BolgeXeber.Com » Gündəm » Əhəd Abıyev qardaşı oğlunun həbsindən danışdı

Əhəd Abıyev qardaşı oğlunun həbsindən danışdı

29-01-2011, 17:45
Oxunub: 11 499
Keçmiş deputat: "Heç bir həbs-filan yoxdur"

Bu gün Azərbaycan Milli Məclisinin sabiq deputatı Əhəd Abıyevin qardaşı oğlu Raqif Abıyevin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunması haqda xəbər yayılıb. Bolgexeber.com-un məlumatına görə, yayılan xəbərdə qeyd olunur ki, iki gün əvvəl keçmiş deputatın qardaşı oğlu R.Abıyev Ukraynadan Azərbaycana gələrkən Sərhəd Keçid Məntəqəsində saxlanılıb. Onun saxlanılması narkotik qaçaqmalçılığında ittiham olunması ilə bağlıdır. Belə ki, hələ ötən ilin payızında Ə. Abıyevin sözügedən qardaşı oğlunun narkotik ticarətində ittiham edilməsi ilə bağlı məlumat yayılmışdı.

Həmin vaxt Masallı rayon MTN-nin əməkdaşları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, 1.2 kiloqram heroin keçirən üç nəfəri həbs etmişdilər. Və belə bir məlumat yayılmışdı ki, həbs edilən şəxslərin başında Ə. Abıyevin qardaşı oğlu dayanır. O vaxt bu xəbərlər təkzib olunsa da, cinayət işinin istintaqı zamanı məsəlinin üstünü örtmək mümkün olmayıb.

Belə ki, ifadə verən şəxslər onlara rəhbərliyi Raqif Abıyevin etdiyini deyiblər. Raqif Abıyevin isə həmin vaxt saxlanılması mümkün olmayıb. Çünki o, artıq həmin vaxt Ukraynaya qaça bilib. Lakin iki gün əvvəl Ukraynadan Azərbaycana gəlmək istəyən R. Abıyev MTN əməkdaşları tərəfindən həbs edilib.

Lakin Əhəd Abiyev Qaynar-la əlaqə saxlayaraq bildirib ki, qardaşı oğlu Raqif Abıyevin həbs olunmadığını və yayılan xəbərlərin böhtan olduğunu qeyd edib: "Mən vəziyyəti dəqiqləşdirdim. Raqif Abıyev rəsmi olaraq məzuniyyətdədir. Heç bir həbs-filan yoxdur. Bu yalan və əsassız xəbəri narkotik şəbəkəsi yayıb".
Qeyd edək ki, keçmiş deputat Əhəd Abıyevin qardaşı, həbs olunduğu deyilən Raqif Abıyevin digər əmisi Zəfər Abıyev Ukraynada Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndəsidir.