loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanlı qızlar müdir sevgililərindən danışdılar

Katibə-müdir münasibətləri cəmiyyətin qaysaqlanmayan yarasıdır.

Hələ sovet dövründən bu mövzu mövcud olsa da, son zamanlar belə hallar durmadan artır. Acınacaqlı, utanılası bir hal olmasına baxmayaraq, bu gün bir çox idarə və şirkətlərdə katibə -müdir "sevgiləri” yaşanır. Bəziləri gizli, bəziləri aşkar. Bu münasibətlər çox zaman tez alovlanıb, tez sönsə də, uzun illər davam edən hallar da olur.
Kişiləri haradasa başa düşmək olar. Çünki kişi daim yenilik, sevgi axtarışında olur. Bu səbəbdən şirin dili və yaxşı vəzifəsi olan kişi istənilən qadını özününküləşdirə bilir. Bəs qadınlar niyə bütün bunları bilə-bilə bu yola addım atırlar? Niyə çoxunun əxlaqsızlıq kimi qiymətləndirdiyi bu münasibətlərə "sevgi” adını verirlər?
"Satılmayan qadın yoxdur, sadəcə, ucuzu və ya bahalısı var”,- deyib dahilərdən biri... Görünür, bu həqiqətən belədir...

"Mən sevirəm, çox xoşbəxtəm”...

"24 yaşım var. BDU–nun tarix fakültəsini bitirmişəm. Uzun müddət iş axtarandan sonra işədüzəltmə firmalarından birinin köməyilə xarici şirkətlərdən birinə düzəldim. İlk 3 ay o qədər rahat keçdi ki, özüm bu işə heyran qalmışdım. Müdir mənimlə çox yaxşı rəftar edirdi. Müdirin diqqəti, bayramlarda etdiyi hədiyyələr, telefonuma kontur göndərməsi də mənim xoşuma gəlirdi. Cavan idi. 35 yaşı olan Kamran (ad şərtidir) müəllimin 3 uşağı var idi. Zamanla mənə yaxınlaşan, hörmətimi, istəyimi qazanan Kamran sevgimə də nail olmuşdu. Bir müddət sonra isə mənə bir yerdəlik təklif etdi. Həm yaxşı maaş verib, həm də gözəl hədiyyələrlə qəlbimi ram etmişdi. Özümü onsuz təsəvvür edə bilmirdim. Artıq 3 ildir ki, bir yerdəyik, mən hələ də onun yanında çalışıram və xoşbəxtəm ”,- deyə danışan Əhmədova Günel əslən Qərbi Azərbaycanlıdır. Günel deyir ki, ailə qurmaq barədə hələ düşünmür. Ailə qursa belə, Kamarana olan sevgisi heç bir zaman bitməyəcək: "Mən onun ailəsini dağıtmıram ki... həm yoldaşınındır, həm də mənim. Mən Kamranı çox sevirəm”...

"Güzel kızsın, benden iyisiylemi olucaksın”

Digər müsahibim Xəyalə Musayeva isə iş yerində müdir və işçi arasında olan münasibətləri yaxşı dəyərləndirmir. Onun sözlərinə görə, elə bu səbəbdən dəfələrlə iş yerini dəyişməli olub: "Gənc qızam. İki xarici dil bilirəm. Ölkədə fəaliyyət göstərən Türk şirkətlərinin birində çalışırdım. Amma təəssüf ki, müdirin mənə olan münasibəti işimi sona yetirməyə səbəb oldu. 800 manat əməkhaqqı aldığım işdə katibə-referent və operator vəzifəsində çalışırdım. İşimdən uzaqlaşmağı ağlımdan keçirməsəm də, bir gün müdir məni otağına çağırdı. Və nə qədər qəribə olsa da, açıq danışaraq, mənimlə bir yerdə olmaq istədiyimi bildirdi: "Güzel kızsın, benden iyisiylemi birlikde olucaksın” ifadəsi hələ də qulaqlarımda səslənir. Qapını çırpıb iş yerini tərk etdim. Bir neçə dəfə zəng edib, işə geri qayıtmağımı, mənimlə zarafat etdiyini bildirsə də, işimə dönmədim.”


"O, mənim ikinci həyat yoldaşımdır”...

