BolgeXeber.Com » Bölgə » Sabirabada vətəndaşlar çarəsiz qalıb

Sabirabada vətəndaşlar çarəsiz qalıb

19-01-2011, 12:35
Oxunub: 6 344 Seldən əziyyət çəkənlər arasında ayrı-seçkilik edilir, kimin pulu varsa ona mənzil tikilir

Ötən ilin mayında baş vermiş sel fəlakətindən sonra dövlət büdcəsindən dəymiş zərərin aradan qaldırılması üçün ayrılmış 300 milyon manatın taleyi hələ də qaranlıq olaraq qalır. Yerli qurumların ötən payızdan etibarən inşa etməyə başladığı mənzillərin tikintisi məsələsi isə ortalığı lap qarışdırıb. Çünki rayon İcra Hakimiyyəti başçılarının daha çox pul qazanmaq həvəsi qışın oğlan çağında küçədə qalmaq məcburiyyətində olan insanların əsəblərini tarıma çəkib.

Bolgexeber.com-a Sabirabad rayonu Azadkənd kəndindən daxil olan şikayətdə də bundan bəhs olunur. Elnur, Elman və Eldəniz Təhməzovlar, Baba Əliyev, Fəzail və Rafət Allahverdiyevlər tərəfindən edilən şikayətdə bildirilir ki, onların evlərini sel aparmasına rəğmən, indiyə qədər onların mənzilləri təhvil verilməyib. Səbəb isə yaşadıqları kənddə tapşırılan şəxslərin və ya imkanı çox olanların maraqlarının qorunmasıdır.

Onlar bildiriblər ki, hal hazırda Azadkənddə yerləşən və əhali tərəfindən daha çox 6 saylı sovxoz kimi tanınan ərazidə iki tikinti şirkəti fəaliyyət göstərir. Onların sözlərinə görə, ötən payızdan etibarən bu ərazidə seldən əziyyət çəkmiş vətəndaşlar üçün mənzil tikməklə məşğul olan şirkət açıq şəkildə ayrı-seçkiliklə məşğuldur. «Azadkənddə evlərin tikintisi planlı şəkildə həyata keçirilmir. Adda-budda şəkildə tikilən evlər isə ayır-seçkiliyin əlamətidir. Çünki imkanı olmayan adamların evlərinin tikilməsi yubadılır. O şəxslərə ev tikilir ki, onları ya tapşırıblar, ya da kimlərəsə pul veriblər».

Şikayətçilər deyir ki, hətta kənddə evlərini su aparmayan şəxslər üçün belə mənzil tikilib. Onların sözlərinə görə, buna misal olaraq konkret adlar belə çəkə bilərlər. «Məsələn, Hidayət Mehdiyev, Vaqif və Yasər adlı kənd sakinlərinin evlərinə ümumiyyətlə seldən heç bir zərər dəyməyib. Amma tikinti şirkətləri ilk olaraq onların evlərini tikərək təhvil veriblər. Bunun adını tapıb, qoya bilmirik».

Şikayətçilər deyirlər ki, kənd sakinləri bu məsələni bir neçə dəfə qaldırıblar. Hətta bu yaxınlarda onlar Bakıya, FHN rəhbərliyi ilə görüşmək üçün gəliblər. «Biz şikayətimizi FHN rəhbərliyinə çatdırdıq. Onlar da bizə tövsiyyə etdilər ki, bu məsələ ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinə müraciət edək. Çünki əhalinin problemi ilə bağlı onlara tapşırıq artıq verilib».

Lakin Sabirabada geri dönən Azadkənd sakinləri yenə də əvvəlki münasibətin şahidi olublar. Hərçənd əvvəlkindən fərqli olan tək cəhət isə o olub ki, icra başçısının müavini və FHN-in yerli şöbəsinin müdiri Vəfadar Bağırov onları qəbul edib. «Vəfadar Bağırov bizi qəbul edib, dinlədi. Bizə dedi ki, əgər problemin həllini istəyiriksə, Bakıya şikayət etməyək. Səbəb də onu göstərib ki, bəs, belə olanda onların işləri çətinə düşür. Həmin vaxtdan xeyli vaxt keçib, amma yenə də vəziyyət düzəlmir».

Bolgexeber.com-a müraciət edən şikayətçilər onu da deyirlər ki, onlar bir müddət daha gözləyəcəklər. Əgər yaxın vaxtlarda onlar mənzillə təmin edilməsələr, o zaman Sabirabad və Bakıda aksiyalar keçirməyə başlayacaqlar.