BolgeXeber.Com » Analitika » Əsrin gizli silahı: cizgi filmləri

Əsrin gizli silahı: cizgi filmləri

15-06-2017, 10:33
Oxunub: 12 410 Əsrin gizli silahı: cizgi filmləriSərhədləri bağlamaq mümkün olsa da, ekranları qapamaq olmur, yeni “silahlar” isə indi ekranlardan gəlir

Baltik ölkələri rusların məşhur “Maşa və Ayı” multiserialını qadağan etməyə hazırlaşır. Çünki yerli ekspertlər bu cizgi filmini Rusiyanın “yumşaq gücü” və ya ideoloji təbliğat vasitəsi hesab edirlər. Onlara görə “Maşa və ayı” üzərindən Rusiya hibrid savaşı aparır.
Analitiklərin fikrincə, filmdəki ayı Rusiyanı təmsil edir. Və filmdəki gizli mesajlar Rusiyanın gücünə, onu təhdid edən düşmənlərinə işarədir. Hər halda, bu, hələlik Baltik ölkələrində ortaya atılan və antirus ovqatından körüklənən bir fikirdir. 2009-cu ildən yayına çıxan və hazırda müxtəlif dillərdə tərcümə edilərək 120 ölkədə yayılan “Maşa və ayı” multiserialı təpədən-dırnağa qədər “rusdur”. Hətta yerli ekspertlər serialdakı ayının Rusiyanı təmsil etməsinə, Maşanın isə xarici agent obrazını canlandırdığına və bunun içində sovet hərbi geyimi elementlərinə, öz bağını qoruyan ayının böyük Rusiyanı qoruduğu mesajına diqqət çəkirlər. Rusiya ilə az qala müharibə vəziyyətində olan Baltik ölkələrinin narahatlığını da bu mənada anlamaq lazımdır. Çünki cizgi filmləri artıq uzun illərdir ki, gizli təbliğat vasitəsi, ideoloji silah funksiyası daşıyır.

Əslində bu mövzunu mənim üçün aktuallaşdıran başqa hadisə oldu. Ötənlərdə evdə türkcə hansısa kəlmənin mənasını tapa bilmədim, məndən fərqli olaraq türk dilini cizgi filmlərindən öyrənən 6 yaşlı uşaq bildi. Məlum oldu ki, hələ üzündən oxuya bilməyən oğlum mənim bilmədiyim sözləri bilir. Bütün bunları isə cizgi filmlərindən öyrənib.


Cizgi filmlərinin təbliğat gücü yeni kəşf olunmayıb. Film sənayesi 20-ci əsr imperiyalarının “yumşaq gücü” rolunu uğurla oynayıb. Müasir mədəniyyətin ən tirajlı və ciddi təsiri olan film sənayesi son 100 ilin ən kəsərli ideoloji silahına çevrilib. “Nu poqodi” sovet təbliğat maşını olaraq “soyuq müharibə” illərində sosialist düşərgəsinin ən geniş yayılmış ekran sənəti idi. Burda zorakı, tənbəl, haqqı olmayanı qamarlamaq istəyən Canavara qarşı zəif, ancaq ağıllı, zirək və nizamlı Dovşan mübarizəsində ikinci qalib gəlir.

Bu sahədə ən geniş təcrübə isə heç şübhəsiz Amerika film sənayesinə məxsusdur. ABŞ cizgi filmlərinin böyük çoxluğu içərisində gizli mesajlar daşıyır. “Ninza tısbağalar”, “Hörümçək adam”, “Ben Ten”, “Göydə Tanrı, yerdə Amerika” şüarı ilə ortaya çıxaraq dünyanı qurtaran “Supermen” və bənzər onlarla Amerika cizgi filmi qəhrəmanları gizli şəkildə kapitalizmi, Amerikanın qüdrətini tərənnüm edən mesajlar verirlər. Yeri gəlmişkən, 3 il əvvəl Yaxın Şərqdə böyük əraziləri işğal edən İŞİD də təbliğatının böyük bir qismini harada hazırlandığı bəlli olmayana cizgi filmləri ilə aparırdı.

Mövzudan çox da yayınmamaq üçün yenə də girişdəki məsələyə qayıtmaq istəyirəm. Bu günün ən kəsərli ideoloji silahlarından biri cizgi filmləridir. Çünki ən həssas və zəif nöqtədən “vurur”. Hədəf uşaqlardır. İndi məlum olduğu kimi, uşaqlar kiçik yaşlarından artıq televizora baxır və baxdıqları cizgi filmlərindən yalnız dil deyil, eyni zamanda filmdə təqdim edilən həyat tərzini, adətləri, davranış və ən əsası düşüncə tərzini mənimsəyir. Bu səbəbdən də dünyada bütün “iddialı” dövlətlərin hər birinin “öz cizgi filmi” var.

Dünya sürətlə dəyişir, artıq hər kəsin evində televizor, smart telefonlar, planşetlər və bunların hamısının internetə çıxışı var. Uşaqlar isə seçim edə bilmirlər (böyüklərin belə doğru seçim etməsi çox zaman mümkün olmur). Belə bir vəziyyətdə xarici, yad və ziyanlı təbliğatların təsirinə düşmək ehtimalı çox yüksəkdir. Təəssüf ki, bu sektorda da Azərbaycan nəinki rəqabətə dayanacaq gücə sahibdir, hətta yerli tələbatı ödəmək imkanı yoxdur.

Kənan RÖVŞƏNOĞLU