşsə də, məqsədlər əslində fərqlidir. Necə deyərlər, birinin davası din davasıdır, birinin davası dən davasıdır. Din davası ilə dən davasını ayırmaq lazımdır. Burada böyük əksəriyyət Türkiyənin sabahına görə səs verib. Türkiyəni bütövlüyünü nəzərə alaraq səs verib. Bölücülər isə öz davalarının sabahına səs veriblər. Yəni əslində bu məsələdə də mövqelərin üst-üstə düşməsi söhbəti yoxdur. Zahirən mövqelərin eyni olduğu görünür, mahiyyət etibarilə isə elə deyil. Hər kəs öz davasını aparır. Biri vətən, torpaq, bütövlük uğrunda dava aparır, o biri isə bu məsələdən sui-istifadə edir".


AXP sədri Pənah Hüseyn isə bildirdi ki, referendumun nəticələrinin necə olması türk xalqının daxili işidir və xalqın iradəsinin ifadəsinə hörmətlə yanaşmaq lazımdır: “Biz Türkiyənin maraq və mənafelərinə öz dövlətimizin və xalqımızın maraq və mənafeləri kimi həssas yanaşırıq. O baxımdan, son proseslərin Türkiyənin möhkəmlənməsinə, daha müasir demokratik dövlətə çevrilməsinə xidmət eləməsini arzu edirik. Bizim üçün referendumun nəticələrindən başqa, səsvermənin demokratik olması, seçkiyə dövlət tərəfindən müdaxilə olmaması məsələsi də böyük əhəmiyyətə malikdir. Səsvermələrin demokratik olması olduqca mühüm əhəmiyyətə malikdir. Arzu edirik ki, səsverməyə qarşı irəli sürülən iddiaların seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmadığı aşkara çıxsın. Daxildə və xaricdə bir sıra qüvvələr Türkiyəni vətəndaş müharibəsinə həddinə gətirib çıxarmağa çalışdığı müşahidə olunur. Biz tezliklə bu cür zərərli proseslərin aradan qaldırılmasını arzulayırıq”.


Ümid Partiyasının sədri İqbal Ağazadə isə yada saldı ki, rəsmi nəticələr 10 gün sonra elan olunacaq: “YSK-nın seçkinin gedişində verdiyi qərar da mübahisə doğurub, 1, 5 milyon bülletenin məsələsi dartışılmaqdadır, ATƏT-in rəyi mənfidir, daxildə kiçik də olsa etiraz aksiyaları başlayıb. İlkin olaraq deyə bilərik ki, bu referendum Türkiyə cəmiyyətini bütövləşdirmədi, əksinə, dərin bir uçurum yaratdı. Xüsusən iri şəhərlərdə ”yox" cavabının yüksək olması da onun göstəricisidir ki, növbəti mərhələ Türkiyə üçün sadə və rəvan olmayacaq. 2019-cu ildə qüvvəyə minəcək konstitusiya dəyişiklikləri nəticə etibarilə yeni hakimiyyətin formalaşmasının anonsunu indidən verir. Referendum öncəsi verilən vədləri qarşıdakı iki ildə yerinə yetirmək mümkün olmayacaq və artıq Türkiyə cəmiyyəti sadə təbliğata o qədər inamlı görünmür. Ona görə də hesab edirəm ki, bu referendum AKP-ni yeni illərə daşımadı. Bundan sonrakı seçkilərdə AKP indiyə qədər olan qələbələrini təkrarlaya bilməyəcək".


İ.Ağazadə vurğuladı ki, Şanlı Urfa istisna olmaqla, kürdlərin kompakt yaşadığı bütün şəhər və qəsəbələrdə “yox” cavabının üstün olması, HDP-nin prezidentli respublika üsul-idarəçiliyinə qarşı çıxmasının səbəbləri var: “HDP anlayır ki, parlamentli respublika idarəçiliyi olmasa, demokratiya olmasa, onların parlamentə girişi, siyasətlə məşğul olması mümkün deyil və daha çox silahlı mübarizə müstəvisi davam edəcək. Ona görə də onlar parlamentli üsul-idarəçiliyin saxlanmasında maraqlıdırlar. Gələcək siyasi fəaliyyətdə daha çox şeylər əldə etmələri üçün bu sistemin saxlanmasını istəyirlər”.
musavat.com