BolgeXeber.Com » Analitika » Uzağı 15 dəqiqədən ötrü risk etməyə dəyərmi? - ARAŞDIRMA

Uzağı 15 dəqiqədən ötrü risk etməyə dəyərmi? - ARAŞDIRMA

8-05-2017, 16:28
Oxunub: 3 786 Uzağı 15 dəqiqədən ötrü risk etməyə dəyərmi? - ARAŞDIRMA"Elə yollar var ki, sürət həddi Avropada saatda 150 km-di, bizdə 90 qoyublar

O cür yolda adam istəsə belə, yavaş sürə bilmir. Çünki indiki dövrdə hər anın öz qiyməti var və mən də zamanımı qiymətləndirmək istəyirəm. Bəzən isə maşında oturan adamlar bir az sürətli sürməyi tələb edirlər. Xarici maşınlarda da sürət həddi hiss olunmadığına görə, bəzən bilmədən də sürət həddini aşırsan”.
Bu sözləri bizimlə söhbətində bir neçə dəfə sürət həddini aşdığına görə, cərimə sanksiyası ilə üzləşən "Mitsubişi Pajero” avtomobilinin sahibi 30 yaşlı Sahib Yusifov bildirdi. Onun sözlərinə görə, ümumiyyətlə, sürətli sürəndə sürücünün bütün fikri yolda olur, amma yavaş sürəndə bir növ sürücüdə arxayınlıq yaranır və nəticədə yol qəzası baş verir. Sahib onu da etiraf edir ki, cərimələr artırılandan sonra çox nadir hallarda sürət həddini aşdığına görə radara düşüb: "Amma radar olmayan yerlərdə sürət həddini aşıram”.

50 faizdən 32 faizə düşən sürət

Sürət sevgisi olan müsahibimizin sözləri və sürət həddinin aşılmasına görə baş verən qəzalar göstərir ki, bu sahədə hələ də görüləsi işlər var. Təkcə iki ay əvvəl Bakı-Sumqayıt yolunda sürücü sürət həddinin aşdığına görə baş verən qəzada 5 nəfər 20-21 yaşlı gəncin dünyasını dəyişməsi bunu deməyə əsas verir.
Qeyd edək ki, cərimələr artırılana qədər Bakı şəhərində sürət həddinin aşılması ilə bağlı baş verən yol-qəza hadisələrinin sayı ümumi qəzaların 50 faizdən çoxunu təşkil edirdi. Bu barədə qəzetimizə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi. Onun sözlərinə görə, son 5 ildə ölkəmizə yeni texniki vasitələrin - sürətölçən cihazların, radarların və s. gətirilməsi Bakı şəhəri üzrə sürət həddinin aşılması ilə bağlı hadisələri 32 faizə salıb: "Belə olduğu halda, artıq sürücü istədiyi kimi hərəkət etmir. Çünki gözəl başa düşür ki, kameralar dostluğu, insanları ayırd etmir, kim olursa-olsun onun fotosunu çəkir və tədbir görülməsi üçün aidiyyəti ünvana göndərir. Yəni qəza metodları o qədər sərtləşdirilib ki, artıq mən inanmıram ki, kimsə özündən razı halda sürəti artırsın. Eyni zamanda, "Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə vaxtaşırı edilən əlavə və dəyişikliklər də bu gün müsbət göstəricilər əldə etməyə imkan verir. Məhz bu cərimələrin, sanksiyaların tətbiq edilməsi Bakı şəhərində baş vermiş yol-qəza hadisələrinin sürətlə bağlı göstəricisini 32 faizə salır”.

Yol hərəkətində mədəniyyət səviyyəsi formalaşmalıdır

Sürət həddini aşmağa meylli olan gənclərimizin bu qədər sərt qanunların qarşılığında hələ də olmasına gəlincə, V.Əsədov hesab edir ki, bu, sürücülərin gəncliyindən irəli gələn və mental xüsusiyyətlərimizlə bağlı çatışmazlıqdır: "Hesab edirəm ki, tətbiq edilən cərimələr və quraşdırılan yeni texnika bu cür gənclərimizin də "sürət sevgisi”nin azalmasına gətirib çıxaracaq. Yetərincə təbliğat işlərinin aparılması və insanların şüuruna təsir edənədək kompleks tədbirlərin həyata keçirilməsi lazımdır. Düşünürəm ki, bu yolla qəzaların sayını bir az da aşağı salmaq olar. Bunun üçün yol hərəkətində mədəniyyət səviyyəsi formalaşmalıdır. Hesab edirəm ki, yollarda yol polisi əməkdaşları olmasa da, sürücülər özləri öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar ki, hadisələr sıfıra ensin. Hələlik çox təəssüf ki, küçə və yollarda yol polisi əməkdaşını görməyəndə, bəzi sürücülərimiz bundan sui-istifadə edib kobud xəta edirlər. Bu, o deməkdir ki, hələ də yollarda bizim əməkdaşlarımız dayanmalı və xidmət aparmalıdır ki, buna da zaman lazımdır”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə mətbuata açıqlamasında bildirib ki, yüksək sürətin qəzanın ağırlıq dərəcəsinə təsiri olur: "Yəni sürət nə qədər az olsa, toqquşma zamanı xəsarətin sayı az olar və ya ölüm halları olmaya bilər. Nəqliyyat vasitələrindən hansısa birinin sürətinin nisbətən yüksək olması qəzaya yol açır. Artıq yüksək sürətlə idarə olunan maşın birbaşa qəzanın ağırlığına təsir göstərir”.

