BolgeXeber.Com » Siyasət » Poroşenko: “Kreml imperiya keçmişinə aludə olub”

Poroşenko: “Kreml imperiya keçmişinə aludə olub”

19-04-2017, 17:24
Oxunub: 2 993 Poroşenko: “Kreml imperiya keçmişinə aludə olub”Ukrayna prezidenti Pyotr Poroşenko aprelin 19-u Londonda, “Chatham House” beynəlxalq münasibətlər institutunda çıxış edərək Rusiyanı sərt şəkildə pisləyib

Novator.az-ın məlumatına görə, Poroşenko deyib ki, Moskva yalnız dünya düzənini pozmur, həm də alternativ dəyərlərə söykənən başqa reallıq qurmağa çalışır: “Bu, demokratiya əvəzinə tiranlıq, hörmət əvəzinə dözümsüzlük reallığıdır”.

Poroşenko qeyd edib ki, Rusiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təsbit edən bütün ikitərəfli müqavilələri pozub: “Bu gün isə Rusiya Minsk prosesi çərçivəsində saysız-hesabsız vədlərini pozur. Atəşkəs qorunmur, girovlar, qanunsuz tutulmuş şəxslər azad edilmir, beynəlxalq humanitar təşkilatlar münaqişə ərazisinə buraxılmır. Bu işdə Rusiyadan başqa kimsə günahkar deyil. Rusiya Ukraynaya qoşun, ağır hərbi texnika və silah-sursat göndərməkdə davam edir, Krımı dünyanın ən böyük hərbi bazalarından birinə çevirir”.

Prezident deyib ki, Ukraynada sülhə nail olunmamasının bir səbəbi var: “Rusiya bunda maraqlı deyil. Çünki Kreml imperiya keçmişinə aludə olub. Rusiyanın hegemonluğa can atması Ukrayna ilə məhdudlaşmayacaq. Dünən bu hegemonluq Moldovada və Dnestryanıda, Gürcüstan, Abxaziya və Osetiyada özünü göstərirdi. Bu gün Suriyada və Ukraynada özünü göstərir. Növbədə kimdir?”

2013-cü ilin noyabr ayında Ukraynada hakimiyyət Avropa İttifaqı ilə inteqrasiya kursundan imtina edərək Rusiya ilə yaxınlaşmaq kursu götürüb. Bunun ardınca başlayan xalq hərəkatı 2014-cü ilin fevralında üsyana çevrilib və hakimiyyət dəyişib, Rusiyaya bağlı qüvvələri Qərbə yaxın qüvvələr əvəzləyib.

Rusiya cavab aksiyası kimi Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq 2014-cü ilin martında özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Ukrayna ərazisinin 7,2%-i işğal olunub, dövlət sərhədinin 409,7 kilometrinə nəzarət itirilib. Donbas bölgəsində silahlı münaqişə ərzində 10 minə yaxın adam həlak olub.

Bir neçə ildir ABŞ, Almaniya, Fransa, Rusiya və Ukrayna Donbas bölgəsində vəziyyəti sabitləşdirmək üçün danışıqlar aparır. Belarusun paytaxtı Minskdə başlamış bu sülh təşəbbüsü indiyədək heç bir nəticə verməyib.