BolgeXeber.Com » Sosial » Mağazalarda bunlara diqqət edin - alıcıları oyatmağın qızıl qaydaları

Mağazalarda bunlara diqqət edin - alıcıları oyatmağın qızıl qaydaları

22-05-2017, 12:39
Oxunub: 3 178 Mağazalarda bunlara diqqət edin - alıcıları oyatmağın qızıl qaydalarıEyyub Hüseynov: “Bəzi ticarət obyektləri hələ də təhlükəli məhsulların satışı ilə məşğuldur”

Son zamanlar mediada saxta qida problemi bütün dünyanı, eləcə də Azərbaycanı başına götürüb. İnsanlar artıq mağazalarda saxta olmayan qidaların axtarışındadır. Rusiyanın maximonline.ru saytı bununla bağlı maraqlı bir araşdırma hazırlayıb. Məlum olub ki, bəzi qidalarda saxtalıq faizi nə qədərdir, nəyi nədən və necə hazırlayırlar. Bunun orqanizmə ziyanı nə qədərdir?

Pendir belə saxtadır, bal isə başqa cür
Saytın hazırladığı siyahıda xeyli ərzaq məhsullarının adı var. Onlardan birincisi pendirdir. Bəzi istehsalçılar çox ucuz pendiri bahalı kimi alıcıya təqdim edirlər. Saxta pendirdə süd əvəzinə palma yağından istifadə edilir. Fırıldaqçılar parmezana sellüloza əlavə edirlər. “The Moscow Times ttp://www.themoscowtimes.com/business/article/fake-cheese-floods-russian-stores/536730.html” qəzetinin apardığı araşdırma nəticəsində məlum olub ki, Rusiya bazarlarındakı pendirlərin 75 faizi saxtadır. Moskva mağazalarının payına isə bu saxta pendirlərdən 45 faiz düşüb.
İkinci sırada bal dayanır. Saxta balı hazırlayan zaman isə elə məhsullardan istifadə olunur ki, onun bala ümumiyyətlə, dəxli olmur. Bu, qarğıdalı siropu, şəkər tozu ola bilər. 2008-ci ildə alman kampaniyası olan “ALW Food Group” böyük bir qalmaqalın iştirakçısına çevrilib. Buna səbəb isə bu kampaniyanın Çindən ucuz bal alıb, onu ABŞ-a, Rusiyaya satması olub. Onlar bunu Çinin ağ balı kimi təqdim edirdilər. Araşdırma zamanı isə məlum olub ki, bu balın tərkibində bəzi ölkələrdə istifadəsi qadağan olunan xloramfenikoldan istifadə olunub. Sonuncu ciddi allergiya səbəbi sayılır.


Balın saxta olub-olmadığını müəyyənləşdirməyin ən sadə üsulu isə belədir: onu çörəyin üstünə yaxır və bir neçə dəqiqə gözləyirsən. Əgər çörək xırtıltılı olsa, balın təmiz olduğu sübut ediləcək. Yox əgər yumşalsa, islansa, bu, onun saxta olduğunu göstərir.
Zeytun yağının 57 faizi saxtadır


Üçüncü sırada isə zeytun yağıdır. 2007-ci ildə “New Yorker” xəbər verirdi ki, zeytun yağının 57 faizi saxtadır. Belə ki, saxta yağların tərkibində rəngləndirici, aromatizator qatılır. Sonuncu sayəsində saxta yağın qoxusunu öldürməyi düşünürlər.


Saxta şokoladları da unutmayaq. Müasir saxtakarlar ucuz şokolad hazırladıqları zaman onun tərkibinə bitki yağı, ucuz ərzaq məhsulları əlavə edirlər. Halbuki əsl şokoladın xarici görünüşü məxmər kimi olmalıdır. Çətin qırılan şokolad keyfiyyətli deyil. Yaxşı şokolad ağızınıza aldıqda asanlıqla qırıla bilən və damağa yapışmadan asanca əriyə biləndir. Şokoladın üzərində əyrilik hiss edilməməlidir.


Balıq təhlükəsi - ətrafı buzludursa, təhlükədən sığortalanmayıb


Azərbaycan qara kürü istehsalçısı olmasına baxmayaraq, ölkə vətəndaşları üçün o, əlçatmaz sayılır. Keyfiyyətli kürü çox bahadır. Azərbaycan bazarlarında süni kürü çoxdur, balıq yağının köməyilə düzəldilir. Azərbaycanda təmiz qara kürü çoxları üçün əlçatmazdır.
Saxta malların sırasında balıq və qara kürü xüsusi yer tutur. Alıcı adi gözlə baxanda saxta balıqla təmiz balığı bir-birindən ayıra bilmir. Daha çox keyfiyyətli balıq adı ilə alıcıya panqasius təqdim edilir. Osetrin əvəzinə isə yağlı balıq təqdim edə bilirlər. Mağazadan balıq alanlar isə onların daha çox buzun “əhatəsində” olmasına aldanır. Buzlu balığın ümumi görüntüsü onun saxta və ya həqiqi balıq olmasını müəyyənləşdirməyə imkan vermir. Bundan başqa, dondurulmuş halda balıq və dəniz məhsulları ciddi şəkildə çəki itirir.