Natiq Qasımovun (ad şərtidir) kiçik biznesi var. Xarici ölkələrdən mebel idxalı ilə məşğul olan müsahibim iki il öncə baş verən hadisəni danışır: "Artıq 7-8 ildir ki, bu sahədə çalışıram. Əvvəl 2-3 il işi bilmədiyim üçün bir az çətinliklərim var idi. Zaman keçdikcə işimi böyütdüm. Artıq müxtəlif ölkələrdən mebel gətirmək üçün özüm getmirəm, işçilərim var. Ailə həyatında xoşbəxt olduğumu deyə bilmərəm. Valideynlərimin seçdiyi qızı, öz istəyimlə almışam. İki oğlum və bir qızım var. Amma sevgi yoxdur. Biz kişilər əlimiz hər şeyə çatdıqdan sonra sevilməyi arzulayırıq. Və mənim də artıq hər şeyim var idi, ondan başqa. Bir gün düşündüm ki, ofisə bir katibə götürüm. Daha doğrusu, əvvəl bir qız çalışırdı bizimlə. Yoldaşımın qohumlarından idi. O, ailə qurandan sonra uzun müddət idi ki, çayı da digər işçilər gətirirdi. Beləcə, qəzetdə elan verdim. Və O gəldi. Nərgizin 26 yaşı vardı. Məndən 15 yaş kiçik idi. Uzun qara saçları və ürkək baxışları vardı. Utancaq bir qıza bənzəyirdi. Məni də elə bu utancaqlığı cəlb etmişdi özünə. Götürdüm işə, 350 manat maaşla razılaşdıq. Zaman keçdikcə onu daha da yaxından tanıdıqca, vurulurdum bu qıza. Nərgizin valideynləri Qax rayonunda yaşayırdı. Özü Bakıya oxumağa gəldiyi üçün məktəbi bitirəndən sonra da burda qalıb çalışmalı olub”.
Müsahibim bildirir ki, Nərgizi əldə etmək onun üçün çox çətin olmayıb. Qızın biganə olmaması iş adamına bir az da cəsarət verib. 3 aydan sonra Nərgizlə sevgi macərası yaşamağa başlayıb. "Düzünü desəm, əvvəl bir az yalanlarım var idi. Amma qızın səmimiliyinə gördükcə, mən də sözlərimə diqqət yetirməyə başladım. 2 il yanımda çalışdıqdan sonra, onu işdən çıxarıb, yoldaşım kimi baxmağa başladım. Həftənin 3-4 günü yanında oluram. Bir oğlum da var. "Xoşbəxtəm” desəm, yanılmaram. Hər iki ailəmə eyni gözlə baxıram. Sadəcə, Nərgiz sevdiyim qadındır ”.
Müsahibim bildirir ki, sonradan qazandığı uğurlara görə Nərgizə borcludur. Çünki ən çətin anlarında belə bu qız onun yanında olub, ona dəstək verib.

Digər müsahibim Kamal Əliyev isə, belə münasibətlərə uzun illər öncə son verdiyini deyir: "Uzun illər öncə katibəmlə münasibətim var idi. Təbii ki, bu, sevgi deyildi. Çünki sevgi olsaydı, indi sizə danışmazdım. Onun yanında olardım. Bu qız elə mənim yanımda işləyə -işləyə ailə həyatı qurdu. Əri gecə növbəsində çalışırdı. Biz də ara-sıra o növbədə olanda görüşürdük. Bir gün yenə gecəni bir yerdə keçirməyi qərara aldıq. Gecə saat 2 olardı, qapı döyüldü. Qız həyəcanla qapıya baxıb mənə gizlənməyi bildirdi. Həyat yoldaşı gəlmişdi. Hara gedəcəyimi bilmirdim. Ev həyət evi olsa da, bütün pəncərələrə dəmir "reşotka” tutulmuşdu. Paltarlarımı götürüb, taxtın altına girdim. Katibəm həyat yoldaşı ilə o qədər mehriban idi ki. Hətta mənim üzərimdə bir yerdə olduqlarını da gördüm. Bir saat sonra qız qapını açıb məni yolsa saldı. Özümə nifrət edirdim. Düşündüm ki, iş adamı olasan, əlində imkanların olsun və belə vəziyyətə düşəsən... Düzünü söyləsəm, mən iki arvadlığa pis baxmıram. Kiminsə arvadı ilə bir yerdə olmaqdansa, təkcə özünə aid olan ikinci bir qadın almaq daha yaxşıdır. Ən azından, təkcə sənə aid olduğunu bilirsən. Səhər qız işə gəldi. Mən onu yanıma çağırıb başa saldım ki, aramızda olan hər şey bitdi və iş yerini dəyişdim”.
Aradan 3 il keçsə də, bu hadisəni unutmayan indi Kamal həyatında ikinci qadının olduğunu da deyir.
...Katibə-müdir münasibətləri mövzusunda çox adamla söhbətləşdim. Qadınların çoxu belə münasibətləri "əxlaqsızlıq” adlandırsalar da, kişilərin əksəriyyəti bunu yaxşı dəyərləndirirdi. Elə adının çəkilməsini istəməyən bəzi qızlar da belə münasibətlərə pis baxmadıqlarını söyləyirdilər.

