BolgeXeber.Com » Müsahibə-Reportaj » Kəramət Salayev:"Mənəviyyatlı siyasətçi xalqının dəyərlərinə bağlı və onu sevəndir"(MÜSAHİBƏ)

Kəramət Salayev:"Mənəviyyatlı siyasətçi xalqının dəyərlərinə bağlı və onu sevəndir"(MÜSAHİBƏ)

4-05-2017, 23:11
Oxunub: 5 092 Kəramət Salayev:"Mənəviyyatlı siyasətçi xalqının dəyərlərinə bağlı və onu sevəndir"(MÜSAHİBƏ)Elmdə, təhsildə, səhiyyədə, məhkəmədə və ən müxtəlif fəaliyyət sahəlırində Milli Görüşlü kadrlar olmayınca cəmiyyətimizdə böhran dərinləşəcək, ən yaxşı halda problem həllini tapmaq əvəzinə uzun müddətli konservləşdiriləcək

Bolgexeber.com-un bugünkü müsahibi Doğru Yol Partiyasının sədri ,deputatlığa keçmiş namizəd Kəramət Salayevdir. Kəramət Salayev ilə müsahibəni təqdim edirik.

–Azərbaycanda son zamanlar cəmiyyətin siyasətdən soyuması, siyasətlə maraqlanmaması nədən xəbər verir və davam edən bu tendensiya narahatçılıq doğura bilərmi?

Çox aktual məsələdir. Cəmiyyətimizdə problemlərin artan vaxtında vətəndaşlarımızın siyasətdən və siyasi proseslərdən uzaqlaşması, siyasətə maraqlarının azalması müşahidə olunur. Siyasətə marağın azalması əsasən iki halda mümkündür. Birinci ,cəmiyyət siyasətə və siyasi proseslərə qarışmağa ehtiyac görmür, çünki bunun üçün əsas olmalıdır. Əsasən bu cür proseslər daha inkişaf etmiş ölkələrdə baş verir. Həmin dövlətlərdə siyasi sistem saat mexanizmi kimi işləyir vətəndaş üçün siyasi proseslərə qarışmaq o qədər əhəmiyyətli görünmür. İkinci halda isə vətəndaşı siyasi proseslərdən kənarda saxlayırlar. Artıq o anlayır ki, onun bu prosesə qarışması heç nəyi dəyişməyəcək və onun iradəsindən üstün bir iradə vardr. Hesab edirəm ki, ikinci hal çox təhlükəlidir və bu əsasən demokratik olmayan siyasi sistemlər üçün xasdır.
Kəramət Salayev:"Mənəviyyatlı siyasətçi xalqının dəyərlərinə bağlı və onu sevəndir"(MÜSAHİBƏ)

- Rəhbərlik etdiyiniz partiyanın əsas prinsipləri nədən ibarətdir və parlament seçkilərində iştirak edən partiya kimi gələcəkdə siyasi proseslərdə nə səviyydə iştirak etməyi düşünürsünüz?

- Bu gün nə qədər çətin olsa da təşkilati -quruculuq dövrünü yaşayan Doğru Yol Partiyasının əsas prinsipi 1992 -ci ildən sonra yarımçıq qalan milli şüurun inkişafı prosesini yaratmaq, xalqın özünə inamını təmin etmək, insanlarımızın vətənə sevgisini bərpa etmək, milli- mənəvi əxlaqi dəyərlərə bağlı yeni nəsilin formalaşmasına kömək etmək, siyasi baxımdan milli maarifçilik işini aparmaqdır. Biz Milli Görüş prinsipini əsas alan Doğru Yol Partiyasının QHÜ TK-ni yaradarkən düşündük ki, partiya bolluğu olduğu bir cəmiyyətdə mütləq faydalı bir yol açmalıyıq və platformaları, siyasi hədəfləri və hətta sədrləri belə davranış baxımdan bir -birinə oxşayan partiyalara alternativ hazırlamalıyıq, cəmiyyətə sadəcə fərqli olmaq naminə yox, xalqımıza xidmət baxımdan siyasi xətt seçməliyik. Bunun üçün xalqımızın şərəfli keçmişində bədxah qüvvələrin üstünü məqsədyönlü şəkildə “torpaqladıqları” tarixi müsbət hadisələri gündəmə gətirməliyik.
Kəramət Salayev:"Mənəviyyatlı siyasətçi xalqının dəyərlərinə bağlı və onu sevəndir"(MÜSAHİBƏ)