Bazarlarda geniş yayılan saxta malların arasında araq da xüsusi yer tutur. Standart tələb edir ki, arağın xarici görünüşü şəffaf olmalı, tərkibində kənar cisimlər olmamalı, dadı və aromatı araq məhsullarına xas olmalıdır. Arağın ekstra növlərində spirtin həcmi 38-56 faiz, lyuksda 40 faiz olmalıdır. Təbii ki, araq məhsullarının üzərində istehsal tarixinin yazılması da mütləqdir. Lakin yararlılıq müddəti deyil, tövsiyə olunan zəmanət müddəti şüşənin üzərində qeyd oluna bilər. Araq məhsullarının konkret yararlılıq müddəti 1-2-3 il göstərilmir, yəni bu müddət tələb kimi qoyulmur. Zəmanət müddəti araq məhsullarında beş il müəyyənləşdirilib. Yəni beş il ərzində araq istehlakının həyata keçirilməsi tövsiyə olunur.


Standartlara cavab verməyən, tərkibində zəhərlənməyə səbəb olan maddələrin çox olduğu araqların böyük hissəsi restoranların zirzəmilərində fəaliyyət göstərən sexlərdə hazırlanır. Buna görə də araqdan kütləvi zəhərlənmələr restoranlarda baş verir. Hətta bu sexlərdə istehsal edilən araqların bazara çıxarıldığı da deyilir.


Məhsulun, istehsalçı müəssisənin adı, istehsal tarixi, istifadə müddəti və ya son istifadə tarixi, qida dəyərliliyi, tərkibi, müvafiq standartı və s. haqda bilgilər öz əksini tapmalıdır. Bundan başqa, tort və pirojnaların forması düzgün, zədəsiz, krem layları bir bərabərlikdə olmaqla dadı və iyi çeşidinə müvafiq olmalıdır. Tort və pirojnalar mütləq soyuducu şkaf və kameralarda saxlanmalıdır. Bişirilmiş kremli məmulatı 3 saat, kərəli-kremli məmulatı 36 saat, meyvəli-kremli məmulatı 3 gün, bəzəksiz məmulatı 10 gün, vafli tortlarını 1 ay saxlamaq olar. Keksləri 2-12 gün, ruletləri 5 gün, romlu kökələri 2 gün 180 C-də, 70-75 faiz nisbi rütubətdə saxlamaq olar. Digər məsələ tort və pirojnalaın daşınma və saxlanmaya davamsız olmasında özünü göstərir.


Mağazalarda detektiv olmaq lazımdır - saxtanı doğrudan ayırmaq çətindir

ATV kanalının apardığı araşdırmada isə saxta malların siyahısında xeyli ilginc adlar var. Bunlardan biri telyapiya adlı balıq növüdür. Bu növ Çində xüsusi fermalarda artırılır. Bu balıq ən təhlükəli və qorxuludur. Telyapiya nə olsa yeyir və balaca hovuzlarda belə, suyu dəyişdirilmədən böyüdülür. Çindən gətirilmiş bu balıqları qətiyyən qidada istifadə etmək olmaz. Hətta Çində telyapiyanı yetişdirən fermerlər bu balıqdan qidalarında istifadə etmirlər.


Treska balıq növü isə Çində fermalarda istehsal edilir. Treska balığı da sağlam qidalara aid deyil. Bunlardan əlavə, Çindən idxal edilən alma şirələri, konservləşdirilmiş göbələk, sarımsaq, toyuq, düyü, qara istiot, duz, yaşıl noxud və sairə kimi qidaların da süni istehsalı var.


Ümumiyyətlə, göbələk bir o qədər də xeyirli qida deyil. Çünki göbələklər radiasiya şüasını özünə çəkir. Həmçinin, göbələyin Çindən gətirildiyi məlum olarsa, onun təbii olmasına artıq şübhə var. Sarımsaq uzun müddət cücərməsin deyə, Çində kimyəvi dərmanlarla yetişdirilir.


Toyuqları isə tez çəki alması üçün kimyəvi üsulla böyüdürlər. Çinin istehsal etdiyi duz tərkibi hələ bəlli olmasa da, bu gün istifadə etdiyimiz duzdan qətiyyən seçilmir. Aldığınız düyünü yuduqda, suyu bulanmırsa, bişib əzilmirsə, Çində sintetikadan hazırlanma ehtimalı var.


