BolgeXeber.Com » Xəbərlər » Lütfi Zadənin oğlundan ilginc açıqlamalar: - “Atam soykökünü heç vaxt danmayıb...”

Lütfi Zadənin oğlundan ilginc açıqlamalar: - “Atam soykökünü heç vaxt danmayıb...”

12-08-2017, 16:33
Oxunub: 2 032 Lütfi Zadənin oğlundan ilginc açıqlamalar: - “Atam soykökünü heç vaxt danmayıb...”"Adım Nərimandır. ABŞ-da Norm Zadə, Azərbaycanda isə Norman Zadə kimi tanınıram”

Görkəmli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin Azərbaycanda dəfn olunmasıyla bağlı vəsiyyəti bir neçə gündür, müzakirə mövzsusudur. Bir çox tanınmışlar, ziyalılar mətbuatda çıxış edərək Lütfi Zadənin Azərbaycana bağlı adam olmadığını, ölkəmiz üçün heç bir şey etmədiyini, vəsiyyətinin isə uydurma olduğunu səsləndirirlər.

BakuPost.az-ın əməkdaşı məsələnin aktuallığını nəzərə alaraq Lütfi Zadənin oğlu Norman Zadədən açıqlama alıb. N. Zadə Lütfi Zadənin Azərbaycanda dəfn edilməklə bağlı vəsiyyəti uzun müddət əvvəl etdiyini vurğulayıb: "Atam dünyada qəbul olunan böyük alimlərdən biridir. Ömrü boyu elmlə məşğul olub. O, öz nailiyyətləri ilə millətinə, yaşadığı, onu yetişdirən ölkəyə həmişə başucalığı gətirib. Azərbaycanlı olduğunu da heç vaxt danmayıb. Araşdıra bilərsiniz, harada tərcümeyi-halı açıqlanırsa, orada hökmən azərbaycanlı olduğunu qeyd elətdirib.

O ki qaldı atamın vəsiyyətinə, o, bunu çoxdan eləyib”.

Norman Zadə bir müddət əvvəl qalmaqala səbəb olmuş "Azərbaycanı özümə vətən hesab etmirəm” fikirləri ilə bağlı da danışıb. O, fikirlərinin təhrif olunduğunu deyib: "Azərbaycanda heç zaman olmasam da Azərbaycan kökənli olduğumu heç vaxt danmamışam. Öz soykökümə ehtiramla yanaşıram. Fikirlərimin təhrif olunmasından məyus oldum. Atam uşaq vaxtımızda bizə həmişə Bakıdan, Azərbaycanda yaşadığı illərdən danışardı. Azərbaycan mənim üçün həmişə maraqlı ölkə olub. Həmişə istəmişəm ki, atamın doğulduğu bu ölkəni yaxından tanıyım, amma heç vaxt belə imkanım, daha doğrusu şəraitim olmayıb. Dəvət etsələr, məmnuniyyətlə gedib ziyarət edərdim”.

1954-cü ildə ABŞ-ın Kaliforniya ştatında anadan olan Norman Zadə daha bir maraqlı məqama toxunub. O, əsl adının Nəriman olduğunu deyib: "Adım Nərimandır. ABŞ-da Norm Zadə, Azərbaycanda isə Norman Zadə kimi tanınıram”.

Qeyd edək ki, 63 yaşlı Norman (Nəriman) Zadə informatika sahəsi üzrə riyaziyyatçı alimdir, Koloforniyadakı Berkli Universitetinin professorudur. Amerikada kifayət qədər tanınan elm adamlarındandır. Elmlə yanaşı o, əqli bizneslə də məşğul olur.