BolgeXeber.Com » Analitika » Polis, yoxsa cinayətkar?

Polis, yoxsa cinayətkar?

19-11-2012, 11:40
Oxunub: 5 622 Nəsimi Pİ-də şikayətçi və zərərçəkənin “cinayətkar”a çevirilməsi hekayəsi

IV yazı

Nəsimi Polisində baş verən özbaşınalıqlar, qanunların pozuntuları, günahsız şəxslərin sifariş, rüşvətlə “cinayətkar” edilməsilə bağlı növbəti yazını təqdim edirik. Öncəki yazıları oxumayanların diqqətinə çatdıraq ki, barəsində cinayət işi qaldırılmış Ələkbər Məmmədov (ad şərtidir-A.A) polisin rüşvət müqabilində onun hüquqlarını pozmasını və şikayətçi olduğu tərəfin “zərərçəkmiş” kimi tanınmasının necə baş verdiyini təsdiqləyən sübutlar təqdim edib.

Məlumat üçün bildirək ki, zərərçəkən 07 mart 2010-cu ildə Nəsimi rayonu, “Cavadxan” küçəsi 48 ünvanında, işlədiyi “Xəzrservis” adlı firmada bir qrup şəxs tərəfindən döyülməsi, ağır bədən xəsarəti alması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edib. Polis bölməsində özünü tədqiqatçı kimi təqdim edən Qədir İmanov dindirib. Ondan və şikayətçi olduğu insanlardan izahatlar alıb. Sonradan bəlli olub ki, bütün sənədləri, tarixləri saxtalaşdıran bu şəxs polis deyilmiş. Bu barədə ötən yazılarda məlumat vermişik. Bu dəfə isə sənədlərdə təhqiqatçı kimi göstərilən Seydi Quiliyevlə Elman Məmmədovun üzləşməsini təqdim edirik. Üzləşmədə polisin hansı əməlləri törətməsini aydın görmək olur.
Üzləşməni Nəsimi Polis İdarəsinin müstəntiqi Mehman Ələsgərov aparıb:

Ələkbər Məmmədovun sualı:

Seydi Quliyev, siz təhqiqatçı kimi hadisədən sonra neçə dəfə hadisənin baş verdiyi Xəzər Servis KTTX MMC-də olmusunuz. Əgər belədirsə, onda nə üçün hadisə baş verən ofisə baxış keçirməklə orada qan izi və hadisə zamanı mənim cibimdən çıxarılmış Nokia markalı, 7500 modelli mobil telefonum və 500 manat pulum barədə müvafiq qeydlər aparmamısınız?

Təhqiqatçının cavabı:

Hadisədən sonra mən hadisənin görüntülərinin əks olunduğu diski götürmək üçün 2-3 dəfə Xəzər Servis KTTX MMC-də olmuşam, lakin həmin servisdə müdir Şəmsəddin oturduğu ofisin qapısı bağlı olduğundan buna nail ola bilməmişəm. Ona görə də mən hadisənin baş verdiyi ofisə baxış keçirə bilməmişəm.

Sual:

Şəmsəddin bir neçə dəfə sizin yanınızda olduğu və hadisə ilə əlaqədar izahat verdiyi vaxt, niyə siz onun iştirakı ilə hadisə baş verən ofisə gedib, oraya baxış keçirtmədiniz?

Cavab:
(Cavab yoxdur)

Sual:

Sizin nə marağınız var idi ki, hadisədən sonra material üzrə araşdırma apardığınız dövrdə məndən xahiş edirdiniz ki, izahatımda hadisə zamanı yalnız Rəşad Məmmədli tərəfindən döyüldüyümü göstərim və Ruslan Quliyev aradan çıxarılsın.

Cavab:

Mən belə bir təklif verməmişəm

Sual:

19-cu polis bölməsində araşdırma getdiyi vaxt mən neçə dəfə sizin yanınızda olmuşam?

Cavab:

Araşdırma dövründə 13 mart 2010-cu il tarixədək siz şikayətçi kimi 4-5 dəfə mənim yanımda olmuşdunuz.

Sual:

Əgər material üzrə sizin tərəfinizdən araşdırma aparıldığı zaman 13 mart 2010-cu il tarixədək mən 4-5 dəfə sizin yanınızda olmuşdumsa, qarşı tərəfin məndən şikayətçi olmalarını niyə deməmişdiniz? Yalnız barışıq təklifində bulunurdunuz...

Cavab:

Bildirmək istəyirdim ki, 13 mart 2010-cu il tarixədək siz Ələkbər bir neçə dəfə mənim yanımda olduğunuz zaman sizə məlum idi ki, Şəmsəddin Mirzəyev, Rəşad Məmmədli və Ruslan Quliyev, həmçinin Rövşən Əliyev sizin barədə şikayət ərizələri veriblər, həmçinin mən bu barədə sizə bildirmişdim.

