BolgeXeber.Com » Analitika » Ermənistan nüvə silahı əldə etməyə çalışır

Ermənistan nüvə silahı əldə etməyə çalışır

21-11-2012, 12:35
Oxunub: 11 640 "Gürcüstan Azərbaycanın milli məsələsini heç zaman müdafiə etməyib"

“Ermənistan Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmayacaq”. Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribov bildirib.

Hazırda sözügedən məsələ ilə bağlı Ermənistana heç bir beynəlxalq təzyiqin göstərilmədiyini vurğulayan A.Qəribov söyləyib ki, Metsamor AES-nin fəaliyyəti bölgə üçün real təhlükələr yaradır. Onun sözlərinə görə, İran Ermənistana hər il təqribən 5 milyard kub metrə qədər qaz verir: “Bu isə Ermənistanın enerji tələbatını tam şəkildə ödəyir. İndi Ermənistanın Metsamor AES-a ehtiyacı yoxdur. Metsamor AES strateji obyekt hesab olunur və Ermənistan da bu stansiyadan təzyiq vasitəsi kimi istifadə edir.

Yəni, Ermənistan Metsamor AES-nin fəaliyyətinə özünün sığortası kimi baxır. İndi Ermənistanın nüvə silahı əldə etməsinə bir addım qalır. Çox təəssüf ki, Türkiyə və Azərbaycandan başqa bütün dövlətlər bu stansiyanın fəaliyyətinin davam etdirməsinə göz yumur. Hətta bölgənin dövləti olan Gürcüstanda bu məsələdə əvvəlki vaxtlarda olduğu kimi yenə də mövqesizlik nümayiş etdirir. Ümumiyyətlə isə, Gürcüstan Azərbaycanın milli məsələsini heç zaman müdafiə etməyib. Əslində Ermənistana Azərbaycan və Türkiyədən savayı heç bir ölkə təzyiq etmir. Əgər belə təzyiq olsaydı, o zaman Ermənistan bu stansiyanın fəaliyyətini çoxdan dayandırmış olardı”.