Sosioloq Nəzakət Əhmədova hesab edir ki, katibə-müdir münasibətlərində çox zaman müdirlər günahkar olsalar da, qızların da suçu az deyil. Belə ki, bu cür münasibətlərə çox zaman yüngül əxlaqlı qızlar razı olurlar: "Hansı normal ailə tərbiyəsi görmüş qız özündən 10-15 yaş böyük kişinin sevgilisi olmağa razılıq verər? Əlbəttə ki, normal tərbiyəli qızlar belə münasibətlərə əsla razı olmazlar. Razı olanlar isə əxlaqsız qızlardır”,- deyir müsahibim.

N. Əhmədovanın araşdırmalarına görə, son 5 ildə ölkədə belə münasibətlərdən şikayətlənən qızların sayı kəskin surətdə azalıb. Bu da o deməkdir ki, qızlarımız özləri belə münasibətlərə can atırlar:
- Niyə? Niyə qız olmaq, təmiz əxlaqlı olmaq, möhkəm təməl üzərində ailə qurmaq əvəzinə, qızlarımız kiminsə 3-4 günlük sevgilisi olmağa üstünlük verir? Bu məsələ məni də çox düşündürürdü. Düzdür, bir çox qızlar bu barədə danışmaq istəməsələr də, danışdıqlarım az deyildi. Söhbətlər zamanı belə başa düşürdüm ki, hər şeyin kökündə maddiyyat-pul durur. Qızlarımız çətin həyatdan can qurtarmaq, yaxşı yaşamaq üçün bu addımı atmağa razı olurlar. Bir qızla danışmışdım. Adı Ruhiyyə idi. Onun həyatındakı kişi ikinci müdiri idi. 18 yaşından idarələrin birində çalışmağa başlayan qız növbəli şəkildə hər iki müdirin sevgilisi olmuşdu. Birinci müdir işdən çıxarılandan sonra qız onun əvəzinə gələn müdirlə də münasibət qurmağa razı olmuşdu. İkinci müdirin 56 yaşı var idi. Qız həyatını ağlaya-ağlaya danışırdı. Deyirdi ki, özündən 28 yaş böyük olan müdiri ona toxunanda bütün varlığı ilə əzab çəkir. Ondan "niyə işdən ayrılmırsan”,- deyə soruşduqda "indi özüm sevməsəm də, bir kişinin sevgilisiyəm, işdən çıxsam necə olacaq? Fahişəlik etməliyəm?” deyə mənə cavab verdi.

Müsahibim hesab edir ki, qızların belə addım atmasının əsas səbəbi ailə tərbiyəsi ilə bağlıdır. Belə ki, evdə qayda-qanun, hörmət görən qız heç bir zaman kiminsə sevgilisi olmağa razılaşmaz.
N. Əhmədova deyir ki, kişilər üçün belə münasibətlərin qurulması bir o qədər də böyük əhəmiyyət daşımır. Çünki kişilər nadir hallarda həyatlarındakı ikinci qadınları sevirlər. İkinci qadınlar kişiyə əsasən seks aclığını öldürmək üçün lazım olur. Bunu isə gənc, başı dumanlı qızlar gec anlayır. Anlayanlar da normal qəbul etməyə çalışırlar. Çünki müdirlərin onlara verdiyi yüksək əməkhaqqı, bahalı hədiyyələr onların gözünü bağlamış olur.

