BolgeXeber.Com » İqtisadiyyat » Evləri hostel kimi istifadə etmək mümkün olacaq

Evləri hostel kimi istifadə etmək mümkün olacaq

24-04-2017, 14:27
Oxunub: 3 520 Evləri hostel kimi istifadə etmək mümkün olacaqAzərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır

Bolgexeber.com-un Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə məsələ Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən “yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Təklif edilən dəyişikliyi şərh edən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, bu dəyişiklik insanlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri üçün şərait yaradır:

“Hazırkı qanunvericiliyə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalısan, ancaq dəyişiklikdən sonra mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcəyi üçün buna ehtiyac qalmır. Yəni, hazırkı qanunvericiliyə əsasən, mehmanxanalar qeyri-yaşayış kateqoriyasına aid edilir, dəyişiklikdən sonra isə mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcək.

İnsanlar yaşayış evlərini alıb kiçik hostellər edirlər və onun üçün müvafiq icra hakimiyyətinə müraciət edirlər. Bu dəyişiklik Mənzil Məcəlləsinə ona görə edilir ki, icra hakimiyyətinə müraciət etməyə ehtiyac qalmasın, insanlar bunun üçün get-gələ düşməsinlər".

N.İbrahimov bildirib ki, bununla belə öz yaşayış evini mehmanxana və ya hostel kimi istifadə etmək istəyənlər Vergilər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçməlidirlər, eyni zamanda müəyyən standartlar var ki, onlara əməl olunmalıdır.

O qeyd edib ki, yaşayış evi mehmanxana və ya hostel kimi istifadə edilirsə, onun giriş-çıxışı ayrı olmalı, ətrafda yaşayan insanlara maneçilik törətməməlidir.