BolgeXeber.Com » Gündəm » Şəki icra hakimiyyəti 200 ailənin taleyini mübhəmə atır... - Evlər sənədsiz olduğundan...

Şəki icra hakimiyyəti 200 ailənin taleyini mübhəmə atır... - Evlər sənədsiz olduğundan...

9-08-2017, 13:56
Oxunub: 3 082 Şəki icra hakimiyyəti 200 ailənin taleyini mübhəmə atır... - Evlər sənədsiz olduğundan...Sakinlərin deməsinə görə, həftədə iki dəfə məhəlləyə su maşını gəlir, içməli suyu pulla alırlar

"Məhəlləmizdə azı 200 ailə yaşayır. Susuzluqdan yanırıq. Bu vəziyyət illərdir davam edir. Məmurların yalançı vədlərini eşitməkdən yorulmuşuq, su istəyirik". DİA.AZ bildirir ki, bunu Şəkinin Salman Mümtaz küçəsinin sakinləri deyir. İllərdir ki, içməli su üçün bu məhəllənin sakinlərinin ayaq döymədiyi qurum qalmayıb.

Hənifə Mirzəyev deyir, məhəllədəki evlərə su verilməsə də, onlardan hər ay supulu tələb olunur: "Hər ay supulu ödəyirik. Gəlməyən suyun pulunu... Yalandan aradabir aşağı təzyiqlə su verilir, tez də kəsilir, ayın sonunda baxırıq ki, qəbz gəldi, filan qədər supulu ödə... Halbuki, tez-tez su kəsilir, sonra aşağı təzyiqlə verilir, vedrəni axşam qoyursan kranın altına, səhər dolur. Buna görə hökumət bizdən supulu tələb edir".

Sakinlərin deməsinə görə, həftədə iki dəfə məhəlləyə su maşını gəlir, içməli suyu pulla alırlar. Sakin Mehdi Əsədov: "O suyu elə Şəkidəcə maşına doldurub gətirib satırlar. Su var ki, satırlar da... Məhəllələrə gələn suyu qəsdən kəsirlər ki, adamlar məcbur qalıb o maşınlardan su alsın. Suyu kəs, sonra da gətir kasıb, imkansız insanlara pulla sat... Bunu şümür də eləməzdi ki, bunlar edir..."

Sakinlər maşından aldıqları suyu həm içirlər, həm də məişətdə istifadə edirlər. Yayda isə bu tələbat ikiqat artır. Bu səbəbdən də hazırda hər ailə həftədə azı iki dəfə su çənini doldurur ki, tələbatı ödəyə bilsin. Ləman Əliyeva deyir, su maşınından bir neçə ay nisyə su alıb, yığılan borcu ödəyə bilmədiyi üçün əvəzinə cehizlik xalçasını verməli olub.

Şəki rayon icra hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidəki tikililər qanunsuzdur: "Ora Kiş çayının ətrafıdır. Çayın tez-tez daşma ehtimalı var. Ona görə də orda ev tikmək olmaz. Sakinlər bizə də müraciət ediblər. Araşdırmışıq, Şəki Sukanalla danışmışıq, bildiriblər ki, ərazidəki evlər sənədləşdirilməli və idarəylə müqavilə bağlanmalıdır ki, əraziyə su-kanalizasiya xətləri çəkilsin. Ancaq orada daşqın təhlükəsi olduğundan, üstəlik, torpağın təyinatı fərdi ev tikintisi üçün nəzərdə tutulmadığından evlərin sənədləşdirilməsi mümkün deyil".

Sakinlərin ümidi yenə hər həftə məhəllədə görünən su maşınlarına qalır. Bu, nə vaxtadək davam edəcək, heç icra hakimiyyətində də bilən yoxdur.
Bolgexeber.com