BolgeXeber.Com » Dünya » İnsan energisini alan energetik içkilər

İnsan energisini alan energetik içkilər

29-07-2017, 10:41
Oxunub: 4 002 İnsan energisini alan energetik içkilərReallıqda və tibbi araşdırmalardan əldə edilən nəticə ondan ibarətdir ki, kofein əsəb sistemini tədricən pozur

Məlumat üçün qeyd edək ki, bu tipli içkilər ilk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Birləşmiş Ştatlarda satılmağa başlanıb. Bütün energetik içkilərin əsas tərkib hissəsini kofein maddəsi təşkil edir və bu maddə həmin içkinin tərkibində stimulyator qismində çıxış edir. Energetik içki istehsalçıları iddia edirlər ki, kofeinin insan orqanizmi üçün faydaları əvəzedilməzdir. Belə ki, 100 milliqram kofeinin əqli qabiliyyəti gücləndirdiyi, 200 milliqramdan artıq kofeinin isə ürək-damar sisteminin dözümlülüyünü artırdığı bildirilir. Reallıqda və tibbi araşdırmalardan əldə edilən nəticə isə ondan ibarətdir ki, kofein əsəb sistemini tədricən pozur. Eyni zamanda bu içkilərin istifadəçilərində kəskin ürək döyüntüləri yaradır, əllərdə titrəmə yaradır. Energetik içkilərdən ən yaxşı halda gün ərzində cəmi bir, yaxud iki banka içmək olar. Əks halda yüksək qan təzyiqi, eləcə də qanda şəkərin miqdarında artım baş verir. Təzyiq və ürək xəstəlikləri olan şəxslərin isə ümumiyyətlə bu kimi içkilərdən istifadəsi həddən artıq təhlükəlidir. Qeyd edək ki, energetik içkilər özü də iki kateqoriyaya bölünür. Birincisində kofeinin miqdarı, ikincisində isə karbohidratın miqdarı çoxluq təşkil edir. Bütün energetik içkilərin tərkibində yüksək faizli kofein mövcuddur.
Həkim fitoterapevt Füzuli Hüseynov da son vaxtlar Azərbaycanda energetik içkilərə olan tələbatın artmasından narahatçılığını ifadə edib. O, təəssüf hissi ilə bildirib ki, hətta kənd yerlərində belə bu energetik içkilərdən istifadə olunur. Ən ciddi problemlərdən biri yetginlik yaşına çatmayan uşaqların, məktəblilərin bu içkilərdən istifadə etməsidir. Füzuli Hüseynov onu da bildirib ki, bəzi hallarda energetik içkilərdən gün ərzində həddən artıq istifadə edilir ki, bu da insan orqanizmi üçün ciddi problemlər yaradır: "Bir müddət əvvəl kəndimizə, ata evimə gelmişdim. 11 yaşlı qardaşım oğlunun əlində enerji içkisi qəbul etdiyini gördüm. Soruşdum ki, hər gün içirsən, maraqlı cavab verdi. Deyir ki, hər gün ikisini içirəm və məni gümrahlaşdırır, enerji verir. Sonra deyir ki, pulum çox olanda 3-4 dənə içsəm əla olar. Baxın 11 yaşında uşaq pulunu yalnız enerji içkisi almaq üçün xərcləyir. Başqa heç nə haqqında düşünmür. Bəs enerji içkiləri həqiqətən enerj verirmi? Əlbəttə ki, xeyr, vermir. Sadəcə bədənin ehtiyyat enerjisini istifadə etməyə məcbur edir". Füzuli Hüseynov deyir ki, bu içkilerin içindəki taurin zülal sintezində iştirak edir və anidən həyəcanlananda, əsəbləşəndə həmin maddənin qandakı miqdarı azalır və sonra bərpa olunur: "Bizim kənardan yüksək dozada aldığımız taurin zülal sintezini artırır və hərəkət aktivliyini gücləndirir. Enerji içkilərinin tərkibində olan başqa bir maddə isə kofeindir. Kofein halsızlıqda, yorğunluqda sinirlərin ötürücülük qabiliyyətni artırır. Kofein də bizim bədənimizdə lazım olan qədər istehsal edilir. Amma kənardan yüksək dozada qəbul olunmuş kofein bədənimizi həddindən artıq hiperaktivləşdirir. Bunlardan əlavə həmin içkilərdə yüksək dozada karbohidrat mübadiləsini alovlandıran maddələr var. Bütün bunların bədənimizdə istehsal olunmasına baxmayaraq kənardan yüksək dozada qəbulu bizim bədənimizdə bu maddələrin istehsalını azaldır və orqanizm kənardan bu maddələri almağa vərdiş edir. Beləcə getdikcə dozanı artırmağa məcbur oluruq". Həkim fitoterapevtin sözlərinə görə, eneji içkilərini qəbul edən uşaqlar çox əsəbi hiperaktiv və yersiz dərəcədə çılğın olurlar. Onun sözlərinə görə, belə uşaqlarda axşamlar sidikqaçırma daha tez-tez baş verir: "Bu içkiləri içməyə vərdiş etmiş insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar. Belə insanların iş qabiliyyətləri çox aşağı olur".