Qeyd edim ki, ilk addım olaraq Doğru Yol partiyasının bayrağını QHÜ TK 1918 -ci ildə Cümhuriyyətimizin 21 iyun- 09 noyabr tarixində qəbul etdiyi və sonradan Bakıda ağalıq edən ingilislər tərəfindədən qadağan olunmuş bayrağı seçdik. Biz prisnip olaraq qəbul etdik ki, Azərbaycanın milli zehniyyətli ziyalılarının, siyasətçilərinin qəbul etdiyi dəyərləri ana yol olaraq qəbul edib mərhələ- mərhələ cəmiyyətə mesajlar ötürməliyik.
Doğru Yol partiyası Milli Görüşlü kadrların qurduğu partiyadır ki, biz gələcək inkişafımızı milli kimliyimizi inkişaf etdirməkdə, dəyərlərimizə yenidən sahib çıxmaqda, dünya siyasət meydanında qütb seçimində tarixi keçmişimizin əzəmətini nəzərə almağı təklif edirik. SSRİ dağıldıqdan sonra dünyanın qlobal siyasi və maliyyə güclərinin Cənubi Qafqazda maraqlarının yarandğı zaman Azərbaycan neft və müsəlman ölkəsi olaraq siyasi, hərbi və mədəni baxımdan qlobal güclərin maraq dairəsinə düşdü.

Onlar ən müxtəlif formada ölkəmizə gizli və açıq formada maraq göstərməyə başladılar. Bu addımlardan biri isə yeni qurulan dövlətin siyasi sistemini nəzarətə almaq üçün ən müxtəlif müstəvilərdə fəaliyyətləri idi. Hesab edirəm ki, bu prosesi Qərb dövlətləri və Amerika daha qabarıq şəkildə aparmağa başladı. Müxtəlif QHT lər, Gənclər Təşkilatları və hətta siyasi liderləri belə nüfuz dairələrinə almaq siyasi təzyiq qrupları yaratmağa başladılar. Qeyd etməliyəm ki, bu proses tək müxalifət düşərgəsində deyil eyni zamanda siyasi iqtidarın daxilində də aparılırdı.

Doğru Yol Partiyasının ən əsas hədəflərindən biri Azərbaycanın siyasi, iqtisadi və mədəni baxımdan tam müstəqilliyə qovuşmasıdır. Bunun üçün mütləq xalq olaraq keçmişimizlə bu günkü nəsil arasında düşüncələrdə rabitə qurmalıyıq. Əgər bu əziz xalqımızın və dövlətimizin inkişafını istəyiriksə mütləq onu davamlı inkişaf istiqamətində mübarizəyə hazırlamalıyıq.

- “Əgər siz siyasətlə məşğul olmayacaqsınızsa siyasət sizlə məşğul olacaq” fikri nə qədər düzgündür və daha çox nəyi ehtiva edir?

- İnsan sosial varlıq olmaqla cəmiyyətə, siyasi varlıq olmaq dövlətə münasibət bildirir. Hər bir insan iki mənəvi həyat yaşayır. Bir şəxsi- kiçik dövlət ailə fəaliyyəti, İki, İctimai- mənsub olduğu xalqın, yaşadığı dövlətin fəaliyyətini izləmək, ictimai- siyasi proselərə münasibət bildirməlidir. Yuxarıda qeyd etdiyiniz aforizm doğrudur ki, insan fərd olaraq sistemə daxildirsə həmin sistemdən kənarda qala bilməz. Əks hada baş verən hadisənin, gedən prosesin özünün insana təsiri qaçılmazdır.

- Qərb demokratiyası ilə həqiqi demokratiya üst-üstə düşürmü?

- Qərb üçün demokratiyanın ikili mahiyyəti var. Birincisi, həqiqi demokratik sistem onların öz cəmiyyətləri üçündür. İkinci isə son 500 il ərzində dünyada baş verən proseslərdə imperialist siyasət apararaq xalqları, dövlətləri işğal edib özünə tabe edən Qərb bu gün həmin prosesi demokratiyanın ikinci anlamında aparır və bunun adı qeyri- real demokratik prinsiplər adı altında öz siyasi sistemlərini müstəmləkələrində qurmaqdır. Hərbi təcavüz ilə işğal edilən dövlətlər, xalqlar tabe olmağı sevmirlər əksinə Azadlıq mübarizəsinin yaranmasına səbəb olurdu.
Bu gün Qərbin siyasi və hərbi strateqləri tarixi səhvlərindən nəticə çıxardıb mədəni işğal prosesini aparırlar. Mədəni işğalın tərkibində isə xaricə ixrac olunan demokratiya əsasdır. Qərbin müsəlman dövlətləri üçün nəzərdə tutduğu demokratiya modeli onların mədəni işğal planının tərkib hissəsidir.

