BolgeXeber.Com » Analitika » Bakıda quldurlar təşkilatçını soydular

Bakıda quldurlar təşkilatçını soydular

23-11-2012, 13:15
Oxunub: 6 783 Türkiyəli müğənni Emre Aydının Bakı konserti bitsə də, konsertin pərdəarxası məqamları hələ də müzakirə olunur.

Təşkilatçı-prodüser Samir Xattab bununla bağlı Bolgexeber.com-a maraqlı açıqlama verib. Onun sözlərinə görə, konserti əslində təşkilatçı Əli Hüseynovla birgə təşkil etməliymiş: “Konsertin bütün danışıqlarını, razılaşmalarını birlikdə etmişdik. Lakin sonradan Əli Hüseynovla aramızda fikir ayrılığı yarandı, mən layihədən çəkiləsi oldum. Konsertə 2 həftə qalmış gecə vaxtı təşkilatçı Əli Hüseynov xoşagəlməz faktla üzləşib, qarət olunub. Naməlum şəxslər başının arxasından küt alətlə vuraraq üzərində olan 7950 manatı və “Blackberry 9790” telefonunu oğurlayıblar. Bir həftə komada qalan, hazırda vəziyyəti qənaətbəxş olmayan təşkilatçı konsert günü mənimlə əlaqə saxladı. Nəticədə mən bu işə təkrar qoşuldum”.


Təşkilatçı konsertdə aparıcıların son anda dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Konsertin aparıcısı da anons edildiyi kimi Murad Əzimzadə deyil, Arzu Əsgərova və Ramin İbrahimov olub. Əvvəldən də aparıcı qismində Ramin İbrahimovla razılaşmışdıq. Mən olmadığım dönəmdə Əli Hüseynov Murad Əzimzadə ilə razılığa gəlib. Murad mənim də dostumdur, xətrini çox istəyirəm, amma onunla danışıqlarda mən olmamışam. Mənimlə telefon əlaqəsində aparıcı Murad Əzimzadənin imtina etdiyini bildirdilər. Ancaq Ramin İbrahimov və Arzu Əsgərova çox sağ olsun. Baxmayaraq ki, konsertə bir neçə saat qalmışdı, təklifimi qəbul edib, konsertin bütün məsuliyyətini öz üzərilərinə götürdülər. Konsert istədiyimiz səviyyədə başa çatdı”.