Psixoloji problem?

Psixoloq Orxan Orucun fikrincə, avtomobili sürətli idarə etmək adrenalinli bir hərəkətdir və orqanizmin müəyyən bir normada buna ehtiyacı var: "Başqa bir vasitə ilə adrenalin ehtiyacını ödəyə bilməyənlər üçün maşın ən rahat vasitədir. Birinci səbəb bu ola bilər. Digər tərəfdən, avtomobilə qədər dədə-babalarımız at sürüblər. Və ən sürətli qaçan ata sahib olmaq igidlik göstəricisi kimi qəbul olunub. Bütün nağıl və rəvayətlərimizdə atın kişinin ən yaxın və güclü dostu olması öz əksini tapır. Müasir dövrdə də atı avtomobil əvəz edir. Ola bilər ki, şüuraltı olaraq eyniləşdirmə aparırıq və ona görə də bəzən avtomobili sürətli sürmək və ya güclü avtomobilə sahib olmaq bir güc, hünər göstəricisi kimi təqdim olunur. Ümumiyyətlə, avtomobili sürətli sürmək və ondan zövq almaq demək olar ki, qeyri-məntiqi bir fəaliyyətdir. Bütün bunlara biz psixi problem deyə bilmərik. Dəfələrlə əcnəbi qonaqlar Bakıda avtomobillərin çox təhlükəli sürüldüyünü söyləyiblər. Amma bu, bizim üçün o qədər də hiss olunacaq səviyyədə deyil, çünki biz bu cür mühitə öyrəşmişik. Və deməzdim ki, hal-hazırda avtomobili təhlükəli sürənlərin, sürət həddini aşanların sayı çoxdur. Əvvəlki illərlə müqayisədə, məncə, xeyli azalma var. Burada cərimələrin, kütləvi maarifləndirmə işlərinin əvəzsiz rolu var. Mütəxəssislərimizin yol mühəndisliyi, yol nişanlarından düzgün istifadə ilə bağlı təcrübələri çoxaldıqca, bu kimi problemlər də tədricən azalacaq. Cəzalandırma üsulunun tərəfdarı olmasam da, bəzən bu metodun daha çox işə yarayan olduğunu düşünürəm. Yəni, cərimələrin miqdarı qalxarsa, düşünürəm ki, təhlükəli davranışlara meylliliyin statistikası da xeyli aşağı düşər”.

Sürətə qarşı qeyri-adi etiraz

Qeyd edək ki, ötən il Rusiyanın Nijeqorodskaya vilayətində bir qəsəbədə gənc xanımlar soyunaraq əllərində sürət həddini göstərən plakatlar tutmuşdular. Soyunmuş xanımlar yol boyu əllərində "Ötmə” və 40-60 sürət həddini göstərən plakatlar tutaraq, sürücüləri sürət həddinə riayət etməyə dəvət edirdilər. Aksiyanın məqsədi barədə danışan iştirakçılar deyiblər ki, ildə minlərlə insan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirir. Biz bu yolla sürücüləri sürət həddini aşmamağa və yol hərəkət qaydalarını pozmamağa dəvət edirik.

İctimai qınağa ehtiyac var

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli düşünür ki, problemin qarşısını almaq üçün ictimai nəzarətə ehtiyac var: "Bu gün sosial medianın masştabı o qədər genişlənib ki, hər kəsin üstündə ağıllı telefon var və ürəyi istəyən insan öz media mənsubiyyətini ortaya qoymaq imkanına malikdir. Hesab edirəm ki, kənardan bu prosesləri müşahidə edən vətəndaşlarımız bunun qarşısını almaq üçün sürət həddini aşan nəqliyyat vasitələrini çəkməli və məsələni ictimailəşdirməlidirlər. Bir sözlə, ictimai qınaq kampaniyası işə düşməlidir, vətəndaş cəmiyyəti aktiv və fəal olmalıdır. Bir də KİV-də təbliğat işinə ehtiyac var. Məsələn, Türkiyə telekanallarına, saytlarına fikir versək, görərik ki, siqaretlə mübarizəyə qarşı o qədər effektiv reklamlar və videoçarxlar verirlər ki, hətta o videoları izləyən Azərbaycan vətəndaşları belə o zərərli işlərdən uzaqlaşmağa, kənarlaşmağa başlayıblar. Bu tip maarifləndirmə işləri mütləq lazımdır”.
İ.Hüseynlinin fikrincə, sürət sevgisi gənclərimizin içindəki cahillikdən, enerjili olmaqdan irəli gəlir: "Burada psixoloji aspektlər də, təlim-tərbiyə ilə bağlı səbəblər də var”.

"Axı səni evdə gözləyən ailən var ”

"Mersedes” markalı maşınının sürücüsü, 27 yaşlı Heydər Bəşirov deyir ki, sürətli sürmək vərdişdir: "Əgər ünvandan vaxtında çıxıb təmkinlə, yollarda tələb olunan sürət həddi ilə sürməyə alışsan, bu, səndə vərdiş yaradacaq. Mən həmişə yola çıxanda düşünürəm ki, bu, Allah tərəfindən mənə verilən bir gündür, tələsərək bu günümü puç da edə, səbirlə, təmkinlə sürüb problemsiz də keçirə bilərəm. Bir də nə qədər sürətli sürsən də, ünvana Bakı kimi balaca yerdə uzağı 15 dəqiqə tez çata bilərsən. 15 dəqiqədən ötrü riskə getməyə dəyərmi? Axı səni evdə gözləyən ailən var”. \\kaspi.az\\