"Bəs bu katibə qızların sonu necə olur?”- sualına müsahibim belə cavab verir: "Çox zaman belə qızlar özlərinə ev-maşın aldıqdan sonra ailə qurmaq sevdasına düşürlər. Evi-maşını olan qadınla ailə qurmaq üçün can atan kişilərimiz də az deyil. Mütləq birini tapıb ailə qururlar”.

Nəzakət Əhmədova deyir ki, qeyd olunanları bütün katibə və müdirlərə aid etmək düzgün olmaz. Çünki öz dəyərini bilən qızlarımız və ləyaqətli kişilərimiz az deyil.

Qızlarımız hansı düşüncə ilə bu addımı atır?
Ailə psixoloqu Gülarə Dadaşova deyir ki, bu mövzu ilə bağlı edilən zənglərin sayı o qədər də az deyil. Bəzən zəng edib, məsləhət istəyənlər də olur: "Nədənsə belə mövzular çox zaman yaz-payız aylarına təsadüf edir. Bəziləri narazılıq edir, bəziləri isə necə addım alacaqlarını bilmədikləri üçün məsləhət istəyirlər. Biz də öz növbəmizdə bacardığımız qədər yardım etməyə çalışırıq”.
G. Dadaşovanın fikrincə, katibə-müdir münasibətlərindən razı qalan qızların çox zaman ya yaşları az olur, ya da əvvəlcədən təcavüzə uğramış, aldadılmış qızlar olurlar:
- Təcavüzə uğramış və ya sevdiyi insan tərəfindən aldadılan qızlar bakirəliyini itirdiyi üçün onların qorxusu olmur. Belə münasibətlər çox zaman qızlar üçün çıxış yolu hesab edilir. Çünki əxlaqsızlıqla məşğul olmaqdansa, bir kişinin sevgilisi olmaq istəyi daha xoşagələn olur. Belə qızlar çox zaman gələcəyi düşünmədən bu addımı atırlar. Onların gələcək arzuları, istəkləri olmur. Bu günlə yaşayırlar. Ancaq onu da qeyd etməliyəm ki, qızları belə münasibətlərə çəkən tamah hissi olur. Qadın tamahkar olur - əbəs yerə işlədilməyib bu ifadə. Katibə qızları müdirlərin sevgilisi olmağa pul-maddiyyat vadar edir.

G. Dadaşovanın sözlərinə görə, belə münasibətlə razılaşan digər qrup qızlar isə yaşları az olduğu üçün onu "sevgi” kimi dəyərləndirirlər. Onların fikrincə, sevgi elə yaşadıqları hisslərdir. Amma müəyyən müddət keçdikdən sonra artıq onlar da hisslərinə ad qoya bilirlər. Amma gec olur.
Müsahiblərimin fikrincə, müdirlərin sevgilisinə çevrilmiş katibə qızlar sonradan ailə həyatı qursalar da, çox zaman müdirlə münasibətləri bitirmirlər. İkili həyat yaşamağa davam edirlər.

...Nə qədər acı olsa da, danışdığım insanlar bizim cəmiyyətin üzvləridir. Onları silmək, yox hesab etmək mümkün deyil. Çünki insan oğlu nəfsinə hakim kəsilə bilmir. Bu gün cəmiyyətimizin yaralı yeri də məhz budur.

Bir neçə il öncə Türkiyədə bir qızla tanış olmuşdum. Özündən 21 yaş böyük bir kişi ilə gəlmişdi. Kişini sevdiyini deyirdi. Kişinin gözləri isə ətrafda başqalarını axtarırdı. Nə qədər qəribə olsa da, 19 yaşlı bu qızın anası da qızının kişi ilə olan münasibətindən xəbərdar idi. Bunu qızın telefon danışıqlarından hiss edirdim. Ana susurdu qızının bu hərəkəti qarşısında, sadəcə olaraq, hər zəngində eyni sözü deyirdi: "Qızım özündən muğayat ol. Çalış, əldən buraxma!”

Bölmə: Müsahibə-Reportaj | 21 noyabr 2012 15:05 | Baxış sayı: 3385





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: