BolgeXeber.Com » Gündəm » İcra başçısının mənzil fırıldağında heyrətamiz yeni - Faktlar

İcra başçısının mənzil fırıldağında heyrətamiz yeni - Faktlar

27-04-2017, 12:47
Oxunub: 4 343 İcra başçısının mənzil fırıldağında heyrətamiz yeni - FaktlarNərimanov şefi Abidin Fərzəliyevlə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 132 ev əməliyyatında “günah keçisi” tapıblar

Korrupsiya və dələduzluq faktı üzrə Məzahir Nəsibov adlı işbazı ölkədən Almaniyaya qaçırıb, özünə cinayət işi açdırıblar

Gözdən əlil olmayanların başına gətirilən bu müsibət nəticəsində insanlar kirayələrdə, qohum-qonşu qapılarında gecələyir

Bakının Nərimanov Rayonu İcra Hakimiyyəti ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin adı qarışan mənzil fırıldağı ilə bağlı araşdırmalarımız davam edir.

Bu təhqiqatlar zamanı Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevlə Cəmiyyət sədri Səmyar Abdullayevin yeni mənimsəmə faktları üzə çıxıb.

132 mənzil fırıldağı

“Gündəm-Xəbər” yada salır ki, sosial vəziyyəti çətin olan ailələr üzərində korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün “Gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi” və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi” adı ilə aşağıda göstərilən tələblər çərçivəsində həyata keçirilib.

Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini satış kimi alət ediblər.

Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində “Bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə Cənab Prezidentin göstərişi ilə başqa adamlara veriləcəkdir” deməklə bir daha dolayısı da olsa təsdiqləyib.

İndiyə qədər heç bir rəsmi açıqlama verilməyib, aydınlıq gətirilməyib, 132 mənzilin hara və kimə verildiyi bilinmir.

Beləliklə, Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus ərazidə - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsindən bazarla müqayisədə ucuz qiymətlərə mənzil verilməsi adı ilə binanın inşasına başlanan tarixdən 20.02.2016-cı il tarixinədək olan dövrdə respublikanın müxtəlif regionlarında yaşayan 160 nəfər civarında kasıb ailədən (yəni bizlərdən) onlar tərəfindən müəyyənləşdirilmiş tələblər çərçivəsində təqribən 8 (səkkiz) milyon manat məbləğində pul alıblar.

İcra başçısının oyunu

“Gündəm-Xəbər”in araşdırmaları zamanı aydın olub ki, sərəncamlar 2012-ci ildən etibarən verilməsinə baxmayaraq, mənzil növbəsinə götürülən şəxslərin adına mənzil və yaxud mənzil tikintisi üçün torpaq sahəsinin olmaması barədə arayışlar 2015-ci ilin payızında təqdim olunub, bəzi hallarda isə təqdim olunmayıb.

Sakinlərin müraciətində deyilir: “Korrupsiya əməlləri aşkarlandıqdan sonra Abdin Fərzəliyev özünün və korrupsiyanın gücünün nümayiş etdirmək üçün bizə məlumat verilmədən və əvvəlki qeydiyyatlarımız bərpa olunmadan Az.GƏC-in yataqxanasından vətəndaşlıq qeydiyyatlarımızı ləğv etdirib.

Bununla da bizə təqdim olunmuş şəxsiyyət vəsiqələri və sərəncamlar yalnız və yalnız bizim kimi imkansız şəxslərin pullarına sahib olmaq məqsədi daşıyıb. Bu cinayətkar dövlət məmurlarının bizə qarşı mütəşəkkil korrupsiya və dələduzluq halları tərəfimizdən aşkarlanıb.

Onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi üçün barəmizdə hazırlanmış bütün sənədləri, o cümlədən vətəndaşlıq qeydiyyatlarımızı ləğv etmiş, ev vermək üçün bizimlə birbaşa pul əlaqəsində olan "işbaz"ları Məzahir Nəsibovu təzyiq nəticəsində Almaniyada səfil həyatı yaşamağa məcbur etmişlər, Azəbaycandakı mülkiyyətlərini qanunsuz olaraq zəbt etdiriblər (məqsəd: şahidi yox etmək).

“Günah keçisi”nə cinayət işi

Sakinlər deyirlər ki, hazırda Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev və Az.GƏC-in sədri Səmyar Abdullayev ideoloqu, təşkilatçısı və birbaşa icraçısı olduqları mütəşəkkil korrupsiya və dələduzluq əməllərində “günah keçisi” tapıblar:

“Özlərinin "işbaz"ı Məzahir Nəsibovun üzərinə yönəltməklə bizdən mənimsədikləri külli miqdarda pullarımıza tam sahib olmaq məqsədilə Məzahir Nəsibovun barəsində 09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda CM-nin dələduzluq maddəsi ilə cinayət işi açdırıblar.

Baş vermiş cinayətə müvafiq cinayət işinin açılmadığı barədə çoxlu sayda yazılı və şifahi müraciətlərimizə baxılmır, hətta dələduzluq maddəsi ilə açılmış cinayət işi üzrə də heç bir iş aparılmır.

Baş prokurorluq isə müraciətlərimizlə bağlı səlahiyyətli dövlət orqanlarının müraciətlərinə nəinki göz yumur, hətta Nərimanov rayon prokurorluğunun və RPİ-in qeyri-obyektivliyini və fəaliyyətsizliyini müdafiə etməklə adı çəkilən korrupsiya əməlinə və korrupsionerlərin fəaliyyətlərinə rəvac verir”.

