BolgeXeber.Com » Media » “Əkinçi”nin 1-ci sayındakı MƏQALƏLƏR... - İlk qəzetimiz nə yazırdı?..

“Əkinçi”nin 1-ci sayındakı MƏQALƏLƏR... - İlk qəzetimiz nə yazırdı?..

18-07-2017, 14:33
Oxunub: 4 988 “Əkinçi”nin 1-ci sayındakı MƏQALƏLƏR... - İlk qəzetimiz nə yazırdı?..Ölkədə ilk milli mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

Bu ilin 22 iyulunda “Əkinçi” qəzetinin yaradılmasının 142-ci ili tamam olacaq. Modern.az saytı bu münasibətlə “Əkinçi” qəzetinin ilk nömrəsində dərc olunan yazıların təqdimatına başlayır...
Qəzetin ilk nömrəsində çıxan xəbərlərdən bir hissəni təqdim edirik...


Beləliklə, “Əkinçi”nin 1-ci sayında yazılırdı...

Qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktubat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Bu qəzeti almaq xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

DAXİLİYYƏ

“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qyeri səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmununda güftügu edək. Əkinçi qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib becərməkdən, onları əkib becərən vaxtda işlənən əsbablardan, əkin yerin şuxm etməkdən, əkin yerin qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb qurudub döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və imtahan yolu ilə aşkar olanb, məsələn insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qisim olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə və ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan dövlətlər arasında olan cənglərdən xəbər verəcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir.Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okrujnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri qisim xəbərlərdən danışıq olacaqdır.
Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədəyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşeş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insane bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onların keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəklərdir. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.

İKİNCİ DAXİLİYYƏ

Gələn təzə ildən alış-veriş və qeyri dadistədlər xərcinin qərardadı bizim Qafqaz vilayətində qoyulacaqdır. Bu hökmü polisə xalqa məlum edibdi. Bu barədə bizim xalqın arasında hər bir qisim xəbərlər vardır. Kimi deyir ki, bu xərci qoymaqdan murad budur ki, bizlər öz vilayətimizi qoyub baş götürüb başqa vilayətlərə gedək. Kimi deyir ki, Badkubəyə gələn dəmiryolu təmir etməyə on minə qədər fəhlə lazımdır. Çünki o qədər fəhlə tapmaq çətindir, ona görə bu qərardadı qoyurlar ki, xalq öz dadüstədini qoyub o yolda fəhləlik eləsin. Xülasə, xəbər çoxdur, onun bəzini heç qələmə salmaq məqdur deyil. Əlbəttə, bu xəbərlərə səbəb odur ki, bizim adamın bu qərardaddan xəbəri yoxdur.

Hər kəs öz təsəvvürünü əqəliyyən danışır və bu danışıq ağızdan-ağıza düşüb Koroğlu nağılı kimi nağıl olubdur ki, bu nağılı öz əslinə heç şəbahəti yoxdur. Bu səbəblərə görə bizim borcumuzdur ki, bu barədə xalq ilə danışıq edək. Əvvəla, bunu oxuyan, sizdən bir sual edim: əgər bir kəsin bir külfəti ola və bu külfət də bir atadan doğulmuş iki oğul ola , o vaxtda heç insafdırmı ki, oğlun birisi zəhmət çəkib pul qazanıb öz ata və anasını , öz qardaşını saxlasın. Əlbəttə, bu qardaş tifl olsa, ya naxoş olsa, onu saxlamaq bizim borcumuzdur. Amma o cavan olub əlini işə vurmayan zaman hər kəs belə qardaşı ya gərək başdan eləsin, ya da onu işlətsn.

Bir neçə ildir ki, Rusiya dövlətinə tabe olmuşuq və buçağadək bizim ticarətimiz qədim sayaq olan kimi olubdur, amma Rusiya dövlətinin öz əhli zikr olan xərci çox zamandır ki, verir. Məzkur qərardad qoyulan on ildir və bu on ildə biz o xərci verməmişik. Əgər biz özümüzü Rusiya dövlətinə tabe edirik belə olan surətdə Rusiya dövləti öz əhli ilə elədiyi rəftarı bizim ilə də eləsə o vaxtda bizim üçün məqami-şikvaya narazılıq yoxdur. Sani, heç bir qərardadda məqdur deyil ki, hər bir şeyi ismən adlıyasan. Məsələn, zikr olan qərardadda məqdur deyil ki, adı ilə deyilsin ki, filan işi görən adam ya filan maya ilə ticarət edən adam bu qədər xərc versin. Bu səbəbə zikr olan qərardadı qoyan kəs hər bir dadistədləri bir neçə qism edib hər bir qismə bir xərc qoyub. Məsələn, hər bir malı arşın ilə ya çəki ilə satmağa bir xərc qoyulub. Əgər bir kəs əlli ya altmış min manat ilə və bir qeyri kəs min manat ilə arşın malı satır isə qərardadı qoyan kəsdə təqsir yoxdur ki, bu min manat mayası olan kəs də altmış manat xərc verəcəkdir. Doğrudur bezi arşın ilə satıb altmış manat xərc verməyin nəfi azdır, amma əlli min manat mayası olan kəsə bu tövr ticarət artıq nəf edir, onun üçün altmış manat artıq xərc deyil. Pəs, min manat mayası olan kəs, sənin dad etməyin nə lazım. Bezi arşın ilə satmağının xərci çoxdur, bez satma min manat ilə elə alış-veriş et ki, onun xərci az olsun və ya heç olmasın.

