BolgeXeber.Com » İqtisadiyyat » Alverin 90 faizə yaxını Bakıda gedirmiş...

Alverin 90 faizə yaxını Bakıda gedirmiş...

15-05-2017, 17:47
Oxunub: 2 580 Alverin 90 faizə yaxını Bakıda gedirmiş...Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə pərakəndə ticarətin 80, topdansatışın isə təxminən 87 faizi Bakıda aparılır.Sumqayıtda, Gəncədə və Naxçıvanda bu göstəricilər 1.5 faiz ətrafındadır

Halbuki, elə həmin rəsmi mənbələr Bakının əhalisinin (2 milyon 225 min nəfər) qeyd olunan bölgələrin əhalisindən cəmi bir milyon nəfər çox olduğunu iddia edir.

Bu ilin birinci rübündə ölkədə pərakəndə ticarət dövriyyəsi (ƏDV və aksizlər daxil olmaqla) 921 milyon manat olub. Əvvəlki illə müqayisədə əhali ticarət əməliyyatlarına 34.4 faiz daha çox xərcləyib. Bunun əhəmiyyətli hissəsi qiymətlərin qalxması hesabına baş verib. Başqa sözlə, vətəndaşlar eyni mala daha çox pul ödəməli olublar. Bakıdakı ticarət obyektlərinin dövriyyəsi 742.5 milyon manat olub.

Topdansatış ticarət müəssisələrinin əməliyyatlarının ümumi həcmi, vergilər nəzərə alınmaqla, 1 milyard 460 milyon manata yaxın – ötən ildəkindən 400 milyon manat çox olub. Bu əməliyyatların həcminin yüksəlməsinin bir səbəbi də elektron qaimə-fakturaya keçidə hazırlıq olub. Mütəxəssislər orta və iri ticarət obyektlərinin dövriyyəsinin leqallaşdırılmasında bu amilə xüsusi önəm verirlər.

Kiçik ticarət obyektləri orta və iri sahibkarlara getdikcə daha çox uduzmağa, bazarda mövqelərini itirməyə doğru gedirlər. Bu ilin yanvar-mart aylarında yerli kiçik ticarətçilərin toplam satış dövriyyəsi 431 milyon manat həcmində qiymətləndirilib. Bu, bütün ticarətin (2 milyard 380 milyon manat) 18.1 faizi edir. Təkcə bir fakt: yerli kiçik ticarətçilərin pərakəndə satış dövriyyəsi 152.5 milyon manat olduğu halda, orta və iri biznes bundan 5 dəfə çox – 763.3 milyon manatlıq mal sata bilib.

Başqa bir diqqətçəkən məqam xarici kapitalın iştirakıyla yaradılan ticarət şirkətlərinin dövriyyəsi ilə bağlıdır. İlk üç ayda onların satışlarının həcmi 690 milyon manatı aşıb. Bu, ümumi ticarət dövriyyəsinin 29 faizini təşkil edir. Azərbaycanda ticarətə sərmayə yatıran, hələlik, sayı elə də çox olmayan əcnəbi iş adamlarının 3 aydakı pərakəndə satış dövriyyəsi (130 milyon manat) yerli tacirlərin yuxarıda qeyd olunan göstəricisinə (152.5 milyon manat) yaxınlaşıb. Beləliklə, yerli ticarətçilər mövqeləri daha geniş çeşiddə mal təklif edən və iri dükanlarda xidmət göstərən əcnəbi iş adamlarına verirlər.