BolgeXeber.Com » Ölkə » “Azərsun”un inhisar arzusu REALLAŞACAQMI?

“Azərsun”un inhisar arzusu REALLAŞACAQMI?

21-04-2017, 12:28
Oxunub: 2 397 “Azərsun”un inhisar arzusu REALLAŞACAQMI?Ötən ilin sentyabrında hökumət bir sıra məhsulların idxalına əlavə rüsumlar tətbiq edəndə bu addımın bəzi neqativ təsirlərinin də olacağı barədə qeyd etmişdim

Bildirmişdim ki, bu neqativ təsir ilk növbədə yerli istehsalı qorumaq baxımından mühüm əhəmiyyət daşıyan qərardan sonra monopolist meyllərin güclənməsi formasında meydana çıxa bilər.

Məsələ burasındadır ki, həmin vaxt hökumətin əlavə rüsumlar tətbiq etdiyi məhsullar üzrə Azərbaycanda çoxsaylı yerli istehsal müəssisələri, kifayət qədər normal rəqabət mühiti var. Məsələn, süd və süd məhsullarının timsalında görürük ki, belə şəraitdə yerli məhsulun keyfiyyət və süni qiymət artımı problemi demək olar ki, qabarmır. Yəni bazar və rəqabət mühiti bu amilləri özü tənzimləyir.
Qeyd etdiyimi neqativ təsir isə hökumətin yerli istehsalı qorumaq təşəbbüsündən ölkə bazarında böyük paya, hökumətə kifayət qədər təsir imkanlarına malik şirkətlərin sırf öz maraqları naminə yararlanmaq cəhdlərinin artması ola bilərdi…
Təəssüf ki, bu neqativ gözləntilərim özünü çox tezliklə doğrultdu. Ölkədə şəkər tozunun yeganə istehsalçısı olan “Azərsun Holding”in rəhbəri Abdolbari Gözəl qərardan 1 ay keçməmiş bəyan etdi ki, onlara bazarda tək rəqib olan Ukrayna məhsulunun ölkəyə idxalına əlavə rüsum tətbiq olunması xahişi ilə hökumətə müraciət ediblər.
Bir müddət öncə isə yenə bu şirkətin rəsmisi istehsal etdikləri bir neçə yerli məhsulun idxalına əlavə rüsum tətbiq olunması üçün hökumət və Dövlət Gömrük Komitəsinə müraciət etdiklərini bildirib.
Hələ ki, hökumət “Azərsun Holdinq”in ifrat monopolist marağından irəli gələn təklifinə müsbət cavab verməyib. Ümid edirəm ki, heç verməyəcək də - ən azı yaxın 1-2 il ərzində.
Çox sadə olan bir neçə səbəbdən: Əvvəla, “Azərsun”un istehsal etdiyi şəkər və şəkər tozunu yerli məhsul adlandırmaq qeyri-mümkündür. Çünki onun xammalının 90 faizdən çoxu xaricdən idxal olunur. Məhsulun maya dəyərində idxalın payı 73 faizdir. Bu halda, onu necə yerli məhsul adlandırmaq olar?
İkinci bir mühüm səbəb budur ki, Azərbaycanda şəkər tozunun tək istehsalçısı “Azərsun”dur. Tək – rəqibsiz istehsalçı - tək monopolist deməkdir. Bu halda qiyməti və keyfiyyəti bazar deyil, satıcı-monopolist təyin edəcək. Bir istehsalçıya məcbur qoyulan alıcının seçim imkanı olmayacaq, tək satıcı isə bu şəraitdən öz maraqları naminə bəhrələnib qiymətlə istədiyi kimi oynayacaq. Eyni zamanda rəqib olmadığı üçün keyfiyyətə də diqqət yetirməyəcək. Şəxsən bir istehlakçı kimi “Azərsun”un istehsal etdiyi şəkər tozunun keyfiyyətindən qətiyyən razı deyiləm və əlacsızlıq olmasa, alıb istifadə etmirəm. Bu rəydə olan yüzlərlə insan tanıyıram. Təsəvvür belə etmək istəmirəm ki, Ukraynadan şəkər tozu idxalına əlavə rüsum tətbiq edilərsə və “Azərsun” yeganə təchizatçıya çevrilərsə, keyfiyyət hansı səviyyədə olacaq…

