BolgeXeber.Com » İqtisadiyyat » Əmlak Məsələləri Dövlət Komitəsi 4 iyul tarixində keçiriləcək hərraca 180 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi 4 iyul tarixində keçiriləcək hərraca 180 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb

5-06-2017, 15:48
Oxunub: 3 851 Əmlak Məsələləri Dövlət Komitəsi 4 iyul tarixində keçiriləcək hərraca 180 dövlət əmlakını özəlləşdirilməyə çıxarıbƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 iyul tarixində keçiriləcək hərracda 180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

Bunlardan 34-ü kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 41-i səhmdar cəmiyyəti, 14-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kv.m ilə 147 min kv.m arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.
Torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3 min 881 kv.m təşkil eden Zaqatala Barama Toxumu Zavodu aqrar və yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhvəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 40 saylı yeməkxananı nümunə kimi göstərmək olar. Gəncədə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Nəzərə alsaq ki, hər il Gəncəyə gələn turistlərin sayı artır, belə olan halda bu əmlakın fəaliyyətinin genişləndirilməsinə, təkmilləşdirilməsinə şərait yaradacaq.
Qeyd edilməlidir ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına təkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərmiş olur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Bolgexeber.com