BolgeXeber.Com » Gündəm » İcra başçısı ilə Gözdən Əlillər Cəmiyyəti sədrinin tarixi fırıldağı haqda şok dosye

İcra başçısı ilə Gözdən Əlillər Cəmiyyəti sədrinin tarixi fırıldağı haqda şok dosye

1-05-2017, 12:09
Oxunub: 3 353 İcra başçısı ilə Gözdən Əlillər Cəmiyyəti sədrinin tarixi fırıldağı haqda şok dosyeAbidin Fərzəliyevlə Səmyar Abdullayev analoqsuz işə imza atıb; gözdən əlil olmayan insanların 8 milyonunu gözübağlı mənimsəyib - Təfsilat

Mütəşəkkil yeyinti əməliyyatında bir neçə dövlət qurumunun adı keçir və 132 mənzil dələduzluğu haqda I vitse-prezidentə sensasion faktlar təqdim olunub

Bakının Nərimanov Rayonu İcra Hakimiyyəti ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə korrupsiya skandalı səngimək bilmir.

İki qurum rəhbərinin əlbir olaraq dövlət vəsaitini mənimsəməsi haqda faktların ifşa edilməsi cidi rezonans doğurub.

8 milyon hara gedib?

“Gündəm-Xəbər”in araşdırmaları zamanı məlum olub ki, bu büdcə talançılığını həyata keçirən məmurlar barəsində məsələ yuxarı instansiyaların nəzərinə çatdırılıb. Nərimanov RİH ilə GƏC-nin fəaliyyəti haqda müvafiq yerlərə dosye təqdim olunub.

Bu dosyedə milyonların mənimsənildiyi barədə detallı müfəssəl bilgilər göstərilib. Hətta hüquq-mühafizə orqanları tərəfindən bu korrupsiya faktlarının araşdırılması gözlənilir.

Əldə etdiyimiz bilgilərə görə, təşviş içində olan Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevlə Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri Səmyar Abdullayev məsələni ört-basdır etməyin yolları axtarır.

İddialara görə, icra başçısı onun adının hallanmasından narahat olub. Fərzəliyev ağlına da gətirməyib ki, bu məsələnin üstü açıla bilər.

Ortada isə ciddi faktlar var və medianın gündəmindən çıxmaq bilmir. Söhbət gözdən əlil olmayan insanların belə halal haqqının yeyilməsindən gedir. Bu korrupsiyada həm də mənəvi məqamlar var. Yəni, gözdən əlil olmayan adamlara qarşı fırıldaq olub.

Məlumatlarda deyilir ki, artıq prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya rəsmi şəkildə müraciət olunub. Bu müraciətdə hər şey ətraflı şəkildə öz əskini tapıb.

Belə ki, mütəşəkkil korrupsiya və dələduzluq nəticəsində sosial vəziyyəti çətin olan ailələrə mənzil verilməsi adı ilə 8 milyon manat məbləğində pulları mənimsənilib.

Bu günə qədər pullarıın qaytarılmasından imtina edilir və bununla bağlı hakimiyyətdə təmsil olunan məmurlar şəbəkə halında birləşərək korrupsiya və məmur dələduzluğunu inkar edirlər.

Müraciətdə deyilir ki, prokurorluq bu faktlar üzrə araşdırma aparmır, korrupsioner və dələduz məmurlar korrupsiya qurbanları barədə ictimaiyyətdə mənfi rəy, «yaramaz obraz» fikri formalaşdırır.

Yeyinti piramidasında Məzahir Nəsibov kimdir?

“Gündəm-Xəbər”in araşdırmaları zamanı məlum olub ki, müraciət sahibləri korrupsiya qurbanlarının acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulduğunu açıqlayıb. Onlar intihar vəziyyətinə çatdırılır və s. korrupsionerlərin naminə həyatla vidalaşır.

“Bu mütəşəkkil korrupsiya və dələduzluq “PİRAMİDA” formasında təşkil olunmuşdur. “PİRAMİDA”nın üzvləri Nərimanov RİH-in başçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Az.GƏC-in sədri, Az.GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları və s. olublar.

Sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün isə “işbaz” kimi Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilmişdir. Məzahir Nəsibovun da bu məsələ üzrə maklerləri olmuşdur.

Bu şəxslər sosial vəziyyətləri çətin olan ailələr üzərində korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün “Gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi” və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi” adı ilə aşağıda göstərilən tələblər çərçivəsində həyata keçirilib.

Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini satış kimi alət ediblər”,-deyə müraciətdə yazılıb.

Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində “Bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə Cənab Prezidentin göstərişi ilə başqa adamlara veriləcəkdir” deməklə bir daha dolayısı da olsa təsdiqləyib.

Sağlam insanlara qarşı əlil kələyi

“Gündəm-Xəbər” yazır ki, indiyə qədər heç bir rəsmi açıqlama verilməyib, aydınlıq gətirilməyib, 132 mənzilin hara və kimə verildiyi bilinmir. Beləliklə, Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus ərazidə - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsindən bazarla müqayisədə ucuz qiymətlərə mənzil verilməsi adı ilə binanın inşasına başlanan tarixdən 20.02.2016-cı il tarixinədək olan dövrdə respublikanın müxtəlif regionlarında yaşayan 160 nəfər civarında kasıb ailədən (yəni bizlərdən) onlar tərəfindən müəyyənləşdirilmiş tələblər çərçivəsində təqribən 8 (səkkiz) milyon manat məbləğində pul alıblar.