İlham Əliyev: “Daxili istehsalçı sui-istifadə etməməlidir”

Qeyd edim ki, ölkə prezidenti bəzi məhsulların idxalına əlavə rüsumların tətbiq olunmasından danışarkən, yerli sahibkarların da nəzarətsiz buraxılmamasının vacibliyini önə çəkib, ötən ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışında bu məsələyə toxunub: “Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir.”
İnformasiya resurslarında axtarış apararkən diqqətimi şəkər və şəkər tozu istehsalına dair iki məlumat cəlb etdi. Belə ki, ötən ilin yanvarında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev bildirib ki, Azərbaycan şəkər və şəkərdən hazırlanan məhsullarla özünü 191 faiz təmin edir - İmişlidəki şəkər zavodunun hesabına: “Ancaq burada xaricdən 80 faiz asılılıq var. Xam şəkər xaricdən gətirilir. Ona görə çalışmalıyıq ki, bu xarici komponenti biz aşağı salaq. Bunun üçün nə lazımdır? Aydın məsələdir, daha çox şəkər çuğunduru əkilməlidir. Bu, həm iş yerləri yaradacaq, həm xarici amildən asılılıq aradan götürüləcək.”
Qeyd olunan proqramın icrasının 3-cü ildönümündə - yəni cari ilin yanvarında prezident yenə bu məsələyə toxunub: “Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.”
Göründüyü kimi, ölkənin şəkər və şəkər məhsulları ilə özünütəminetmə səviyyəsi 1 ildə 39 faiz azalıb. Bu halda sual yaranır ki, bu azalma nəyin hesabınadır – 1 ilin içində ölkənin şəkərə olan tələbatı bu qədər artıb, yoxsa yerli istehsal azalıb?

Rəqəmlərə diqqət yetirək: “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-dən verilən məlumata görə, İmişli Şəkər Zavodunda ötən il 391,8 min ton şəkər tozu istehsal edilib. 2015-ci ildə bu rəqəm 312,3 min ton təşkil edib – yəni istehsalda 25 faiz artım var.

Şəkər ixracı niyə azaldı?

Maraqlıdır ki, ötən il 2015-ci illə müqayisədə Azərbaycandan şəkər ixracı miqdar ifadəsində 220 828 tondan 108 363 tona, məbləğ ifadəsində isə 212 milyon 87 min dollardan 62 milyon dollara düşüb. Yəni miqdar ifadəsində azalma yarıbayarı, məbləğ ifadəsində isə 3 dəfəyə yaxındır. Daha dəqiq ifadə etsək, 2015-ci ildə ölkədən xaricə 1 kq şəkər təxminən 0,96 dollara satılıbsa, 2016-cı ildə bu rəqəm cəmi 0,57 dollar təşkil edib. Ötən il şəkər tozu ixracının azalması, böyük ehtimalla, daxildə satışın ixracdan daha sərfəli olması ilə bağlıdır. Belə ki, ötən il ərzində “Azərsun”un istehsal etdiyi şəkər tozunun pərakəndə satış qiyməti 90 qəpikdən 1 manat 30, bəzənsə 37 qəpiyədək yüksəldi.

Ötən il xammalın idxal qiyməti ondan istehsal edilən şəkər tozunun qiyməti ilə tərs mütənasib olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkəyə 290890,87 ton şəkər xammalı idxal olunub. Buna 123911,19 min dollar – yəni hər kq-na 0,43 dollar sərf olunub. 2016-cı ildəsə 152,75 milyon dollarlıq 365,24 min ton məhsul gətirilib - yəni hər kq-na 0,41 dollar sərf olunub. Belə əlverişli qiymət şəraitində şirkətin öz məhsulunun əsas rəqibinin bazara girişinə əlavə baryerlərin yaradılmasına çalışması təəccüblü deyil.

