BolgeXeber.Com » Bölgə » Xacmaz Rayon rəhbərliyi 1 ailəni evsiz qoyur

Xacmaz Rayon rəhbərliyi 1 ailəni evsiz qoyur

2-02-2011, 07:00
Oxunub: 9 221
Xaçmaz rayonunda icra başçısının müavini Akif Mərdanovun qanunsuz sərəncamı bir ailəni evsiz qoyma ehtimalı var

İki məmurun “sərəncam əməliyyatı” 3 körpəni evlərindən didərgin qoymağa hesablanıbmış.

1996-cı ilin oktyabr ayında Şahin Laçınov ərizə ilə “Çkalov adına sovxoz”un rəhbərliyinə müraciət edərək valideynlərinə məxsus, Xudat şəhəri, O. Mirzəyev küçəsi,dalan 3-də yerləşən 7 saylı ev ailə üzvlərinin çoxluğundan (11 nəfər-müəl.) yaşayış üçün darısqal olduğundan onu fərdi mənzillə təmin etmələrini xahiş etmişdir.15 oktyabr 1996-cı il tarixdə də “Çkalov adına sovxoz”un Həmkarlar İttifaqının iclasında 44 saylı protokolla qərar qəbul edilmişdir ki, sovxozun fəhləsi Laçınov Şahin Laçın oğlunun mənzil almaq üçün ərizəsi nəzərə alınsın və sovxozun 7 saylı barakının 5-ci mənzilində yaşayan Auşova Tatyananın heç kəsi olmadığı üçün Laçınov Şahin onu himayəsinə alsın,ona baxsın,onun dəfn mərasimini həyata yetirsin və Auşova Tatyananın dəfnindən sonra mənzil Şahin Laçınova verilsin. Beləliklə də Laçınov Şahin və anası Xonça müəllimə mərhuma ölən gününə qədər yəni 2010-cu il 24 oktyabr tarixinə kimi həqiqətən də ona himayədarlıq etmiş, maddi və mənəvi dəstək göstərmişlər.

Bütün bu müddət ərzində Laçınova Xonça dəfələrlə Xudat Şəhər Mənzil-İstismar Təsərrüfatı İdarəsinə şifahi və yazılı müraciətlər edərək,münasibətlərin hüquqi müstəvidə rəsmiləşməsini istəsə də səyləri heç bir nəticə verməmişdir və oğlu Laçınov Şahin öz ailəsi ilə həmin mənzildə şifahi müqavilə əsasında yaşamağa davam etmişdir.Bir gün evinə dönərkən evində 2-ci qıfılın peyda olduğunu görüb təəccüblənmiş,əşyalarının və azyaşlı uşağının içəridə olduğuna görə qapını açaraq mənzilə daxil olmuşdur.

Bundan sonra isə bir də evə Xaçmaz rayon məhkəməsindən bildiriş gələndə iddia ərizəsi ilə tanış olarkən ona məlum olub ki, Xudat şəhər İƏV-nin nümayəndəsi Murad Hacızadənin katibi Balabəyov Teyyub rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin məzuniyyətdə olmasından istifadə edərək,onun səlahiyyətlərini həyata keçirən Akif Mərdanova müaciət etmişdir.
Akif Mərdanov da öz növbəsində 09 dekabr 2010-cu il tarixdə Rayon İcra Başçısı adından 333 saylı sərəncam verərək,Xudat şəhəri,Mərkəzi Malikanədəki 7 saylı binanın 4 saylı mənzilini Balabəyov Teyyubun qızı 1987-ci il təvəllüdlü Balabəyova Cahanəyə vermiş,elə həmin tarixdə də onun adına 461 saylı order vermişdir.

Balabəyova Cəhanə də 07 yanvar 2011-ildə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Laçınov Şahinin ona məxsus olan (?) 7 saylı binanın, 4saylı mənzilindən çıxarılması haqqında qətnamə qəbul etməsini tələb etmişdir.

Maraqlıdır ki, iddiaçı öz iddiasında gənc qız olmasına baxmayaraq, ağır xəstə olduğunu,hətta əməliyyat da olunduğunu qeyd edərək,ona məxsus olduğunu iddia etdiyi ünvan Mərkəzi Malikanənin 7 saylı binanın 4 saylı mənzilidir. Laçınov Şahin isə Mərkəzi Malikanədəki 7 saylı binanın 5 saylı mənzilində yaşayır və 4 saylı mənzilin ona ümumiyyətlə dəxli yoxdur.

Problemlə əlaqədar münasibət öyrənmək üçün çalışsaq da rayon rəhbərliyindən heç kimlə əlaqə qura bilmədik. Xudat şəhər İƏV-nin nümayəndəsi Murad Hacızadə isə bizə bu məsələdən uzaq durmağı məsləhət görərək münasibət bildirmədi.

Bütün bu kimi məsələlərə, həmçinin mənzilin sənədləşməsi prosesinə isə yəqin ki, sabahkı məhkəmə prosesində aydınlıq gətiriləcək. Mövzunu diqqətdə saxlayacayıq./Bilgexeber/Cəmil Məmmədli/