Bu məsəli fikirlə oxuyan kəs görər ki, hər bir tərəfdən gələn xərc artıb, cəbr artıb sədası doğru deyil. Əlbəttə, xərc var. Onun varlığına söz yoxdur. Amma elə artıq deyildir ki, xalqa çox cəbr olsun. Məgər insafdan deyildir ki, bizim Badkubənin on ildə yüz min manat qazanan kəsləri ildə altmış manat xərc versinlər. Bu xərc ki, genə bizim özümüzə məsrəf olacaqdır, o xərclərlə məktəbxanalar açılır və qeyri xalqa lazım olan işlər görünür, pəs bu səbəbə bu xərc qoyulmaqdan fəqir-füqəraya nə ki cəbr yoxdur, bəlkə artıcaq mənfəət var.

Şimdi qərardadın özündən danışaq. Bu qərardadda yüz otuz doqquz fəsil var. Əlbəttə, onu tamma qəzetdə çap etmək məqdur deyil. Məzkur qərardadı biz öz türk dilimizə tərcümə etmişik və əgər məqdur olsa, bu yavıq zamanda onu əlahiddə çap edəcəyik. Ona görə burada onun məzmunundan müfəssəl güftügu edək. Məzkur qərardada görə dadistəd edən kəslər üç yerə təqsim olunur: əvvəlinci qism dadistədləri edənlərdə, yəni pervoy gildilərdə ixtiyar var, əvvəla, Rusiya və qeyri dövlətlərin mallarını Rusiyanın hər bir yerində yük ilə , tay ya top ilə satsın və bu malları satmaqdan ötrü lazım olduq qədər də kontorlar və anbarlar bina etsin. Sani o şəhadətnamə verilən uyezdin şəhərində və kəndlərində istədiyin dükanlar və mağazinlər açıb Rusiya və qeyri dövlətlərin tamojnıdan keçmiş malını arşını ilə və çəki ilə satsın. Həmçinin onun ixtiyarı var zikr olan uyezdə hər bir qisim dadüstəd üçün lazım olan yer saxlasın və karxanalar və zavodlar açsın. Amma lazımdır ki, hər dadistəd olan yerə bir əlahiddə bilet alsın. Salis hər podrata girə bilir və nə qədər mal istəsə özü üçün ya özgə üçün ala bilir və hər icarəyə girə bilir. İkinci qism dadistədləri edən kəs şəhadətnamə aldığı uyezdin şəhərində ya kəndlərində istədikcə dükan və mağazin saxlayıb Rusiya və qeyri dövlətin gömrüklənmiş mallarını arşın ilə ya çəki ilə sata bilər, həmçinin o uyezdə lazım olduqca karxana və zavod və qeyri dadistəd olan yer aça bilər. Mal alıb aparıb gətirə bilir və hər icarəyə girə bilər. Amma bu şərt ilə ki, hər podratı ya icarənin qiyməti on beş min manatdan artıq olmasın. Hər karxana ya zavod saxlayan kəs əgər bu karxanada ya zavodda maşın ya qeyri əsbablar par ilə, yəni vtoroy gildi şəhadətnaməsi alsın və belə karxanalar və zavodlar saxlayan kəslər öz karxanalarından və zavodlarından əmələ gələn şeyləri yük ilə ya boçka ilə öz karxanası və zavodundan ya kənarda kantor ya ambar açsa,o vaxtda əvvəlinci qism ticarət şəhadətnaməsi alsın. Əgər əvvəlinci və ikinci qism ticarət şəhadətnaməsi ya xırda ticarət şəhadətnaməsi alan kəs xahiş edə ki, o şəhadətnamə verilən uyezddən qeyri uyezddə də dükan açsın ya karxana, ya zavod bina eləsin, o vaxtda lazımdır bu qeyri uyezd üçün müəyyən olan qiyməti verib əlahiddə şəhadətnamə alsın. Üçüncü qism ticarət, yəni treti gildi bir neçə yerə təqsim olunur: onların əvvəlincisi xırda ticarətdir ki, bu xırda ticarət şəhadətnaməsini alan kəsdə ixtiyar var, əvvəla, o şəhadətnamə verilən uyezddə dörd dükan açsın və bu dükanlarda əlahiddə siyahıda adlanan şeyləri satsın. Bu siyahıları müəyyən etmək vagüzar olunub cənab veliki knyaz sərdari-Qafqaziyaya ya bu dörd dükanın əvəzində dörd karxana ya dörd zavod saxlasın ki, bu karxanalarda ya zavodlarda olan əsbablar par ilə ya su ilə işləməsin və onlarda on altıdan artıq fəhlə olmasın. Hər dadistəd olan yerə bir əlahiddə bilet almaq gərək. Saniyən, podrata və icarəyə girə bilər, amma bu şərt ilə ki, podratın ya icarənin qiyməti min iki yüz manatdan artıq olmasın. İkincisi yük ilə arşın malın və ya qeyri malları şəhərdən kənarda gəzdirib satmaqdır., Dördüncüsü, meşşanlıq, yəni sınıqkarlıqdır. Beşincisi, amillikdir. Hər kəs öz yerindən əmələ gələn şeyləri qeyri dövlətlərə satmağa apara bilər, amma özgələrin yerlərindən əmələ gələn şeyləri alıb ambara yığıb sonra qeyri dövlətlərin yerinə satmağa göndərmək üçün gərək əvvəlinci qism ticarət şəhadətnaməsi olsun.

Hər kəs qeyri dövlətlərin yerində mal ala bilər, amma o malı Rusiyada yük ilə, tay ilə ya top ilə ancaq əvvəlinci qism ticarət edən sata bilər. Belə malı ikinci qism tüccar özü arşın ilə ya çəki ilə satmaq üçün ala bilər. Gələn səfər xərclərdən və xərcsiz olunan dadistədlərdən danışacağıq.


Ardı var...