BolgeXeber.Com » Analitika » “Azərsu” dedisə, edəcək! Amma 20 il sonra…

“Azərsu” dedisə, edəcək! Amma 20 il sonra…

20-11-2012, 16:00
Oxunub: 5 696 Məmməd Əfəndiyev

Təxminən iki ay əvvəl bakılıların və paytaxt qonaqlarının daha çox “Torqovı” kimi tanıdıqları Nizami küçəsində su kəməri partladı.
Şəhərimiz üçün ənənəvi olan bu hadisə yalnız şəhərin mərkəzinin bir neçə gün susuz qalması ilə yadda qaldı. Hə, bir də məhz həmin günlərdə Bakıda bütün dünyaya müasir Azərbaycanın gücünü, onun inkişaf perspektivlərini nümayiş etditrməyə yönələn humanitar forum keçirilirdi. Və birdən-birə hörmətli qonaqlara gəzməyə imkan verməyən su içində qalmış mərkəzi küçə…
Bəli, xüsusən yaxınlıqdakı zirzəmilərdə yerləşən ticarət mərkəzlərinə də ciddi ziyan dəydi. Hətta onlardan biri hələ də açılmayıb, oradakı suyu çəkib qurtara bilmirlər. Başqaları isə birtəhər bu qəzanın fəsadlarını özləri aradan qaldırdılar.
Bu arada qəza yerindəki dərin çuxurun ətrafında bir ay dayandırılan işlər yenidən fəallaşdı. Burada dağılmışın əvəzində dəmir beton konstruksiyalar yerləşdirirlər. Ehtimal etmək olar ki, işlər yekunlaşmaq üzrədir. Amma yaxınlıqdakı evlərin və zirzəmi, yarımzirzəmi binaların sahiblərini qorxu hissi hələ də tərk etmir.
Axı “Torqovı”da beton plitələrin qoyulmasına başlanılanda onları əmin edirdilər ki, beton altına alınan bütün yeraltı kommunikasiyalar uzun illər istənilən zədələrdən sığortalanıb. Amma qeyd etdiyimiz qəza sübut elədi ki, betonun altında belə, bizim “ağıllılar” yalnız üzdə olan boruları dəyişiblər. Köhnə “ana boru” – 1961-ci ildə çəkilən su borusu isə toxunulmamış qalıb.
Bu cür cinayətkar səhlənkarlığın aradan qaldırılması nəyin bahasına başa gəlib, nə qədər su hədər yerə axıb, buna görə kim məsuliyyət daşıyıb – təbii ki, bu barədə danışan yoxdu. Halbuki, “Azərsu”nun yeni rəhbərliyi öz fəaliyyətinin şəffaflığı barədə danışmağı sevir.
Bəli, nəyin baş verməsi və suyun nə vaxt olacağı ilə bağlı “Azərsu” əməkdaşlarından ağıllı-başlı cavab ala bilməyən Bakı sakinlərinin sayı az deyil. Onlar “Azərsu”nun bu “operativliyinə” istehza edərək düşünürdülər ki, bu qurumun yeni rəhbərliyinin də axırı yaxşı qurtarmayacaq.
Amma hadisənin üstündən xeyli vaxt keçib, “Azərsu”nun rəhbərliyi isə öz yerindədir və yeni nailiyyətlərindən danışır. Bu arada isə həmin qəza yerində eybəcər bir “abidə” qoyulub, görünür o hələ bizə bu qurumdakı özbaşınalıq barədə çox xatırladacaq.
Biz buna ötən şənbə əmin olduq, həmin gün bu eycəbər “abidə”nin yaxınlığında – “Xaqani” tircarət mərkəzi ilə üzbəüz su kəməri yenidən partladı. Düzdür, bu dəfə qəzanın fəsadları bir gün ərzində aradan qaldırıldı, amma asfalt üzərində “Azərsu”dan xatirə qalan dördünc kəsik hələ də qalmaqdadır. Heç kəs bilmir ki, bu “abidə” hələ nə qədər buranı bəzəyəcək. Bu cür qəzaların təkrarlanma ehtimalına gəlincə, sualı verməyə ünvan yoxdu, çünki “Azərsu” daha qlobal məsələlərlə məşğuldur.
Ümumiyyətlə, qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, hazırda “Azərsu” Səhmdar Cəmiyyətinin sifarişi əsasında Bakı şəhərinin inkişaf perspektivi nəzərə alınmaqla 2035-ci ilə master planı hazırlanır. Həmin planda Bakı və Abşeron yarımadasında bir sıra işlərin görülməısi nəzərdə tutulub.
Sənəd yekunlaşma mərhələsindədir və üç isitqamətdə işləri nəzərdə tutur: Bakının gün boyu fasiləsiz su ilə təmin olunması; yeni kanalizasiya xətlərinin çəkilməsi; hər küçədə kanalizasiya suyunu yağış suyundan ayıracaq xüsusi qapaqcığın yaradılmasını nəzərdə tutan yağış axının idarə olunması.
Bax belə, ümidlə yaşamağı bacarmaq lazımdır. “Azərsu” deyir, deməli, eləyəcək. 2035-ci ilə də… hələ nə qədər vaxt var…

Məmməd Əfəndiyev