BolgeXeber.Com » Bölgə » Yardımlıda məmur özbaşınalığına yürüşlü etiraz

Yardımlıda məmur özbaşınalığına yürüşlü etiraz

25-01-2011, 15:25
Oxunub: 5 339
10 ailə Sosial Müdafiə Mərkəzinin rəhbərinin hərəkətlərinə etiraz əlaməti olaraq rayondan Bakıya yürüş etməyə başlayıblar

Əyalətlərdə məmur özbaşınalığının həddi-hüdudu yoxdur. Ötən gün Gədəbəydə baş vermiş faciədən sonra bir daha təsdiqləndi ki, yerli məmurlar əhaliyə sadəcə, özlərinin nökərləri kimi baxır və onları istədiyi şəkildə cəzalandırmaqdan çəkinmirlər.

Bolgexeber.com xəbər verir ki, məmur özbaşınalığına daha bir etiraz isə Yardımlı rayonundan gəlib. Verilən məlumata görə, rayonun Nisəqala kənd sakini, 3 uşaq atası Sultanov Siyavuş Əhmədağa oğlu yerli Sosial Müdafiə Mərkəzinin rəhbəri Cavanşir Babayevin əməllərinə etiraz əlaməti olaraq Yardımlıdan Bakıya yrüş etməyə başlayıb.

Bolgexeber.com-a çatan məlumatda deyilir ki, S.Sultanov hələ 7 ay bundan əvvəl sosial vəziyyətinin ağırlığı üzündən dövlət yarıdımı almaq üçün Yardımlı rayon Sosial Müdafiə Mərkəzinə müraciət edib. Bütün sənədləri yerində olan rayon sakinini bu müddət ərzində nə kartını ala bilmir, nə də verdiyi sənədlərdən xəbər tuta bilir. Siyavuş Sultanova Mərkəzdən yalnız onu deyirlər ki, əgər rüşvət verməsə, ona ünvanlı sosial yardımın verilməsi mümkün deyil.

Maraqlı məqam odur ki, rayon sakini sənədlərini geri istəsə də, onu da vermirlər. Cavanşir Babayev ona deyir ki, əgər pul verməsə, heç sənədlərini də görməyəcək. Vəziyyəti belə görən S.Sultanov da qərara alıb ki, baş verən özbaşınalığa etiraz əlaməti olaraq Yardımlıdan Bakıya yürüş etsin.
Bolgexeber.com onu da bildirir ki, bu yürüşə S.Sultanovla yanaşı, Yardımlı sakinləri olan daha 10 ailə də qoşulub. Bu gün səhərdən yola çıxan həmin şəxslər Bakıya qədər piyada gəlməklə, məmur özbaşınalığına etirazlarını nümayiş etdirəcəklər.