BolgeXeber.Com » Müsahibə-Reportaj » Təhsil eksperti Kamran Əsədov : "Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür"

Təhsil eksperti Kamran Əsədov : "Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür"

29-07-2017, 10:19
Oxunub: 7 464 Təhsil eksperti Kamran Əsədov : "Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür"İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır

Artıq 2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qaldı. Bundan sonra abituriyentlər, onların valideyinləri üçün daha həyəcanlı, gərgin dövr başlayır. Buda ali məktəblərə ixtisas seçimidir.

Bolgexeber.com-a müsahibə verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.
Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.
İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.

Abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.
Təbriz Məhərrəmoğlu
Bolgexeber.com