BolgeXeber.Com » Ölkə » Müğənnilər dövlətdən də pul alır- AZƏRBAYCANDA

Müğənnilər dövlətdən də pul alır- AZƏRBAYCANDA

7-08-2017, 13:58
Oxunub: 5 598 Müğənnilər dövlətdən də pul alır- AZƏRBAYCANDASirr deyil ki, sənət adamlarının, müğənnilərin qazanc yeri toylardır

Əcnəbi həmkarlarından fərqli olaraq nə albom satışı, nə də konsertlərdən gəlir götürə bilməyən yerli şou-biznes əhlinin çörəyi necə deyərlər, toylardan çıxır. Artıq toylardan da çıxmır, desək, zənnimizcə, yanılmarıq. Çünki vaxtilə toy bazarında ən bərkgedən müğənnilər hazırda toysuzluqdan şikayətlənirlər.

Neftin ucuzlaşması, manatın devalvasiyası, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər toy bazarına təsirsiz ötüşməyib.

Digər bir yandan da Vergilər Nazirliyi müğənniləri ciddi nəzarətə götürüb. Toylarda oxuyan müğənnilər buna görə mütləq şəkildə vergi ödəyirlər. Toy qonorarları ilə həm vergi verən, həm də musiqi kollektivinin qonorarını ödəyən, həm də evinə bir qarın çörək aparan müğənnilər az qalsın, el şənliklərindən imtina etsinlər. Hətta bir çoxları toy yiyəsinə “xərci borcunu ödəmir” - deyib, oxumaqdan imtina edirlər.

Bəs yaxşı, görəsən, belə olan halda müğənnilərimiz nə ilə dolanırlar? Məsələn, sovetlər dönəmində müğənnilər solisti olduqları ansambllardan qonorar alardılar. Həmçinin dövlət tədbirlərindən, televiziya çıxışlarından pul qazanardılar. Bura həmçinin qastrol səfərləri də daxil idi. Görəsən, indi durum necədir? Müğənnilərimiz dövlət tədbirlərindən qonorar alır?

Müğənni Elariz Məmmədoğlu deyir ki, 20 ildir, dövlət tədbirlərində çıxış edir: “Dövlət tərəfindən təşkil olunan konsertlərin, demək olar ki, 99 faizində iştirak etmişəm. Gül Bayramında, Dirçəliş və Qurtuluş Günlərində, 8 Mart Beynəlxalq Qadınlar Günündə- yəni bayramlarda konsertlər təşkil olunubsa, iştirak etmişəm. Bu, 20 ildir ki, davam edir. Heç vaxt da dövlət tədbirlərindən qonorar almamışam. Təklif etməyiblər, mən də tələb etməmişəm”.


Müğənni Əli Mirəliyev isə bizimlə söhbətində deyir ki, indi zəman dəyişib: “Sovetlər dönəmində müğənnilər dövlət tədbirlərində qonorar alırdılar. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşam. Kateqoriyaya uyğun ən yüksək dərəcə üzrə qonorar alırdım. Tədbirlərə, konsertlərə gedəndə, televiziya çıxışlarında da bizə pul verirdilər. Xüsusilə də televiziya çıxışına görə pul alardıq. Qastrol səfərlərində də bizə qonorar verilirdi. Daxili İşlər Nazirliyi xüsusi məbləğ ayırırdı. Amma indi heç bir qonorar-filan almıram. Bir dəfə Mədəniyyət və Turizm Nazirliyinə getdim. Nazir müavini Ədalət Vəliyev üzünü şöbədəki qızlara tutub dedi ki, Əli müəllimə tədbirlərdə iştirakına görə qonorar yazaq. Amma dediyi həyata keçmədi. Orada yalandan şirinlik elədi. İnanmıram nazirlik müğənniyə pul versin. Əksinə, müğənnidən pul alırlar. Düzdü, pul, ev verdikləri var. Amma onlar başqalarıdır... İçərisində mən yoxam”.

Əməkdar artist, bəstəkar -müğənni Elza Seyidcahan dəvət olunduğu bütün dövlət tədbirlərindən qonorar aldığını deyir: “Söhbət vətənpərvərlikdən, xalqımıza, millətimizə, dövlətimizə xidmətdən gedirsə, qarşılıqlı şəkildə anlaşırıq. Harasa tədbirə gedirsənsə, zəhmətinin qarşılıqlı bəhrəsi mütləq olur. Bu gün mən əməkdar artistəmsə, Rəssamlar İttifaqının üzvüyəmsə, əlbəttə, dövlətimiz mənim zəhmətimə, sənətimə dəyər verəcək. Hər kəsin sənəti də, işi də göz qarşısındadır. Əgər biz bu gün zəhmət çəkiriksə, onun bəhrəsini gələcəkdə mütləq görürük. Qonorar olmasaydı, təbii ki, çətin olardı. Mən sənətimə qarşı həm xalqım, həm də dövlətim tərəfindən qayğı görürəm. Xoşbəxtəm ki, bu sənətdəyəm. Əlbəttə ki, müğənnilik asan sənət deyil. Keşməkeşli yolları var”.

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) da dövlət tədbirlərində pulsuz oxuyanlardandır: “Dövlət tədbirlərinə dəvət olunanda qonorar istəmirəm. Uşaq evlərində keçirilən xeyriyyə konsertləri, bayramlarda və dövlət tədbirlərindəki çıxışlarıma görə qonorar tələb etməmişəm. Olub ki, Salyana, Göyçaya getmişəm, heç vaxt qonorar almamışam. Amma özəl tədbirlər olanda qonorarımızı söyləyib, razılığa gəlmişik”.

Xalq arstisti Bilal Əliyev “xeyr, mən dövlət tədbirlərindən qonorar almıram”, deyə söyləyir:“Sovetlər dönəmində qonorar alırdıq. İndi qonorar verilmir. Özəl tədbirlərdə isə qonorar tələb edirəm. Onu da deyim ki, qonorarımı aşağı salmışam ki, insanlara münasib olsun”.