BolgeXeber.Com » Xəbərlər » Qaçırdığı avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Qaçırdığı avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

10-08-2017, 11:05
Oxunub: 2 368 Qaçırdığı avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulubNizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir

Bu barədə Bolgexeber.com-a Baş prokrorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

Belə ki, avqustun 6-da paytaxtın Nizami rayonu ərazisində 1995-ci il təvəllüdlü Məmmədov İbrahim Cavad oğlunun talama məqsədi olmadan Kərimov Əfqan Böyükağa oğluna məxsus “Mercedes-Benz C180” markalı 90-DS-298 dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib qaçıraraq şərxoş halda idarə etmişdir. Bu zaman yolu keçmək istəyən piyada Tağıyev Allahverdi Səməd oğlunu vuraraq ona bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış “Honda CRV” markalı 99-GB-635 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 185.2.4 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə), 263-1.1 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim Məmmədov avqustun 7-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.

İ.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.