Sual:

Təhqiqat zamanı dəfələrlə mən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə dəvət edilmişdim. Bilmək istəyirəm ki, həmin vaxt məni polis bölməsinə konkret olaraq kim dəvət edirdi?

Cavab:

Təhqiqat araşdırması dövründə izahat almaq üçün bir dəfə Ələkbəri 19-cu polis bölməsinə şəxsən özüm dəvət etmişəm və həmin mən onu polis bölməsində kompüter mütəxəssisi və sadələşdirilmiş icraat materiallarında Azərbaycan dilində və kiril əlifbasında bilməyən şəxslər üçün tərcüməçi qismində dəvət edilən Qədir adlı şəxsin istifadə etdiyi mobil telefonu ilə dəvət etmişdim. Belə ki, həmin ərəfədə mənim öz mobil telefonumda konturum olmadığından Qədirin telefonundan istifadə etmişdim. Həmçinin bildirirəm ki, Qədirin mobil telefonu ilə bir neçə dəfə Ələkbərə zəng vurmuşam.

Sual:

Əgər hadisə ilə bağlı araşdırmanı sən Seydi aparırdınsa, bəs nə üçün 19-cu Polis Bölməsində olarkən Qədir məndən Rəşadın valideyninin mobil telefon nömrəsini alıb, onunla əlaqə saxlayaraq, Rəşadı Polis Bölməsinə dəvət edirdi və gəlmədiyi təqdirdə onu polis vasitəsi ilə bölməyə məcbur gətirəcəyini bildirirdi.

Cavab:

Bildirirəm ki, Qədir heç vaxt materialın araşdırılması ilə əlaqədar kiməsə zəng vurmamış və onu bölməyə dəvət etməmişdir. Həmin ərəfədə mənim mobil telefonumda kontur olmadığından mən özüm Qədirdən xahiş edib onun mobil telefonunu alıb, istifadə etmişdim və hadisə ilə bağlı müxtəlif şəxslərə zəng vurub onları polis bölməsinə dəvət etmişəm.

Sual:

Bilmək istəyirəm ki, nə üçün hadisə bağlı izahatı məndən alarkən, otaqda Qədir də olur və bütün bu prosesdə iştirak edirdi?

Cavab:

Bildirmək istəyirəm ki, mən Ələkbər Məmmədovdan izahat alarkən ola bilsin ki, kompüter mütəxəssisi kimi Qədir də həmin otaqda olmuş və kompüterdə virusları təmizləməklə məşğul olmuşdur. Lakin mən buna dəqiqliklə fikir verməmişəm.

Sual:

Bilmək istəyirəm ki, necə olur ki, ərizə verdiyim günün səhəri, yəni 08 mart 2010-cu il tarixdə mən tibbi ekspertizaya göndərildiyim halda, məni döyən şəxsləri 13 mart 2010-cu il tarixdə, yəni Qədir ərizəmi geri götürmək barədə qarşıma şərt qoyduğu zaman və mən onunla razılaşmadıqdan sonra göndərildi? Və Qədir Seydiyə "işin axırıdır, ekspert Ceyhuna zəng vur de ki, gözləsin 3 nəfər yanına adam gəlcək” sözlərini dediyi gün gedib keçdilər?

Cavab:

Bildirmək istəyirəm ki, Şəmsəddin və digərləri ərizə ilə 19-cu polis bölməsinə müraciət etdikdən sonra mən dərhal onlara aldıqları bədən xəsarətləri ilə əlaqədar ekspertizadan keçmək üçün təliqə vermişdim. Onların isə hansı səbəbdən ekspertizadan məhz 13 mart 2010-cu ildə keçdikləri barədə heç nə deyə bilmərəm.

Material üzrə araşdırma dövründə heç vaxt Ələkbər qarşısında ərizəsini geri götürmək barədə şərt qoyulmamışdır və buna görə o, cinayət məsuliyyətinə cəlb olunacağı barədə hədələnməmişdir.

Sual:

Bilmək istəyirəm ki, Əgər qarşı tərəf məndən şikayət etmişdilərsə, nə üçün 10 günlük təhqiqat müddətində məndən izahat alınarkən izahatımda bu barədə mənə sual qoyulmamışdır?

Cavab:

Ola bilsin ki, Ələkbər Məmmədov özü izahatında bu barədə göstərmişdir. Buna görə də mən onun izahatında həmin şəxslər, yəni Rəşad, Ruslan və Rövşən haqqında ona suallar qoymamışam.

***

4 saatlıq üzləşmənin hamısını dərc etmək imkanımız yoxdur. Amma bütün üzləşmədə polisin özünü ifşası görünür. Onun necə saxta əməllərlə məşğul olması ortaya çıxır. Amma təəssüf ki, bütün bunlar istintaq dövründə nəzərə alınmır. Əksinə, təhqiqatçının qanun pozuntuları müstəntiq Mehman Ələsgərov tərəfindən daha biabırçı formada davam edir...