Aydın məsələdir ki, şəkər və şəkər tozunun yerli məhsul adlanması üçün onun xarici xammaldan asılılığı minimuma enməlidir. Və 2003-cü ildən ölkədə yeganə şəkər zavodunu açan, dövlətdən həmişə istədiyi bütün dəstəyi alan nəhəng holdinq nədənsə ötən illər ərzində bu məsələyə önəm verməyib. Halbuki əksər region ölkələri – Ukrayna, Belarus, Rusiya şəkər istehsalını tam olaraq çuğundur hesabına aparırlar. Və bu ölkələrin hamısında şəkər çuğunduru istehsalında aparıcılıq şəkər istehsalı müəssisələrinə məxsusdur. Məsələn, ildə 35-40 milyon tondan yuxarı şəkər çuğundurunun yetişdirildiyi Rusiyada bu istehsalın 70 faizi şəkər istehsalı müəssisələrinin payına düşür.
Bu gün Ukraynadan idxal edilən, məhz şəkər çuğundurundan əldə olunan şəkər tozu keyfiyyətinə görə “Azərsun”un məhsuluna “toz uddurur”. Bütün bunlara rəğmən, holdinq ölkə rəhbərliyi məsələni diqqətə götürənədək yerli xammal bazası yaratmaq işini prioritetə çevirməyib. Şirkət rəsmisinin aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçıları müşavirəsindəki çıxışından məlum olur ki, “Azərsun”un istəklərinə hökumət qurumlarından həvəslə dəstək verilir. Yəni şirkət istəsəydi, indiyədək şəkər istehsalında yerli xammalın rolunu ən azı 70-80 faizə çatdıra bilərdi.

Şəkər çuğunduru istehsalı artırılmalıdır

Qeyd edim ki, hesablamalara görə, Azərbaycanın daxili tələbatını ödəmək üçün şəkər çuğunduru əkinləri 40-50 min hektara çatdırılmalıdır. Ölkənin torpaq-iqlim şəraiti şəkərliyi 17-19% olan çuğundur yetişdirməyə imkan verir. 2015-ci ildə ölkədə 4922 hektar ərazidə 184 280 ton şəkər çuğunduru istehsal edilib. Orta məhsuldarlıq 37,4 ton olub. Ötən il isə cəmi 7100 hektar sahədə şəkər çuğunduru əkilib və 344 min ton məhsul yığılıb – orta məhsuldarlıq 48,4 tona yüksəlib. Bu, region üzrə orta göstəricidən də yüksək məhsuldarlıq deməkdir. Bu il şəkər çuğunduru üzrə əkin sahələrini 15 min hektara çatdırmaqla ilin sonunda ölkədə 600-700 min ton məhsul yığılması proqnozlaşdırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, istehsalçılar şəkər çuğundurunun hər tonunu tədarük məntəqələrinə 60 manata sata bilirlər. Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı Fərmana uyğun olaraq, 2017-ci ildən etibarən emalçılara təhvil verilən şəkər çuğundurunun hər tonuna görə istehsalçılara, yəni məhsulu becərən fermerlərə 4 manat məbləğində subsidiya ödəniləcək. Bu, bir hektar üçün orta hesabla 193,4 manat deməkdir.
Nəhayət, bir məsələni də qeyd edim ki, şəkər və şəkər tozu istehsalındakı “təkhakimiyyətlilik” ölkə rəhbərliyinin də diqqətini cəlb edib. Belə ki, aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının müşavirəsində çıxış edən prezident ölkədə yeni şəkər istehsalı zavodunun yaradılmasının mümkünlüyünü dilə gətirib: “Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər.”
Maraqlıdır ki, “Azərsun” həmin müşavirədən dərhal sonra 116 adda məhsulun qiymətində endirim etdiyini açıqlayıb...

Dünya SAKİT, AFN