BolgeXeber.Com » Media » “İnternetdə paylaşılan xəbərlər qanunları aşmamalıdır” - Müşfiq Ələsgərli

“İnternetdə paylaşılan xəbərlər qanunları aşmamalıdır” - Müşfiq Ələsgərli

19-07-2017, 13:37
Oxunub: 3 228 “İnternetdə paylaşılan xəbərlər qanunları aşmamalıdır” - Müşfiq ƏləsgərliBu gün Bakıda Avropa İttifaqı və Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı ilə “İnternet və insan hüquqları” mövzusunda təlim keçirilib

“Ölkə.Az”-ın təlimdə iştirak edən əməkdaşının məlumatına görə, tədbirdən öncə Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova bildirib ki, “İnternet və insan hüquqları” təlimi Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda ifadə və media azadlığı” birgə layihəsi çərçivəsində baş tutan tədbirdir. Onun sözlərinə görə, bu təlim son bir ildə Bakıda jurnalistlər üçün təşkil edilən ilk təlimdir:

“Bu vaxta qədər biz əsas hədəfi region jurnalistlərinə yönəltmişdik. Bugünkü təlimin əsas məqsədi internet və insan hüquqları sahəsində mövcud olan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinin standartlarına dair media mənsublarının məlumatlılığını artırmaqdan ibarətdir”.

Avropa Şurasının Bakı Ofisi rəhbərinin müavini Joel Mermet təlim iştirakçılarını Azərbaycan dilində salamlayaraq, internet və insan hüquqlarının çox vacib məsələ olduğunu söyləyib.

Avropalı qonaq qeyd etdi ki, bu mövzuda təşkil olunan tədbirdə çıxış etmək onun üçün şərəfdir:

“Avropa Şurası demokratiya, insan haqları, qanunun aliliyi, media plüralizmi, peşəkarlıq, internet azadlığı məsələlərini Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlərdə təşviq edir. Bu sahədə Avropa Şurası Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlığın bariz nümunəsi “Azərbaycanda ifadə və media azadlığı” layihəsidir. Hazırkı təlim də bu layihə çərçivəsində keçirilir. Layihə yaxşı idarəçilik tərəfdaşlığı naminə təşəbbüsün əsas elementlərindən biridir. Onun məqsədi Azərbaycanda həm internet sahəsində, həm də Avropa Şurasının internet və insan haqları sahəsində standartları barədə biliklərin artırılmasıdır. Bu təlim əsasən internetdə insan haqlarının müdafiəsinə həsr olunub. Bu da təsadüfi deyil. Ona görə ki, statistik rəqəmlərə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb. 2010-2015-ci illərdə internetdən istifadə edən əhalinin faiz göstəricisi 46-dan 72 faizə qədər artıb. Bu, o deməkdir ki, hər 100 Azərbaycan vətəndaşından 72 nəfəri genişzolaqlı internetdən istifadə edə bilir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, bu günkü təlim çox maraqlı və faydalı olacaq”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Aleksandra Nerisanu da keçirilən təlimin Avropa Şurası ilə Azərbaycan hökumətinin əməkdaşlığı sayəsində reallaşan layihə çərçivəsində baş tutduğunu vurğulayıb. Onun sözlərinə görə, icra müddəti iki il olan həmin layihə fundamental insan hüquqlarını özündə əks etdirən mühüm sənədlərə söykənir.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Avropa İttifaqı və Avropa Şurası tərəfindən “Azərbaycanda ifadə və media azadlığı” layihəsinin artıq iki ilə yaxındır həyata keçirildiyini bildirib.

Qeyd edib ki, Mətbuat Şurası da bu layihənin gerçəkləşməsinə ciddi dəstək verir:

“Bu layihə ötən iki il müddətində bütün Azərbaycanı əhatə etməklə yanaşı, media sahəsində bütün aktual mövzulara toxunub, çoxsaylı toplantılar, seminarlar, konfranslar keçirilib. Hesab edirik ki, Azərbaycan media təmsilçilərinin, ümumilikdə xəbər istehsalçılarının hər birinin maariflənməsi, yeni bilgilər əldə etməsi baxımından bu layihə kifayət qədər aktual olub. Hazırda keçirilən təlimin mövzusu da olduqca aktualdır. İnternet və insan haqları kifayət qədər geniş, araşdırılması zəruri olan mövzudur. Azərbaycanda azad və əlçatımlı internetin olması üçün dövlət proqramları həyata keçirilib. Bu proqramların icrası öz müsbət nəticələrini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizi səviyyəsindədir. Bu, olduqca böyük bir rəqəmdir. İnternet bizdə yalnız kommunikasiya, hazır məlumatların ötürülməsi vasitəsi olmayıb. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də internet özü yeni xəbər istehsalçıları qrupu, yeni jurnalistlər təbəqəsi yetişdirir”.

M.Ələsgərli bu gün Azərbaycanda 300-ə yaxın internet media qurumunun fəaliyyət göstərdiyini bildirib.

Qeyd edib ki, bu xəbər portalları, saytlar, TV və radiolar öz xəbərlərini internet üzərindən yayır, fəaliyyətlərini internet üzərindən qururlar:
“Təəssüf ki, internetdə yayılan informasiyalar heç də hər zaman qanunlar və qaydalar çərçivəsində olmur. Bəzən kiminsə azad, sərbəst şəkildə yaya biləcəyini hesab etdiyi informasiya digər bir vətəndaşın hüquqlarının, azadlıqlarının tapdanmasına, onun şəxsi həyatına müdaxiləyə, yaxud işgüzar nüfuzuna xələl gətirməyə də səbəb olur. 2013-cü ildən Mətbuat Şurası bu sahədə tənzimlənmə həyata keçirmək üçün yeni təşəbbüslə çıxış edib. Şuranın tərkibində 2013-cü ildən etibarən internet medianın tənzimlənməsi üçün xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində Mətbuat Şurasının idarə heyətinin üzvləri olmaqla bərabər, internetə aidiyyəti olan təşkilatların nümayəndələri, mütəxəssislər, media ekspertləri də iştirak edirlər. Onlar internet medianın tənzimlənməsi ilə əlaqədar çox ciddi təşəbbüslər irəli sürürlər. Nəticə olaraq bu sahədə müəyyən praktiki addımlar atılır. Düzdür, internet sərbəst, azad fikir paylaşmaq platformasıdır. Lakin burada paylaşılan xəbərlər, fikirlər qanunlar çərçivəsini aşmamalı, başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Bunun üçün xəbər istehsalçılarının özlərinin biliklərinin, təcrübəsinin artırılmasına daha böyük ehtiyac var. Çünki, yalnız qanunun tələbi bütün bu çatışmazlıqları aradan qaldıra bilməz. Ona görə Mətbuat Şurası da digər təşkilatlarla birlikdə bu sahəyə dair bir çox tədbirlər keçirir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təlimin mövzusunun Azərbaycan üçün çox aktual olduğunu dilə gətirib.
O, artıq dünyada real və virtual həyat arasındakı sərhədlərin silindiyini diqqətə çatdıraraq, internet həyatda özünü göstərən bəzi problemlərin müzakirə formatında, qarşılıqlı fikir mübadiləsi əsasında aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Təlimin açılış mərasimindən sonra Avropa Şurasının eksperti Monika Horten İnternet və insan hüquqları mövzusunda Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları barədə məlumat verib.

Həmçinin onun moderatorluğu ilə müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təlim iştirakçılarına “İnternet – Azərbaycan təcrübəsi” mövzusunda məlumat verib.

Hazırda təlim müzakirələrlə davam edir.