BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan neftin 2 dollar ucuzlaşmasına görə hər gün 1 milyon itirir

Azərbaycan neftin 2 dollar ucuzlaşmasına görə hər gün 1 milyon itirir

7-05-2017, 11:48
Oxunub: 3 404  Azərbaycan neftin 2 dollar ucuzlaşmasına görə hər gün 1 milyon itirir“Şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır”

Son bir neçə gün ərzində neftin qiymətində 10 faizdən çox azalma qeydə alınıb. Təkcə mayın 4-də azalma 9 faizə yüksəlib. Bu, bazarda daha çox spekulyativ xarakterli fəaliyyət olduğunu göstərir”.
Bolgexeber.com bildirir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, mayın 5-də səhər, Frankfurt, London və Nyu-York birjalarının fəaliyyət göstərmədiyi, faktiki olaraq bazar iştirakçılarının çox kiçik bir hissəsinin fəaliyyətdə olduğu bir dövrdə yenə də neftin qiymətində 1,5 dollarlıq ucuzlaşma qeydə alınıb: “Hazırda korreksiya prosesi gedir. Amma buna baxmayaraq, baş verənlər spekulyativ davranışların, yəni, hansısa güclərin OPEC toplantısına hazırlığı kimi qiymətləndirilə bilər. Böyük bazar iştirakçılarının bu istiqamətdə daha çox spekulyasiya etmək imkanları var. Onlar düşünür ki, böyük ehtimal ilə mayın 25-də keçiriləcək Vyana toplantısında hasilatın azaldılması ilə bağlı anlaşma uzadılacaq. Belə olan halda, neftin qiymətinin bahalaşacağı ehtimalı var. Amma toplantı öncəsi nefti bu şəkildə ciddi ucuzlaşdırmaqla bazarda kəskin neft alışları başlaya bilər. Bu da hansısa güclərin növbəti həftələrdə ciddi gəlir əldə etməsinə yönəlib. Növbəti günlərdə, həftələrdə neftin qiymətində müəyyən qədər bu itkilərin korreksiyası baş verəcək. Neft 50 dolların üzərinə qədər bahalaşa da bilər”.
Ekspertin fikrincə, OPEC razılıq əldə edərsə, bu ilin 2-ci yarısında neftin qiymətinin 50-60 dollar ətrafında dəyişəcəyi gözlənilir. Amma orta qiymətin təxminən 55-56 dollar olacağı ehtimalı yüksəkdir.
İqtisadçı deyib ki, ötən gün Rusiyanın energetika naziri ilə baş nazirin müavini səviyyəsində OPEC-in növbəti dövr üçün neft hasilatının limitləşdirilməsi ilə bağlı qəbul edəcəyi qərara istiqamətlənən ziddiyyətli fikirlər açıqlanıb: “Bu, bazarlarda mənfi təsirlər yaradıb. İkinci faktor kimi, mayın 3-də ABŞ Federal Ehtiyat Sisteminin keçirdiyi iclasın nəticəsini göstərə bilərik. İyun ayı üçün uçot dərəcəsinin qaldırılması ehtimallarının artması fonunda dollar müəyyən qədər güclənməyə başlayıb. Dolların möhkəmlənməsi öz növbəsində əmtəələrin, o cümlədən neftin qiymətinə təsir göstərir”. Ekspertin fikrincə, bundan başqa, ABŞ-da qazılan yeni neft quyularının sayının artımı və s. ilə bağlı məlumatların açıqlanması, ABŞ-ın gündəlik neft hasilatının həcmində yenə artımın qeydə alınması neftin qiymətinə təsir göstərib: “Eyni zamanda, bu sferada fəaliyyət göstərən biznes subyektlərində, investorlarda, OPEC hər hansı formada hasilatın tarazlaşması qərarını versə belə, əvəzində ABŞ-da neft hasilatının artmasının bazarda yenə də tələb və təklif arasında balansın pozulacağı qənaətinin formalaşmasına gətirib çıxardıb. Bundan başqa, İraq hökumətinin bazarda daha çox neft satmaq istəyi də bazarlara mənfi təsirini göstərib”.
“Bu il ilk dəfə Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. Son 2 ayda dünya neft bazarındakı balans “qara qızılın” qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşmasının bazara təsir imkanları məhdudlaşmaqdadır”.

Bunu isə iqtisadçı-alim Vüqar Bayramov deyib. Qiymət azalmalarının əsas səbəblərinə gəlincə, ekspert deyib ki, hasilatın azaldılması OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırmaqdadırlar: “ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir. İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelınin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir. Üçüncüsü, Səudiyyə Ərəbistanın bazarda kiçilən mövqeyi İran və İraq tərəfindən tutulmaqdadır. Gündəlik hasilatını 486 min barel azaldaraq 10.4 milyon barelə düşürən Səudiyyə gündəlik 4.351 milyon barel istehsalı olan İraq və gündəlik hasilatı 3.797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir. Dördüncüsü, gündəlik 2.2 milyon barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2.5 milyon barelə çatdırmaq niyyətindədir. Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir. Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir. Beşincisi, “Saudi Armako” şirkəti 2018-ci ildə Qırmızı Dənizdə yerləşən Muajjiz yatağından neft hasilatını artırmağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatını 15 milyon barelədək artıra bilər. Nəhayət, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı uzatsa da, bunun uzunömürlü olacağı gözlənilmir. Artıq ölkələr bazar payının itirməkdən ehtiyatlanırlar”.
Ekspertin sözlərinə görə, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa, o halda qiymət stabilliyi müşahidə edilə bilər. Amma uzun müddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir.
Vüqar Bayramovun fikrincə, əslində, neftin bir barelinin 50 dollar olması da ölkəmiz üçün uyğundur: “Amma ən vacibi qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir”.