BolgeXeber.Com » Ölkə » Azərbaycanda çörək bahalaşa bilər

Azərbaycanda çörək bahalaşa bilər

16-05-2017, 10:17
Oxunub: 2 146 Azərbaycanda çörək bahalaşa bilərDünya bazarında ərzaq buğdasının (taxılın) qiyməti durmadan bahalaşır

Belə ki, qiymət 2016-cı ilin dekabrında 122,8 dollar, 2017-ci ilin yanvarında 137 dollar olduğu halda, bu gün 187, 4 dollar təşkil edir. Bu hal isə taxılı xaricdən idxal edən ölkələrdə çörəyin və digər un məmulatlarının da qiymətinə təsir göstərə bilər.

Müvafiq rəsmi qurumlar Azərbaycanın taxıl tələbatını daxili istehsalın hesabına ödədiyini bildirsələr də, bu da faktdır ki, manatın dollara nisbətdə kəskin ucuzlaşdığı ərəfədə ölkədə un istehsalı ilə məşğul olan şirkətlər qiymətləri qaldırmışdılar. Buna səbəb kimi isə idxal edilən taxılın qiymətindəki artım göstərilirdi. Bəs ölkə taxıl idxalından nə dərəcədə asılıdır?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov sosial şəbəkədə bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, onu demək olar ki, ölkədə mövcud olan əkin sahələrinin əsas hissəsi, 65-70 faizi taxıl bitkilərinin əkini üçün istifadə edilir: “Son bir neçə ildə taxılçılığın inkişafı üçün dövlət dəstəyi nəzərdə tutulsa da, bu sahəyə, xüsusən buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya verilsə də, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir. Ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir - baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə 1 milyon 800 min tondan çox buğda istehsal olunduğunu iddia edir, hər il Azərbaycana 1,4 - 1,6 milyon ton buğda idxal olunur. Ölkəyə buğda əsasən Rusiyadan idxal edilir. Dövlət büdcəsindən həmçinin toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır.

Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir. Dövlət büdcəsindən sahənin inkişafı üçün ayrılan vəsaitlərin mənimsənildiyi faktlar aşkar edildi. Fermerlərə çatan az miqdarda maliyyə vəsaiti isə sahənin normal inkişafı üçün yetərli deyil. Ona görə ki, son bir neçə ildə istehsal vasitələrinin qiymətləri kəskin şəkildə artmışdı. Dizel yanacağının, benzinin, texnikanın, mineral gübrələrin və pestisidlərin qiymətləri artdığı halda bu sahədə məhsuldarlığı artırmaq mümkün olmamışdı. Taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi optimal şəkildə artırılmalıdır”.

İqtisadçı Rəşad Həsənov da mövzu ilə əlaqədar “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan insan istehlak məqsədli un məmulatlarında idxal olunan buğdadan asılı vəziyyətdədir: “Çünki Azərbaycan taxıla olan tələbatının 45 faizini idxal edir və taxıl məhsullarının istehlak kateqoriyaları üzrə təhlilini aparanda görmək olur ki, təxminən Azərbaycanda eyni həcmdə taxıl məhsulları məhz un məmulatlarının istehsalına yönəldilir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda əsasən un məmulatları idxal olunan buğdadan asılıdır. Buğdanın isə qiyməti dünya bazarında artırsa, son nəticədə təbii ki, ölkə daxilində də qeyd etdiyimiz məhsulların qiymət artımı baş verməlidir. Xüsusilə də hazırda mövsümün sonu hesab olunduğu üçün bu məhsulların qiymətlərində artımlar daha sürətlə müşahidə olunur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, təxminən bir neçə ay ərzində unun qiymətində artım baş verəcək. Ola bilsin ki, müəyyən mənada mövsümi xarakter daşıdığı üçün çörək istehsalı müəssisələri qiymətləri artırmasınlar. Ancaq qiymətlər gözləniləndən artıq bahalaşarsa və bu, artıq istehsalçı üçün zərərə gətirib çıxararsa, çörəyin qiymətinin bahalaşması qaçılmaz ola bilər. Ümumilikdə onu da qeyd etmək lazımdır ki, yerli istehsal olan taxıl öz keyfiyyət göstəricilərinə görə heç bir halda ərzaq məhsullarının istehsalına uyğun olan standartlara cavab vermir. Bu səbəbdəndir ki, Azərbaycanda taxıl məhsullarının böyük bir qismi idxal mənşəlidir. Ölkədə bu sahədə məhsuldarlıq səviyyəsi də aşağıdır”.

Ekspertə görə, Azərbaycan taxılını bəzi müasir dəyirmanlar götürmür: “Azərbaycan taxılının tələbatı ödəməməsinin səbəbi iqlim şəraiti və taxılın sortlarından asılıdır. Azərbaycanda daha keyfiyyətli taxılın yetişdirilməsi mümkün deyil. Bu mümkün olduğu təqdirdə belə, onun məhsuldarlığı kifayət qədər aşağı olur ki, nəticədə prosesin icrası üçün tələb olunan şərtlər və xərclər heç də sərfəli olmur. Azərbaycanda bir sıra yeni quraşdırılmış dəyirmanlar var ki, onlar yerli taxılı üyütmə qabiliyyətində deyillər. Çünki yerli taxıl o qədər sərt və eyni zamanda aşağı keyfiyyətlidir ki, avadanlıqlar bu məhsulları qəbul etmir”. \\musavat.com\\