Müraciətdə deyilir: “Bizdən alınan pulların sənədləri mənzilin sənədi ilə birlikdə verilməli idi və bizə, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən AGƏC-yə məxsus yataqxanaya qeydiyyata alınmaqla mənzil növbəsinə götürülməyimiz barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surətini və yeni şəxsiyyət vəsiqəsi verdilər.

Bu dövlət sənədləri “işıq sürətilə” – 1- 5 gün ərzində hazırlanırdı. Bəzi hallarda pul ödənişinin “sığortası” məqsədi ilə pul verənlə birbaşa pulu alan “makler” arasında borc müqaviləsi də mövcud olub.

Sonradan bizə məlum olub ki, əksəriyyəti bizim kimi sosial vəziyyəti çətin olan insanların 8 (səkkiz) milyon manat məbləğində pullarının mənimsənilməsi üçün Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-in prezidenti Səmyar Abdullayevin təşkilatçılığı və birbaşa icraçılığı ilə müxtəlif təbəqələrdən olan dövlət məmurları tərəfindən dövlət qulluğu vəzifələrindən sui-istifadə edilərək Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələbləri pozulmaqla saxta dövlət sənədləri hazırlanmış və biz qanunsuz olaraq, qeydiyyata və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə sağlam insanlar olduğumuz halda əlil kimi mənzil növbəsinə götürülmüşük”.

Analoqsuz və absurd fırıldaq

“Gündəm-Xəbər” yazır ki, respublikanın müxtəlif regionlarından olan 160-a yaxın gözdən əlil olmayan ailə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılıb, hətta Az.GƏC-in yataqxanasının yaşayış sahəsinin imkan verməməsinə baxmayaraq yataqxanaya qeydiyyata alınıb.

160-a yaxın əlil olmayan hər bir şəxsin mənzil növbəliliyinə götürülməsi üçün Az.GƏC tərəfindən forma №2 arayışlar tərtib təqdim olunub.

Kütləvi olaraq bizim mənzil növbəliliyinə götürülməyimiz barədə nəinki tələb olunan sənədlər, hətta ərizəmiz olmadan, yalnız şəxsiyyət vəsiqəsi əsasında sərəncamlar verilib.

Ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməyimiz barədə verilmış sərəncamlarla onun əsaslarını təşkil edən sənədlər arasında ziddiyyətlər mövcud olub.

Sərəncamlarda ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməyimizə baxmayaraq, sonradan sərəncamların əsası kimi sənədlər imtiyazlı mənzil növbəsi üçün hazırlanıb.

Ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülən vətəndaşlardan 7 il daimi qeydiyyat müddəti tələb olunduğu halda, sərəncamlarda bu müddət nəzərə alınmamışdır.

Bu baxımdan qanunvericilikdə müddət nəzərə alınmamaqla mənzil növbəsinə götürülməsi imtiyazlı vətəndaşlara (o cümlədən əlillərə) şamil olunur (faktiki müddət 1-5 gün olmuşdur);

Mənzil növbəliliyinə götürülməyimiz barədə verilmiş qanunsuz sərəncamlardan sonrakı tarixlərdə məmurların özləri tərəfindən sərəncamların əsası kimi kütləvi olaraq saxta sənədlər hazırlanıb.

“Gündəm-Xəbər”in məlumatına görə, beləcə tarixdə ağlasığmaz fırıldaq baş verib. Əlil olmayan 160-a yaxın hər bir şəxs ev növbəsi üçün məmurların özləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə olunmaqla hazırlanan sənədlərdə qanunsuz olaraq müxtəlif formalarda əlil kimi göstərilib.

Məsələn, nümunə kimi göstərilən Nərimanov RİH başçısı Abdin Fərzəliyevin müraciətinə (06.12.2012-ci il tarixli 1/1189 saylı məktub) Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılıq məktubundan (27.12.2012-ci il tarixli 7-6093/7 saylı məktub) nümunə:

ü Məmmədov Kamran Valeh oğlu (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili;

ü Abdulrəhimova Zəmanə Sabir qızı (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili;

ü Yusifov Nəbi Məmməd oğlu (saxta əlil) – III qrup gözdən əlil;

ü Yusifova Şahnaz Qənbər qızı (saxta əlil) – III qrup gözdən əlil;

ü Hacıyeva Dürdanə Sərdar qızı (saxta əlil) – III qrup gözdən əlil;

ü Abdullayeva Şövkət Sərhadağa qızı (saxta əlil) – III qrup gözdən əlil;

ü Quliyeva Ürfət Əhəd qızı (saxta əlil) – III qrup gözdən əlil;

ü Nağıyeva Sevil Məsim qızı (saxta əlil) – III qrup gözdən əlil;

ü Müseyibli Rəşad Əlixan oğlu (saxta əlil) – III qrup gözdən əlil;

ü Əliyev Seyid Rüstəm Mirsalam oğlu (saxta əlil) – III qrup gözdən əlil;

ü Məsimov Cavanşir Həsən oğlu (saxta əlil) – III qrup gözdən əlil və s..

Mənzil növbəsinə götürülmək barədə sərəncamlar mənzil növbəsinə götürülmək barədə Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubundan əvvəl verilib.

Məsələn, Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubu 27.12.2012-ci il tarixdə olduğu halda (bax: Qoşma 2, faktları nümunə kimi bir məktub üzrə göstəririk) aşağıdakı sərəncamlar ondan əvvəlki tarixlərdə verilib.

Ancaq bu iş üzrə detallar bitib-tükənmir. Hər biri ayrıca araşdırma mövzusudur və növbəti sayımızda A.Fərzəliyevin gözdən əlil olmayanların pulunu necə yeməsi haqda geniş material təqdim edəcəyik. Ardı növbəti sayımızda...

Rafiq Qara