BolgeXeber.Com » İqtisadiyyat » Bankların lisenziyası alına bilər

Bankların lisenziyası alına bilər

14-06-2017, 17:18
Oxunub: 3 416 Bankların lisenziyası alına bilərBu gün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) banklara maliyyə hesabatlarını açıqlamaları ilə bağlı verdiyi müddət başa çatır

Qeyd edək ki, palatanın iyunun əvvəlində etdiyi xəbərdarlıqdan sonra illik hesabatını açıqlamayan 13 bankdan 2-si hesabatlarını təqdim edib.

Maliyyə hesabatını təqdim etməyən bankların bundan sonrakı taleyinin necə olacağı sual doğurur.

Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, illik hesabatını açıqlamayan banklar bank qanunvericiliyini pozur: “Əgər bank Maliyyə Bazarlarına Nəzarət Palatasının xəbərdarlığına əməl etmirsə, bu halda palata banka qarşı sanksiya tətbiq edə, cərimələyə, hətta lisenziyasını ala bilər”.

Ə.Həsənov bildirir ki, Azərbaycanda banklar nəinki illik, rüblük hesabatlarını da açıqlamırlar: “Sadəcə, rüblük hesabat asan olduğu üçün əksəriyyət bu öhdəliyi icra edir. İllik hesabat audit tərəfindən hazırlandığından hesabata düzəlişlər, əlavələr etmək çətin olur. Bir sıra hallarda bankla audit şirkəti razılaşmır. Nəticədə bank ikinci dəfə audit dəvət edir. Beləliklə, hesabatın təqdim edilmə müddəti uzanır".

Mütəxəssis bəzi bankların illərlə maliyyə hesabatı vermədiklərini deyir: "Məsələn, 2016-cı ildə lisenziyası alınan “Bank Standart” 2013-cü ildən maliyyə hesabatını açıqlamamağa başlamışdı”.

Ekspertin sözlərinə görə, bankların audit hesabatlarını gizlətmələrinin səbəbi maliyyə vəziyyətlərinin pis olmasıdır: “Banklar müştərilərini itirmək istəmirlər".

Qeyd edək ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 Mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.