BolgeXeber.Com » Analitika » Süleyman Mikayılovun qara günləri başlayıb

Süleyman Mikayılovun qara günləri başlayıb

24-01-2011, 18:55
Oxunub: 6 207
Qaradağın icra başçısı Süleyman Mikayılovun qara günləri başlayıb

Son dövrlər Qaradağ rayonunda baş verən özbaşınalıqlar artıq məhkəmə müstəvisinə qədər daşınıb. Bu yaxınlarda rayonun mərkəzindəki ticarət obyektini sökdürən Qaradağın icra başçısı Süleyman Mikayılov bunun üçün məhkəmə qarşısına çıxmalı olacaq. İndiyə qədər belə halın baş verməməsi icra başçısını nə qədər arxayın salmışdısa, bu hadisədən sonra məhkəməyə vermək prosedurlarının total şəkil ala biləcəyi «Çakır» ləqəbli Süleyman Mikayılovu narahat etməyə başlayıb.

İcra başçısı kimə minnətçi düşüb?

Vəziyyəti getdikcə ağırlaşan, Bakıdakı daha böyük rayonların birinə icra başçısı gəlmək kimi bir iddiası olan Süleyman Mikayılov yaşanan son olayların ardından başqa sıxıntılar da çəkməyə başqlayıb. Aldığımız məlumata görə, dövlət başçısına ondan edilən şikayətlərin bir qismi prezident İlham Əliyevə çatdırılıbmış.

Qaradağda baş verən özbaşınalıqlardan xəbər tutan dövlət başçısı bununla bağlı icra başçısına xəbərdarlıq belə edib. Hətta iş o yerə çatıb ki, iki gün öncə Qaradağda açılışında iştirak etdiyi obyektlərlə bağlı mərasimə qatılmağı belə təxirə saldığını deyib.

Bu açılışda prezidentin iştirakını gələcək karyerası üçün böyük bir sıçrayış kimi hamıya təqdim edən Süleyman Mikayılov istəyinin baş tutmadığını görərək, təcili bir şeylər düşünməyə başlayıb. Verilən məlumatlara görə, icra başçısı bununla bağlı əsas himayəçilərindən biri olan FHN rəhbəri Kəmaləddin Heydərova minnətçi düşüb.

Mənbənin Bolgexeber-e bildirdiyinə görə, nazirlə görüşən icra başçısı ondan prezidentin Qaradağa gəlməsini və açılış mərasimində iştirakı üçün yardım istəyib. Heydərov əvvəlcə məsələyə razılıq verməsə də, sonradan Mikayılovun israrlarını nəzərə alıb. Amma ona deyib ki, o, yalnız dövlət başçısını razı salmağa çalışacaq. Çünki bu baş tutmaya da bilər.

Mənbələr bildirirlər ki, dövlət əhəmiyyətli tədbirlərdən birində qarşılaşan prezidentlə nazir arasında qısa bir dialoq olub. Həmin dialoqda Kəmaləddin Heydərov İlham Əliyevdən Qaradağa getməsini rica edib və dövlət başçısı da ona bununla bağlı söz verib. İki gün öncə Qaradağda üç obyektin açılışında prezidentin iştirakı da məhz bu səbəbdən baş tutub.

Süleyman Mikayılovun qara günləri qabaqdadı

Amma buna baxmayaraq, Süleyman Mikayılovun qara günlərinin qabaqda olduğu deyilir. Belə ki, obyekti dağıdılan Kənan Ağayevin atdığı addımdan sonra Qaradağda obyektləri sökülən sahibkarlar da hərəkətə keçməyə başlayıblar. Bolgexeber.com-a daxil olan məlumatlarda deyilir ki, hal hazırda bununla bağlı həmin sahibkarlar vəkillərlə məsləhətləşmələrə başlayıblar. Hətta belə bir məlumat da var ki, eyni vaxtda onlarla sahibkar məhkəməyə müraciət edərək, Süleyman Mikayılovun yuxusuna haram qatacaqlar.

Qeyd edək ki, indiyə qədər Qaradağda rayonun icra başçısının göstərişi ilə yüzdən artıq ticarət obyekti, mağaza və digər tikililər dağıdılıb. Ən dəhşətli hal odur ki, sökülən obyektlərin hamısı şəxsi əmlakdır və onların dağıdılması məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən mümkün deyil. Süleyman Mikayılovun atdığı bu addımların hamısı da qeyri-qanuni olduğundan işi kifayət qədər çətinə düşəcək.

Bolgexeber.com -a erilən məlumatlarda o da deyilir ki, Qaradağ rayonu ərazisində yerləşən iki böyük ticarət mərkəzinin rəhbəri də Süleyman Mikayılovdan şikayətçi düşüblər. «Binə» və «Sədərək» Ticarət Mərkəzlərinin rəhbərləri yuxarı instansiyalara müraciət edərək, icra başçısının onların işlərinə mane olduğunu çatidırıblar. Mənbələr deyirlər ki, əgər bütün bu proseslər eyni zamanda baş verərsə, Süleyman Mikayılovun vəzifə başında qalması qeyri-mümkün olacaq. Çünki bu qədər sahibkarın etdiyi şikayətləri qulaqardına vurmaq mümkün deyil və onunla bağlı tədbir görülməsi zərurəti var.

P.S. Növbəti saylarımızda Qaradağda baş verən özbaşınalıqlar, icra başçısı Süleyman Mikayılovun törətdiyi başqa əməllərlə bağlı geniş yazı ilə tanış ola biləcəksiniz. Bizi izləyin…