BolgeXeber.Com » Analitika » “Həzrəti Yusif” serialının ekranlardan yığışdırılmasının ilginc səbəbi

“Həzrəti Yusif” serialının ekranlardan yığışdırılmasının ilginc səbəbi

2-06-2017, 11:30
Oxunub: 4 569 “Həzrəti Yusif” serialının ekranlardan yığışdırılmasının ilginc səbəbiYerli telekanallarda Ramazan əhval-ruhiyyəsi hiss olunmur; televiziyaların məsələ ilə bağlı öz izahı var...

Statistikadan belə məlum olur ki, son 6 ildə Azərbaycanda oğlan uşaqlarına daha çox Yusif adı qoyulur. Məsələn, 2011-ci ildə doğulan 4170 körpənin adı Yusif olub. Ötən il də Yusif adı siyahıda birinci olub - 3395 körpəyə Yusif adı verilib. Eləcə də bu il də oğlanlara verilən ad siyahısında Yusif birinci yerdədir, siyahıda sonra gələn adlar isə Əli Hüseyn, Ömər və digər adlardır.

Maraqlıdır, niyə son 6 ildə valideynlər uşaqlarına Yusif adını qoymaqda maraq göstərir? Buna səbəb nədir? İddialara görə, bunun ən əsas səbəbi 2010-11-ci illərdə Azərbaycanda böyük tamaşaçı kütləsi qazanan və hər kəsin müzakirə etdiyi, İran istehsalı olan “Həzrəti Yusif” teleserialıdır. Məhz həmin illər ərzində serialın təsirindən əksər valideynlər yeni doğulan körpələrinə Yusif adı qoymağa başlayıb. Hətta Ədliyyə Nazirliyi açıqlama yayaraq bildirmişdi ki, 2010-14-cü illər ərzində valideynlər 258 oğlan uşağına Həzrət, 2 körpəyə isə Həzrətiyusif adını verib.

45 seriyadan ibarət film 2008-ci ildə çəkilib. Satışa çıxdığı ilk gündən Latın Amerikası, Avropa ölkələrində, həmçinin Türkiyədə, Pakistanda urdu dilində və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə, o cümlədən türk, Azərbaycan, ingilis, fransız, ərəb, italyan, ispan və sairə dillərə tərcümə edilərək yayımlanıb. Filmin çəkilişləri 7 il davam edib. Büdcəsi 2 milyon ABŞ dəyəri olan serialda Yusif peyğəmbərin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, fironla görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır. Qısa zaman kəsiyində film bütün baxış rekordlaırnı yenilədi, böyük uğur əldə etdi. Həzrəti Yusif rolunu canlandıran Mustafa Zəmani isə TV kanalların mükafatlarını qazanıb. Film Türkiyədə “Star TV” və “Kanal7" kanallarında yayımlanıb.

Serial ölkəmizdə 2010-cu ildə Ramazan boyunca “Space TV”də yayımlanmışdı. Filmin dublyajını mərhum xalq artisti İlham Əsgərov, xalq artisti Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev kimi peşəkar aktyorlar səsləndirmişdi. 2011-ci ildə serialın “Lider TV” kanalında da yayımlanacağı haqda anonslar yayılsa da, sonradan adıçəkilən televiziya texniki səbəblər üzündən serialın yayımının dayandırıldığını açıqladı.

Beləliklə, artıq bir neçə ildir ki, serial nə Ramazan günlərində, nə də adi günlərdə ekranlarda yayımlanmır. Maraqlıdır ki, bu il də Ramazanın ilk günlərini yaşadığımız vaxtlarda televiziya kanallarında bu cür dini film və ya verilişlər müşahidə olunmur, orucluq əhval-ruhiyyəsi yaşanmır. Hətta bəzi kanallarda müəyyən olunmuş gecə saatlarında deyil, daha tez vaxtlarda müxtəlif araq içkilərinin şirnikləndirici reklamları gedir. Halbuki qonşu dövlətlərdə, hətta spirtli içkiyə daha çox meylli olan Rusiyada belə bu cür içkilər daha az reklam olunur (Hazırda “Həzrəti Yusif” Türkiyədə “Kanal 7"də yayımlanır).


Məsələ ilə bağlı bir sıra televiziya kanallarının mövqeyini öyrənməyə çalışdıq. ATV mətbuat xidmətinin rəhbəri Turan İbrahimov bəzi məzhəb problemlərinə görə dini verilişlərin yayımlanmasından çəkindiklərini bildirdi: “Dövlət miqyasında dini verilişlər var. Məsələn, "Space TV"də var, digər kanallarda da bu cür verilişlərlə rastlaşmışam. O ki qaldı ATV kanalına, ta əvvəldən kanalımız xüsusi olaraq din üçün verilişin ayrılması, bununla məşğul olmaqdan bir qədər çəkinib. Bilirsiz ki, Azərbaycanda dinlə bağlı bəzi məzhəb problemi var. Buna görə də müəyyən mənada ”yaxşı iş görərik, burda bir qədər fitnə olar" deyə çəkinirik və bu məsələlərdən uzaq durmuşuq. Artıq bir neçə ildir ki, ATV kanalına daxil olan radioda Ramazanla bağlı dini veriliş yayımlanır. Yəni məsələyə biz çox müdaxilə etmirik, müəyyən mənada başqa problemlərin çıxacağından çəkinirik. Lakin ATV-nin bəzi verilişlərində Ramazanla bağlı müzakirələr olur, din adamları mütəmadi olaraq verilişlərə dəvət alır, onlar situasiyalara uyğun olaraq dini maarifləndirmə aparırlar".

ATV əməkdaşı spirtli içkilərin reklamı ilə bağlı məsələyə də toxundu: “Bizdə reklam haqqında qanun var. Həmin qanunda hansı vaxtlarda reklamın gedib-getməyəcəyi haqda bildirilir. Buna əsasən də spirtli içkilərlə bağlı reklamlar gec saatlarında verilir. Bu zaman nəzərə alınmır ki, hazırda Ramazan və yaxud digər aylardır. Yəni Azərbaycan dünyəvi ölkə olduğuna görə bütün qanunvericilik və digər qayda-qanunlar dini inanclara əsaslanmır. Buna görə məsələyə ”Ramazan ayında niyə spirtli içkilərin reklamı gedir" kontekstində baxmaq doğru deyil".

AzTV-nin mətbuat xidmətinin rəisi Xatirə Qasım isə məsələyə bu cür şərh bildirdi: “Mədəniyyət kanalında ”Haqqın dərgahı" verilişi yayımlanır. Və həmin verilişi uzun illərdir ki, Vasim Məmmədəliyev aparır. Həmin verilişdə Ramazanla bağlı bütün məsələlərə ətraflı toxunulur. Həmçinin “Xəbərlər” və “Səhər” verilişində hər gün Ramazanın günləri, imsak və iftar vaxtları açıqlanır. Adəti üzrə Ramazan ayı başa çatdığı gün hansısa dini bədii film nümayiş olunur".

"Lider TV"dən isə bildirildi ki, “Xəbərlər” proqramından dərhal sonra iftarla bağlı ayrıca veriliş yayımlanır.musavat.com