BolgeXeber.Com » Media » Jurnalistlər üçün tikiləcək 3-cü bina nə zaman hazır olacaq?

Jurnalistlər üçün tikiləcək 3-cü bina nə zaman hazır olacaq?

7-06-2017, 10:38
Oxunub: 3 621 Jurnalistlər üçün tikiləcək 3-cü bina nə zaman hazır olacaq?Prezidentin müvafiq sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı redaksiyalarda iclaslar keçirilir

Binanın 22 iyul tarixində açılışı gözlənilir.

Bu arada Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən üçüncü bina da tikiləcək. Ehtimal olunur ki, ikinci bina təhvil verildiyi gün jurnalistlər üçün üçüncü binanın təməli qoyulacaq.

Qeyri-rəsmi məlumatlara görə, qarşıdakı 4-5 il ərzində üçüncü binanın tikilərək tam hazır olması planlaşdırılır. Binanın əvvəlki iki binanın yaxınlığında tikilməsi nəzərdə tutulub. Jurnalistlər də “Yeni Müsavat”a açıqlamalarında üçüncü binanın inşası ilə bağlı verilən qərarı müsbət qarşılayıblar.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qəzetimizə bildirib ki, o, üçüncü binanın inşa ediləcəyindən əmin olub: “Çünki cənab prezident birinci binanın açılışında da bununla bağlı fikir səsləndirib söyləmişdi ki, orada bir jurnalist şəhərciyi olacaq. Bu baxımdan da prosesin davamlı olacağına qətiyyən şübhə etmirəm. Hər zaman olduğu kimi, Azərbaycan prezidenti yenə də jurnalistlərə xüsusi diqqət və qayğı göstərdiyini bir daha nümayiş etdirdi. Həmkarlarımın indi və gələcəkdə mənzillə təmin olunacağı, ən böyük problemlərini həll edə biləcəkləri məni sevindirir. Təbii ki, buna görə yalnız dövlət başçısına minnətdarlıq etmək lazımdır. Düşünürəm ki, bu prosesin davamlı olması media sahəsində bir sıra mühüm problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Heç kimə sirr deyil ki, indiki şəraitdə jurnalistin öz gəliri ilə mənzil alması mümkün deyil və bunun üçün uzun zaman lazımdır. Çox sevinərəm ki, bütün həmkarlarımın mənzili olsun”.
Qazilər.az saytının rəhbəri Rey Kərimoğlu da hesab edir ki, jurnalistlərə mənzillərin verilməsi çox yaxşı haldır: “Birinci binadan xeyli sayda evsiz jurnalist mənzil aldı. Ümid edirəm ki, bu il də elə olacaq. Ancaq düşünürəm ki, qaydalarda bir qədər dəyişiklik etmək lazımdır. Sonuncu iş yeri kimi üç ilin nəzərdə tutulması, hesab edirəm ki, doğru yanaşma deyil. Ölkə başçısı bu cür böyük iş görüb, vəsait ayırır, ancaq 15-20 ilin jurnalistləri kənarda qala bilər. Eyni zamanda əsas arzum budur ki, şəhid övladları, Qarabağ əlilləri jurnalistləri də ev bölgüsündə nəzərə alınsın. Kim ev alacaqsa, Allah xeyir versin. Bu işdə əməyi keçən hər kəsə öz adımdan minnətdaram. Birinci binada 3 ildir ki, mən də yaşayıram. Hər bayramda, xeyir işlərdə prezident başda olmaqla, əməyi keçən hər kəsi minnətdarlıqla anırıq. Mənzil ciddi məsələdir. Ümid edirik ki, növbəti binalarda da hər şey obyektiv olacaq və davam etdiriləcək”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı da 3-cü bina ilə bağlı verilən qərarı çox yüksək qiymətləndirir: “Bundan öncə mənzil alan jurnalistlərin aralarında demək olar ki, gənc nəsil yoxdur. Yəni şərtlərə görə, ev verilən hər kəsin 10 il jurnalist fəaliyyəti olmalı idi. İndi də bir sıra gənc jurnalistlər qoyulan şərtlərə görə mənzil ala bilməyəcəklər. Ancaq 3-cü binadan gənclər də yararlana biləcəklər. Artıq burada ayrı-seçkilik, yaş məhdudiyyəti aradan qalxacaq. Bu da böyük uğurdur. Ona görə də qərarı uğurlu hesab edirəm”.

Onu da qeyd edək ki, birinci binada 156 mənzil jurnalistlərin ixtiyarına verilib. İkinci binada isə bu say 250 olacaq. \\musavat.com\\