Prokurorluğa real suallar

Bu qeyd olunanlarla əlaqədar sual olunur: dövlət məmurları tərəfindən 160-a yaxın əlil (o cümlədən gözdən əlil) olmayan insanlara ev verilməsi adı ilə Az.GƏC-in yataqxanasına qeydiyyata alınması və ev növbəliliyinə götürülməsi və sonradan bu sənədlərin özləri tərəfindən ləğv edilməsi dövlət məmurlarının qanunsuz və saxtakarlığını bir daha təsdiq etmirmi?

Dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz qərarların qəbul edilməsinə təsir edən amil bizim pullarımızın mənimsənilməsi, yəni korrupsiya amili deyilmi?

Bütün yuxarıda göstərilən bu və ya bu kimi faktlar 160-a yaxın kasıb ailədən alınan 8 (səkkiz) milyon manat pula tam sahib olmaq məqsədi daşımırmı?

Bu baxımdan hesab edirik ki, yuxarıda göstərilənlərə hər hansı məmur səviyyəsində yox, səlahiyyətli hüquq mühafizə orqanı tərəfindən qanuni, obyektiv qiymət verilməlidir.

Məmur qurbanları kirayələrdə...

Hazırda evlərini, torpaqlarını satıb, banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev sahibi olmaq istərkən Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-nin sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmiş bizim ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında, kirayələrdə yaşayır.

Sakinlər yazır: “Acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulmuş, intihar vəziyyətlərinə çatdırılmış, XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik.

Hətta öz dövlətimizdə vətəndaşlıq qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan, öləriksə dəfn olunmaqdan məhrum olmuşuq.

Bu göstərilənlər barədə 500-dən çox Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin rəhbərliyinə və onun müvafiq struktur bölmələrinə, deputat blokunun hər bir üzvünə, ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarının rəhbərlərinə və onların müvafiq struktur bölmələrinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), olan müraciətlərimizə, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasinda müxtəlif qəbullarda (dəfələrlə), Bakı şəhər İcra Hakimiyyəyinin Başçısının və Prokurorunun qəbullarında, Nərimanov rayon İcra Hakimiyyəyində, prokuror və polis idarələrində (dəfələrlə) olmağımıza, Prezident Administrasiyasının, Baş prokurorluğun və Milli Məslisin qarşısında

keçirdiyimiz qısamüddətli mədəni piketlərə, 30-a qədər internet TV-lərdə, saytlarda və qəzedlərdə işıqlandırmağımıza baxmayaraq, hakimiyyətdə təmsil olunan dövlət məmurlarının bir-biri ilə sıx əlaqələri olduğu üçün bu günə qədər heç bir tədbir görülməmişdir. Əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən yuxarıda adları çəkilən məmurlara yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan bizim kimi insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur, bizlərə qarşı isə şər-böhtan kompaniyası təşkil olunur.

Belə davam edərsə, biz ən azı hüquqlarımızın bərpası, o cümlədən korrupsiyanın bizi saldığı səfil həyatından qurtarmaq üçün Azərbaycanda peşəkar və mütəşəkkil formada korrupsiyalaşmış dövlət məmurlarına qarşı daha geniş məfhumda və miqyasda xarici ölkələrdə etirazımızı davam etdirmək məcburiyyətindəyik.

Hörmətli İlham Əliyev Cənabları və I Xanım Mehriban Əliyeva! Hal-hazırda bütün bu ortalıqda qalan ailələrin Sizlərə inamı və böyük ehtiyacı var.

Sizdən xahiş edirik ki, dövlət məmurlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri, bu cür qanunsuz hərəkətlərin ört-basdır edilməsində bir-birlərinə yardım edən, şəbəkə halında korrupsiyalaşmış dövlət məmurları barədə tədbir görəsiniz, bizim hüquqlarımızın bərpasına və bizə vurulmuş zərərin ödənilməsinə köməklik göstərəsiniz”.

beləcə tarixdə ağlasığmaz fırıldaq baş verib. Əlil olmayan 160-a yaxın hər bir şəxs ev növbəsi üçün məmurların özləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə olunmaqla hazırlanan sənədlərdə qanunsuz olaraq müxtəlif formalarda əlil kimi göstərilib.

Məsələn, nümunə kimi göstərilən Nərimanov RİH başçısı Abdin Fərzəliyevin müraciətinə (06.12.2012-ci il tarixli 1/1189 saylı məktub) Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılıq məktubundan (27.12.2012-ci il tarixli 7-6093/7 saylı məktub) nümunə:

Məmmədov Kamran Valeh oğlu (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili;

Abdulrəhimova Zəmanə Sabir qızı (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili;

Yusifov Nəbi Məmməd oğlu (saxta əlil) – III qrup gözdən əlil;

Yusifova Şahnaz Qənbər qızı (saxta əlil) – III qrup gözdən əlil;

Hacıyeva Dürdanə Sərdar qızı (saxta əlil) – III qrup gözdən əlil;

Abdullayeva Şövkət Sərhadağa qızı (saxta əlil) – III qrup gözdən əlil;

Quliyeva Ürfət Əhəd qızı (saxta əlil) – III qrup gözdən əlil;

Nağıyeva Sevil Məsim qızı (saxta əlil) – III qrup gözdən əlil;

Müseyibli Rəşad Əlixan oğlu (saxta əlil) – III qrup gözdən əlil;

Əliyev Seyid Rüstəm Mirsalam oğlu (saxta əlil) – III qrup gözdən əlil;

Məsimov Cavanşir Həsən oğlu (saxta əlil) – III qrup gözdən əlil və s..

Rafiq Qara