BolgeXeber.Com » Ölkə » Nazir müavinləri gedir, ciddi ixtisarlar başlayır

Nazir müavinləri gedir, ciddi ixtisarlar başlayır

12-07-2017, 10:50
Oxunub: 6 829 Nazir müavinləri gedir, ciddi ixtisarlar başlayırBakıda keçirilən İslamiada və Formula-1 yarışlarından sonra hökumətdə neçə vaxtdır gözlənilən struktrut islahatlarının başlayacağı ilə bağlı “Yeni Müsavat”ın yazdığı xəbərlər təsdiqlənir.

Həmin xəbərlərdə bildirilirdi ki, iqtidar böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır. Qeyd olunurdu ki, dəyişiklik Nazirlər Kabinetinin, Prezident Administrasiyasının iştirakı ilə hazırlanan geniş sənəddə “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

Xəbərlərdə vurğulanırdı ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq hazırlanıb. “Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür” deyə, xəbəri verən mənbə bildirmişdi. Ən mühüm məqam isə nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə müavin ştatları ilə bağlı idi. Məlumata görə, nazirliklər və komitələrdə müavin ştatları əhəmiyyətli dərəcədə azaldılacaq ki, bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində bu məlumatların doğruluğunu təsdiqləyib. O deyib ki, idarəetmədə ciddi struktur islahatı gözlənilir: “Hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımdan bu labüddür”.

S.Novruzov deyib ki, hökumət az sayda idarəetmə aparatı ilə fəaliyyət göstərməlidir: “Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti, təbii ki, cənab prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa, qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq. Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə, bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada, eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq”.

YAP funksioneri nazirlər müavinləri ilə bağlı da danışıb. “Bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir”, - deyə S.Novruzov bildirib.

10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olması son aylar ən çox müzakirə olunan mövzulardandır. Artıq heç kimə sirr deyil ki, idarəetmə aparatının həddən artıq şişirdilməsi dövlət büdcəsinə ikiqat yükdür və hökumət bundan yaxa qurtarmağa çalışır.

Gözlənilir ki, tezliklə Nazirlər Kabinetinə ciddi “əl gəzdiriləcək”, bir neçə komitə ya birdəfəlik ləğv olunacaq, ya da müvafiq nazirliklərə birləşdiriləcək. Nazirliklərin də birləşdirilməsi gözlənilir ki, bununla da bağlı müvafiq təkliflər hazırlanıb. Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ciddi ixtisarlar olacağı, bir neçə idarənin ləğv olunacağı gözlənilir. “Hökumət mətbəxinə” çox yaxın olan deputatın açıqlaması da bu dəyişikliklərin tezlikə baş tutacağının anonsudur.

“YM”