BolgeXeber.Com » Mədəniyyət » “Bildiklərimi yazsam, ölkə bir-birinə dəyər” - Aqil Abbas

“Bildiklərimi yazsam, ölkə bir-birinə dəyər” - Aqil Abbas

4-07-2017, 11:53
Oxunub: 5 511 “Bildiklərimi yazsam, ölkə bir-birinə dəyər” - Aqil Abbas"Mənim yazdıqlarım içində ən məşhuru “Dolu”dur"

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Aqil Abbasın “Dolu” romanı haqda danışdıqlarını təqdim edir.

Aqil Abbas

- Mənim yazdıqlarım içində ən məşhuru “Dolu”dur. Qarabağ hadisələri başlayandan bu əsər içimdəydi. Mən müharibənin içindəydim. Müharibəni yazmaq çətindir, çox çətin. Etiraf edim ki, gördüklərimin 10 faizini yazmışam. Qalanını yazsam Azərbaycan bir-birinə dəyər.

Demək istəmişdim ki, biz vuruşmuşuq, vuruşacağıq, millət buna qadirdir. 14 yaşlı uşağı döyüşən görmüşdüm mən. Gördüklərimi yığırdım, yığırdım...

Təxminən 25 ilə...

Beynimdə yazırdım bu romanı. Döyüşənləri, hadisələri xatırlayırdım. Ayrı-ayrı əsərlər yazmışdım müharibə haqqında. Amma ürəyimdə bir dolu vardı. Ürəyimi bir dolu vurmuşdu.

Romanın ilkini yolda yazmağa başlamışdım. Rəşad Məcidlə Türkiyəyə gedirdik. Birdən “Dolu” beynimə girdi. Kağızım da yox idi. Bir qəzet aldım, başladım qırağına qeydlər eləməyə.

Bodruma getdik. Orda da qəzet kənarlarına, restorandakı salfetlərə, siqaretin kağızlarına yazırdım.

3 aya yazmışam romanı. Sonra atmışam bir kənara. Bəlkə heç 3 ay da olmazdı, indi huşumda deyil. Bir aydan sonra oturub oxudum. Skeletini yazmışdım ay yarıma, içini də doldurdum ay yarıma. Çox sürətlə işləyirdim. “Dolu” hazır oldu, böyük reaksiya doğurdu, film də çəkildi. Amma onu deyim ki, müharibənin hamısını yaza bilmədim.