BolgeXeber.Com » Gündəm » Sülhün və humanizmin carçısı - Mehriban Əliyeva(VIDEO)

Sülhün və humanizmin carçısı - Mehriban Əliyeva(VIDEO)

4-08-2018, 10:55
Oxunub: 5 112 Sülhün və humanizmin carçısı - Mehriban Əliyeva(VIDEO)Qadınlar milliyətindən, dinindən asılı olmayaraq, daim sevgi, səadət və sədaqət, paklıq simvolu olublar

Tarix nəzər salanda, bəzi qadınların böyük tarixi nailiyyətlərinin, addımlarının, təkcə öz ölkəsi üçün deyil, bütün bəşəriyyət üçün misilsiz işlər gördüyünün şahidi oluruq. Əgər bütün istiqamətlər üzrə təhlil aparsaq, təkcə öz milləti üçün deyil, bütün dünya üçün önəmli bir şəxsiyyət olan Mehriban xanım Əliyevanın bu baxımdan nə qədər müqayisəolunmaz bir şəxsiyyət olduğunu görmüş olarıq. Bəli, söhbət Prezident İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan gedir.
Haqqında danışacağımız BÖYÜK QADIN haqqında danışmaq insanda ayrıca bir məsuliyyət yaradır. Öncə Mehriban xanım Əliyevanın həyat və fəaliyyəti haqqında bir neçə söz deyək.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakıda ziyalı ailəsində anadan olub.
Mehriban Əliyeva AMEA-nın akademiki, görkəmli alim Arif Paşayevin və şərqşünas, pedaqoq, Aidə İmanquliyevanın qızı, yazıçı, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin isə nəvəsidir.

1982-ci ildə Bakı şəhəri 23 nömrəli məktəbi qızıl medalla bitirən Mehriban xanım əla nəticələr göstərərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur.
Bakıda bir müddət oxuduqdan sonra ailə vəziyyəti ilə əlaqədar olaraq, həm də artıq Mehriban Əliyeva kimi M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutuna köçürülən birinci vitse-prezident peşə seçimini belə dəyərləndirir:
"Həkim olmaq anamın ən böyük arzusu idi. Ancaq nəyə görəsə valideynləri onu dilə tutmuş və o da, nəticədə, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir."

1988-ci ildə Moskva Dövlət Tibb İnstutunu fərqlənmə diplomu ilə bitirən Mehriban Əliyeva 57 fənn üzrə bütün imtahan və zaçotlardan “əla” alır. Bu illərdə iki azyaşlı qız anası olmasına baxmayaraq, Mehriban Əliyeva Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda akademik Mixail Krasnovun rəhbərliyi altında tibb sahəsi üzrə ilk addımlarını atır.
Mehriban Əliyevanın yoldaşlıq etdiyi elmi işçilər onun əsl həkimlərə xas peşə məhəbbətini, məsuliyyətini və xəstələrlə mülayim rəftarını dəfələrlə vurğulayıblar.
"Mehriban xanım ordinatura keçdiyi müddətdə pasientlərə elə xoş rəftar göstərirdi ki, 1992-ci ildə poliklinikadan ayrılandan sonra da hər kəs bizdən onu soruşurdu. O vaxtlar üzərində müəyyən qədər ailə yükü vardı, ancaq o, həmişə öz üzərində işləyirdi. Yalnız inkişaf haqqında fikirləşirdi. Nəinki pasientlər, instutun bütün elmi işçiləri ona çox öyrəşmişdi." - deyə vaxtilə Mehriban Əliyevanın müəllimi olmuş Yelena Borisovna müsahibələrin birində qeyd etmişdi.

Mehriban Əliyeva ötən əsrin mürrəkkəb şəraitinə baxmayaraq, daim öz millətçilik və humanist ideyalarına sadiq qalıb. Təbii ki, bu sadiqliyin daha dərinə kök atmasında ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevə böyük pay sahibidir.
Ailədə hər bir kəsin öz vacibliyini və əvəzedilməzliyini duymasının ailə bağlarını daha da möhkəmləndirdiyini vurğulayan Mehriban Əliyeva qadını ailənin əsas səadət təminatçısı hesab edir.

Mehriban Əliyeva nümunəvi həyat yoldaşı, qayğıkeş ana, xeyirsevər insan olması ilə yanaşı, Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən bir ictimai-siyasi xadim kimi tanınır.
Mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən birinci xanım Azərbaycanın tərəqqisinə mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir.
Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsasını qoyduğu Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir.

Artıq başa çatmış 4-cü İslam Həmrəyliyi Oyunlarının təşkilinin zəruri standartlara cavab verməsində birinci vitse-prezidentin rolu xüsusi vurğulanmalıdır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən belə mötəbər yarış və tədbirlər dövlətimizin potensialının və xalqımızın qabiliyyətinin göstəricisidir.
Bu yarışların nəticəsində ölkəmizə axın edən turistlər Azərbaycanın zəngin mədəni irsi, tarixi keçmişi və hazırki inkişafı ilə yaxından tanış olur.
Yarışların yüksək səviyyədə keçirilməsini diqqət mərkəzində saxlayan prezident İlham Əliyev son çıxışlarda 4-cü İslam Həmrəliyi oyunlarının vacibliyindən bəhs etmişdi.

Əlbət ki bu deyilənlər birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın inkişafı uğrunda gördüyü işlərin çox cüzi hissəsini əhatələyir.
Ancaq bir daha qeyd etmək yerinə düşər ki, Mehriban Əliyeva əsl sülh və humanizm çarçısıdır. Onun və həyat yoldaşı İlham Əliyevin ali ideyalarının nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasında əmin addımlarla məsafə qət edir. Xalqımızın rifahı günü-gündən yüksəlir.
Bolgexeber.com