Yaşıl noxudun tərkibində isə qidalara qatılması qadağan edilən kimyəvi rənglərdən istifadə olunub. Bu noxud nə qədər qaynadılsa belə, yumşalmır. Çinin istehsal etdiyi bu qidalardan qaçmaq və diqqətli olmaq lazımdır. Çünki bu qidalar orqanizmdə ciddi fəsadlara yol aça bilər.
Saxta düyülər də hər zaman araşdırmaların əsas mövzusu olub. Bunları istehsal edən ölkələrin başında isə Çin dayanıb. Çində düyülərin un və plastik materiallardan hazırlanması barədə internetdə videolar yayılıb. Adi gözlə saxta düyünü təbiisindən fərqləndirmək qeyri-mümkündür. Saxta düyülər olduqca möhkəm olur və saatlarla qaynadılsa belə, dağılmır. Bu düyülər kartof, şirin kartof və plastikdən hazırlanır.


Süni düyü məhsulları daxili bazarda satışa artıq çoxdan çıxarılıb. Çində 2008-ci ildə hazırlanan saxta südlə qidalanan 300 min uşaqda böyrək problemləri yaranmış, altı uşaq həmin süddən zəhərlənərək ölmüşdü. Lakin həmin vaxt Pekin Olimpiadası keçirildiyindən, məsələ çox qabardılmadı.


2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi “Salyan Qida Məhsulları”na məxsus istehsalat müəssisəsində yoxlama aparıb. Müəssisədə istehsal olunan sahəsində aparılan yoxlama zamanı məhsulların üzərində digər firmalara məxsus əmtəə nişanı vurulduğu və bununla da alıcıların aldadıldığı bəlli olub. Yoxlama zamanı müəssisədə pivə istehsalının reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, sənədli şəkildə təsdiqlənmədiyi halda istehsal olunan pivələrin qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə çeşidlərindən biri olması barədə qeyri-dəqiq reklamın verildiyi aşkarlanıb.


Azərbaycanda bir sıra məhsullar Qafqaz Müsəlmanları İdarəsinin icazəsi olmadan “Halal” nişanı altında satılır. Əslində bu da saxta qida kateqoriyasına aiddir. Belə ki, “Halal” nişanı yalnız Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə verilir, lakin bu nişan altında saxta qida məhsulları satılır. Bu səbəbdən “Halal” nişanlı həqiqi ərzaqları saxta ərzaqlardan ayırmaq olmur. Sözügedən mövzu barədə QMİ rəhbərliyi tərəfindən tez-tez açıqlamalar verilir.
50 faiz standarta uyğun deyil?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə tez-tez mediaya verdiyi açıqlamalarda bildirir ki, hazırda bazarda spirtli içkilərin təxminən 50 faizi standartlara uyğun deyil: “Əsasən də sərinləşdirici içkilər və ət-süd məhsulları bazarındakı vəziyyət daha acınacaqlıdır. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında göstərilən məlumatlara əsasən, Azərbaycan əhalinin yaşam həddinə görə bir çox ölkələrdən geri qalır. Şübhəsiz ki, bunda qida məhsullarının rolu az deyil. Bütün bunları nəzərə alaraq, istehlakçıların hüquqlarını qoruyan qanunların dəyişdirilməsi və yaxşılaşdırılması önəmlidir. Hazırda ölkəmizdə istehlakçı siyasəti mövcud deyil. Dövlətimizdə bununla bağlı qanunlar var, lakin onlar bir-birinə ziddir. İstehlakçı bazarın əsas subyekti olduğuna və bütün bu sistem onun hesabına işlədiyinə görə dövlət istehlakçı hüquqlarının müdafiəsi üçün əlindən gələni etməlidir. Təbii ki, ilk növbədə qida məhsullarının təhlükəsizliyi təmin edilməlidir. Düzdür, hazırda istifadə müddəti bitmiş və ya istifadəyə yararsız, orqanizm üçün təhlükəli olan məhsulların məhv edilməsi üzrə müvafiq iş həyata keçirilir. Lakin bəzi ticarət obyektləri hələ də təhlükəli məhsulların satışı ilə məşğuldur”.


E.Hüseynov hazırda milli dildə markalanmamış məhsulların boykot edilmə kampaniyasını həyata keçirdiklərini dedi: “Proqramın gerçəkləşdirilməsinə artıq 1 ildir ki, start verilib. Ölkəmizdə malların 80-85 faizi Azərbaycan dilində markalanmır və bu da qanuna ziddir. Ona görə də istehlakçılar üçün avtomatik axtarış mərkəzini açmaq, bütün xidmət sahələrində istehlakçılarla müqavilələrin imzalanmasına nail olmaq istəyirik. Həmçinin qarşımıza Cənubi Qafqaz ölkələrinə təhlükəli mal və məhsulların gətirilməsinin qarşısının alınması, təhsil prosesinə ”İstehlakçı hüquqlarının əsasları" fənninin daxil edilməsi, “İstehlakçının səsi” proqramının hazırlanması məqsədini qoymuşuq".musavat.com