BolgeXeber.Com » Xəbərlər » Pulsuz çimərliklərdə çirkab, özəl çimərliklərdə qiymətlər göz qamaşdırır

Pulsuz çimərliklərdə çirkab, özəl çimərliklərdə qiymətlər göz qamaşdırır

22-06-2017, 16:07
Oxunub: 3 909 Pulsuz çimərliklərdə çirkab, özəl çimərliklərdə qiymətlər göz qamaşdırırPlyaj mövsümünün gəlişi ilə köhnə problemlər də gündəmə gəlib

Əməkdaşımız çimərliklərdəki durumdan yazır...
Yayın gəlişi ilə çimərlik mövsümü yenidən başlayıb. Ancaq hər sahədə olduğu kimi, burada da insanlar iki kateqoriyaya bölünüb: pulsuz çimərliklərdən istifadə edənlər və özəl, lüks çimərliklərdə dincələnlər. Dəniz eyni olsa da, bu çimərliklərdə təmizlik, şərait, xidmət tamamilə fərqlidir. Təbii ki, eyni zamanda qiymət fərqi də öz yerində...
Bu sahədəki vəziyyəti öyrənmək üçün Bakı sakinlərinin və şəhərimizin qonaqlarının Xəzərin qoynunda dincələ biləcəyi çimərliklərdən ən populyarı olan, şəhərə ən yaxın Şıxov çimərliyinə üz tutduq. Əvvəlcə yolumuzu xalq çimərliyindən saldıq.
Buraya vətəndaşları cəlb edən əsas amil girişin pulsuz olmasıdır. Pulsuz olduğuna görə də bura baxımsız vəziyyətdədir. Sahilin bu hissəsi demək olar ki, zibillərdən və çirkabdan təmizlənmir. Qumların arası yemək qalıqları, sellofan torbalar, su şüşələri ilə doludur. Bu çimərliyə əsasən əhalinin kasıb təbəqəsi üz tutur. Dincəlmək üçün cibində ən azı 50 manat pulu olan vətəndaş nisbətən daha təmiz və pullu çimərliklərə müraciət edir. Bura baxımsız vəziyyətdə olduğundan, qumu da keyfiyyətli deyil. Həmçinin insanlara soyunub-geyinmək üçün heç bir şərait yaradılmayıb. Dincəlmək üçün sahil kənarında nə bir kölgəlik, nə çətir, nə də uzanmaq üçün “lejanka” var.
Dincəlməyə gələn sakinlər isə şəraitsiz olsa da, buranın pulsuz olmasından məmnundurlar. Bizimlə söhbətində əksəriyyəti pullu çimərliklərə getməyə imkanının olmadığını etiraf etdi: “Buranın çirkab içində olmasının səbəbi baxımsızlıqdır. Ancaq ən yaxşı cəhəti girişin sərbəst olmasıdır. Buranın özəlləşdirilməsini istəmirik. Şıxov ərazisində bura yeganə pulsuz çimərlikdir. Özəllərdə isə qiymətlər bahadır. Bir nəfərin girişi 10 manatdır. Biz ailədən 6-7 nəfər gəlmişik. Deməli, yalnız giriş üçün 70 manat ödəməliydik. Təbii ki, buna imkanımız yoxdur”.
Qeyd edək ki, bu çimərlik ərazisində yalnız bir kafe fəaliyyət göstərir. Kasıbyana görünüşü olan kafedə qiymətlər də kasıb təbəqənin cibinə uyğundur. Həmçinin əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları nəzarət edir. Çimərliyə yeni qadağa nişanları qoyulub. Bunlardan birində çimərlik ərazisində spirtli içki içməyin qadağan olduğu qeyd olunub. Digər nişanlar isə ərazidə balıq tutmağın və yerə zibil atmağın qadağan olunduğunu göstərir.
Çimərlikdə nəzarət işini həyata keçirən FHN əməkdaşı ilə həmsöhbət olduq. O bildirdi ki, yay gələndən bəri bu çimərlikdə batan olmayıb. Ərazi infrastruktur cəhətdən baxımsız olsa da, burada güclü nəzarət var. Suda müəyyən məsafədən sonra üzməyi qadağan edən işarələr qoyulub, şarlar yerləşdirilib.
Xalq çimərliyindən çıxıb özəl çimərliklərə üz tuturuq. Qarşımıza ilk çıxan “Eldorado” restoranının çimərlik sahəsinə giriş bir nəfər üçün 2 manatdır. Bu qiymətə soyunub-geyinmək yeri, duş yeri və avtomobil üçün park yeri daxildir. Dəniz kənarında uzanmaq üçün “lejanka” isə 3-5 manatdır. Dəniz kənarında quraşdırılmış çardaqda 4 nəfərlik masanın qiyməti 15 manatdır. Bu qiymətə masadan başqa heç nə daxil deyil.
Restoranda isə yeməklərin qiymətləri çox da baha sayılmaz. İsti yeməklərdən kabab 4 manat, qazan yeməkləri 3 manat, salatlar 1.50-2 manat arasındadır. Bir sözlə, şəhərdəki orta səviyyəli restoranların qiymətindən elə də fərqlənmir.
“1001 gecə” çimərliyində isə qiymətlər orta səviyyəli azərbaycanlı ailəsinin büdcəsinə görə deyil. Buraya bir nəfərin girişi 10 manatdır. Bu qiymətə avtomobil üçün park yeri və bir nəfərlik çətir, duş və geyinmək üçün yer daxildir. Digər xidmətlər üçün əlavə ödəniş tələb olunur.
“Qızıl balıq” çimərliyində qiymətlər 2-3 manat arasında dəyişir. Burada dincələn vətəndaşlarla etdiyimiz söhbətdən məlum oldu ki, təmizlik, xidmət keyfiyyəti, eləcə də qiymətin münasib olması baxımından özəl çimərlikləri seçirlər. Bu çirmərliklərə 4 nəfərlik bir ailənin girişi üçün 12 manat tələb olunur. Digər xidmətlərlə birlikdə xərc 30 manatı ötmür. Buradakı restoranlarda isə 4 nəfərlik ailənin orta səviyyəli nahar etməsi təxminən 60 manata başa gəlir. Ümumilikdə bir ailənin bir günlük istirahəti üçün minimum 100 manat tələb olunur.
Təbii ki, daha lüks çimərliklər də var. “AF Hotel Aqua Park”da bir nəfərin girişi 15 manat, “Bilgəh Aqua Park”da 50 manat, “Aqua Park Shikov” iki nəfər üçün 23 manat, “Pullman Aqua Park” 40 manat, “Dalga Beach Aquapark Resort” - 50 manat, “Sea Breeze Hotel” 20 manat, “Amburan Beach” 25 manatdır.
Qeyd edək ki, əksər çimərliklərdə həftəsonu qiymətləri digər günlərdən fərqlənir.