- Belə bir fikir populyardır ki,siyasət çirkin işdir,siyasitçilər mənəviyyatı əsas götürmürlər.Siyasətdə ədalət,ümumiyyətlə mənəviyyat mümkündürmi,yoxsa bu ancaq şüarlarda,seçkiqabağı vədlərdən başqa bir şey deyil?


- Əvvəla siyasətin çirkin fəaliyyət sahəsi olması barədə yaradılan fikir məqsədyönlüdür. Bu fikir son zamanların deyil,onun daha böyük tarixi var. Hesab edirəm ki, tarixə töhvə verən xalqları o zaman məhv edib özünə tabe etmək olar ki, onu kimlərin idarə etməsi barədə düşündürməkdən uzaqlaşdırmaq lazımdır. Hələ kommunist imperiyası dönəmində müsəlman xalqlarına siyasətin çirkin peşə olduğunu qəbul etdirməyə çalışırdılar. Bu məsələnin bir tərəfi. İkinci tərəfi isə ondan ibarətdir ki, çirkin peşə yoxdur. Həmin peşə fəaliyyətini həyata keçirən çirkin insanlar var. Müəllim, həkim, hərbçi və digər bu kimi nə qədər şərəfli peşələr var. Amma çirkin əməlli müəllim, həkim kadrlar yoxdurmu ? Təbii ki, var və bu heç də peşənin “çirkinliyinə” dəlalət etmir. Biz məsələnin ikinci yox , birinci hissəsi barədə düşünməliyik.

Məsələ birinci mənbədən qidalanır. Mənəviyyatlı siyasətçi xalqının dəyərlərinə bağlı və onu sevən, yüksək tutandır. Siyasi proseslərə qatılan şəxsiyyətin kimliyi hesab edirəm ki, onun müdafiə etdiyi dəyərlər ilə qiymətləndirilməlidir. Bu gün Azərbaycan cəmiyyətində öncə əxlaq və mənəviyyat deyən , sağlam iradəli yeni nəsil siyasətçilərin yetişməsi üçün Milli Görüş prinsplərini əsas tutan Doğru Yol Partiyasının fəaliyyətinin genişlənməsi lazımdır. Biz üzərimizə düşən tarixi missyanı anlayarıq və hesab edirəm ki, vəziyyət ağırlaşdıqca insanlar nicat yolu haqqında düşünəcəklər və bu Milli Görüşlü kadrların siyasətdə çoxalması mümkündür.

- Azərbaycanda yüksək şüurlu cəmiyyətin,vətəndaş cəmiyyətinin formalaşmasına nə mane olur və buna nə təkan verə bilər?


- Yeri gəlmişkən qeyd edim ki, sualınızda “vətəndaş cəmiyyəti” dediyiniz ifadə son zamanlar siyasi leksikonumuza daxil olan termindir. Bilirsiniz maraqlıdır ki, artıq ən gözəl sözlər, ağlabatn fikirlər artıq məqsədyönlü fəaliyyətdə bir terminə çevrilir. Axı ölkəsini, millətini sevən hansı iqtidar normal cəmiyyətin qurulmasına çalışmaz. “Vətəndaş cəmiyyəti” termini Qərbin siyasi ideoloqlarının seçdiyi kəlmədir. Onların liberal dəyərləri təbliğ edən təbliğat maşınının politologiya elminə və siyasətçilərin ifadələrinə daxil etdiyi kəlmədir. Azərbaycanda düşündüyümüz haqqı, ədaləti ifadə edən cəmiyyətin qurulmasına bir çox maneə olan amillər var.

Amma bunlardan ən əsası isə Azərbaycan xalqının bu günə qədər müxtəlif siyasi formasiyalarda idarə edilməsi, onun zaman zaman milli şüurlu ziyalılarının nüfuzdan salınması, repressiya edilməsi və zamanında müsbət qiymətləndirilməməsidir. Çünki düşündüyümz cəmiyyəti yalnız milli şüura malik partiyalar, insanlar qura bilər. Fəaliyyətinin kökündə ümummilli maraq, xidmət olmayan şəxs xalqa fayda verə bilməz. Arzuzunda olduğumuz və fəaiyyətimizin ana xəttini təşkil edən ədalətli, halal cəmiyyətin qurulması üçün bizim yenidən xalq olaraq özümüzə qaydışımız lzımdır. Elmdə, təhsildə, səhiyyədə, məhkəmədə və ən müxtəlif fəaliyyət sahəlırində Milli Görüşlü kadrlar olmayınca cəmiyyətimizdə böhran dərinləşəcək, ən yaxşı halda problem həllini tapmaq əvəzinə uzun müddətli konservləşdiriləcək.

-Maraqlı və faydalı söhbətə görə təşəkkür edirik!


- Siz də sağ olun.
Söhbətləşdi:Adil Hüseyn
Bolgexeber.com