BolgeXeber.Com » Siyasət » Putin NATO ölkələrini aşağıladı

Putin NATO ölkələrini aşağıladı

5-06-2017, 10:00
Oxunub: 2 736 Putin NATO ölkələrini aşağıladıQabil Hüseynli: “Ermənistan daha çox Rusiyanın vassalıdır, yoxsa Almaniya?”

Rusiya prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb. Dövlət başçısının rejissor Oliver Stounla müsahibəsini “Politico” nəşri yayıb. Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. “Bu gün o, ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var” - deyə prezident qeyd edib.


Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi - lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.


“Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa - raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri” - deyə Rusiya lideri əlavə edib.


Ekspertlər hesab edirlər ki, Rusiya rəhbərinin bu fikirləri ilk növbədə, hazırda şimal qonşumuzun yaxın münasibətlərdə olduğu NATO ölkəsi Türkiyə ilə əlaqələrə ciddi zərbə vura bilər. Bu aşağılayıcı fikirlərin Amerika başda olmaqla, digər NATO ölkələri ilə Rusiyanın son illərdə kəskinləşən münasibətlərinin daha kritik həddə çatacağına səbəb olacağı qeyd olunur. Hətta bu fikirlərlə Kreml sahibinin NATO üzvlərinə savaş açdığı da bildirilir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Putinin bu açıqlamaları son günlərdə Avropa Birliyinin dağılacağı ilə bağlı səslənən fikirlərdən doğur: “Rusiya NATO-nun dağılması üçün maksimum səy göstərir. Öz gözündə tiri görməyən adam başqasının gözündə qıl axtarır. Məsələn, Ermənistan daha çox Rusiyanın vassalıdır, yoxsa Almaniya? Almaniya NATO-nun aparıcı qüvvələrindən biridir. Amerika Putinin vassal dediyi ölkələrə, xüsusilə, Almaniyaya İkinci Dünya müharibəsindən sonra xüsusi bir Marşal proqramı hazırladı. Dağılmış Almaniyanın bərpa olunması ilə bağlı xüsusi proqram hazırladılar. O zaman SSRİ-yə təklif edildi ki, dağılmış Almaniyanın çox hissəsini bu günə siz salmısınız, onun üçün Marşal proqramına qoşulun. Stalin o zaman qəti surətdə bundan imtina etmişdi. İndi Putinin vassal dediyi ölkəyə ABŞ maksimum dərəcədə yardım göstərmişdi. O vaxtlar Stalinin gözü o qədər qızışmışdı ki, Türkiyəni də SSRİ-nin tərkibinə qatmaq istəyirdi. Bunun üçün xüsusi hücum planı da hazırlamışdı. O zaman Amerika və digər NATO üzvlərinin səyləri nəticəsində təcili surətdə Türkiyə NATO-ya qəbul olundu. Bundan sonra Stalinin qabarmış iştahası tamamilə küsdü, çəkilib yerində oturdu. Rusiyanın təsir dairəsində olan KTMT ölkələri ilə NATO ölkələrini müqayisə etsək, kəskin fərqləri görməmək mümkün deyil. Bunları müqayisə etməyə belə əsas yoxdur. Putinin əsas niyyəti bəllidir. Qarşısında zəifləmiş Avropanı görmək istəyir. Eyni zamanda, Avropa Birliyi ilə ABŞ arasında münasibətlərin kəskinləşməsini arzulayır. Xüsusilə, NATO-nun Şərqə doğru genişlənməsindən Kreml uzun illərdir narahatdır. Putinin bu fikirləri heç bir reallığa uymayan, tamamilə siyasi məqsədlər güdən, həm də NATO üzvlərini aşağılayan bir deyimdir. NATO çərçivəsində Amerikanın Almaniya və Fransaya təzyiqi mümkündürmü? Əvvəllər hətta Fransa NATO-nun hərbi strukturlarından çıxmışdı, son vaxtlarda qayıdıb. O vaxtlar Amerika ilə fikir ayrılığı olduğuna görə, Fransa bu addımı atmışdı. Demokratik ortamda formalaşmış, yaxın əlaqələrə malik, üçüncü bir dövlətin təcavüzünə qarşı birgə mübarizədən bəhs edən bir birliyi bu qədər aşağılamaq, bir siyasətçinin siyasi niyyətlər güdməsindən xəbər verir. NATO çərçivəsində heç bir asılılıq yoxdur. Bunu Rusiya-Türkiyə münasibətləri aydın sürətdə göstərir. NATO üzvü olan rəsmi Ankara Rusiya ilə yaxın əlaqələrini qurur, Amerika ilə deyil, Kremllə birlikdə Suriyada əməliyyatlar aparır. Digər sahələrdə də Rusiya ilə Türkiyənin münasibətləri ən yüksək səviyyədə inkişaf edir. NATO üzvlərini kimsə tutub, təşkilatın ətrafında zorla saxlamır, onlara hər hansı bir formada əmr və göstərişlər də verilmir. Amma Rusiya Ermənistana öl desə, ölər, qal desə, qalar. Özündə olanı başqasında axtarmaq heç bir dövlət başçısına başucalığı gətirən amil deyil. Düşünürəm ki, Rusiya bu məsələdə yenə də əks-təbliğata üstünlük verib. Qərb ölkələrinə yenə də barmaq silkələmək, əzələ nümayiş etdirmək eşqinə düşüb. Bu nöqteyi-nəzərdən belə fikirlərlə qarşı tərəfi aşağılamaq istəyir. Bu da qeyri-mümkündür. O dövlətlər bu cür düşüncələrə təbəssümlə cavab verirlər”.
Politoloq Putinin aşağılayıcı fikirlərinin Rusiyanın Türkiyə ilə münasibətlərinə necə təsir edəcəyi, eləcə də, NATO dövlətlərinin ona necə təpki verə biləcəkləri barədə də danışdı: “Bu açıqlamalar Kremlin Türkiyə ilə münasibətlərinə bir soyuqluq gətirməyəcək. Türkiyə Rusiya ilə əlaqələri möhkəmləndirmək xətti götürüb. Bu xətt hətta NATO-dakı əlaqələrinə zərbə vursa belə, yenə də Rusiya ilə əlaqələri möhkəmləndirməkdə qərarlıdır. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri inkişaf xətti üzrə yüksəlir. Amma NATO-nun digər dövlətləri Rusiyanı bir nömrəli düşməni kimi görürlər, Amerika da həmçinin. Bu açıqlama tərəflər arasındakı ideoloji qarşıdurmanı, siyasi etimadsızlığı, hətta siyasi qarşıdurmanı daha da dərinləşdirir, vəziyyəti gərginliyə doğru aparır. Rusiya Suriya, Koreya kimi ərazilərdə vəziyyətin onun xeyrinə getmədiyini gördüyünə görə, bu cür qəzəbli, ölçülüb-biçilməmiş bəyanatlar verir, bununla da, həddən artıq əsəbi durumda olduğunu nümayiş etdirir”.