BolgeXeber.Com » Xəbərlər » Prezident: “Azərbaycan mətbuatında yalan, qərəzli məlumatların sayı kəskin azalıb”

Prezident: “Azərbaycan mətbuatında yalan, qərəzli məlumatların sayı kəskin azalıb”

20-07-2017, 15:28
Oxunub: 1 840 Prezident: “Azərbaycan mətbuatında yalan, qərəzli məlumatların sayı kəskin azalıb”Azərbaycan prezidentinin sözlərinə görə, jurnalistika mümkün qədər obyektiv olmalıdır

"Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil. Biz görürük ki, dünyanın bir çox ölkəsində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm daxili xarakter daşıyır. Baxır, gündəlikdə hansı məsələ dayanır və təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə, hansısa məqsədləri güdür. Bu məqsədlər bir çox halda həqiqətdən daha önəmli amil kimi qəbul edilir. Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışında deyib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan mətbuatında yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb.

“Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var” - deyə, dövlət başçısı əlavə edib.

Azərbaycan prezidentinin sözlərinə görə, jurnalistika mümkün qədər obyektiv olmalıdır: “Çünki tam obyektivliyə nail olmaq çətindir. Hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq jurnalistlərin üzərində çox böyük məsuliyyət var. Onların sözü incidə də, problem yarada da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir”.

Dövlət başçısı deyib ki, son illərdə Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar: “Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər. Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yəni, bəzi mətbuat orqanlarında təhqir, böhtan və şər amilləri əsas rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır”.