BolgeXeber.Com » Xəbərlər » “Mehdiyevlər ailəsinə qarşı heç bir qanunsuzluq edilməyib” – Zərdab RİH-dən açıqlama

“Mehdiyevlər ailəsinə qarşı heç bir qanunsuzluq edilməyib” – Zərdab RİH-dən açıqlama

24-08-2017, 13:42
Oxunub: 2 711 “Mehdiyevlər ailəsinə qarşı heç bir qanunsuzluq edilməyib” – Zərdab RİH-dən açıqlamaZərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən müraiət daxil olub

Vətəndaşın iddialarına görə, rayonda yüksək vəzifə tutan məmurların təzyiqi ilə evləri əllərindən alınıb və ailə hazırda küçələrdə yaşayır.
“Həyat yoldaşım Sarəncin valideyinləri sovetlər dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında çoban və sağıcı işləyiblər. Buna görə də onlar fermanın işçiləri üçün nəzərdə tutulmuş evdə yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev həmin fermanın evində doğulub. Mən də həmin evə gəlin gəlmişəm. Orada iki uşağımız doğulub. Sovet qurluşu dağıldıqdan bir müddət sonra həmin fermanın çoban evi atam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı kimi verilib. Buna dair sənədlər də var. Bundan sonra biz həmin ərazidəki torpaqdan istifadə etmək üçün Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq ki, bunun da sənədi var”.
Kənd sakininin iddialarına görə, Zərdab rayonun icra başçısının sabiq müavini Tofiq Abdullayev onları əmlakının yerləşdiyi torpağı həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına 25 illik icarə müqaviləsi bağlatdırıb. Bundan sonra onları məhkəməyə verib və evləri əllərindən alınıb.

***
Məsələyə münasibət öyrənmək üçün Bolgexeber.com olaraq Zərdab RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rafiq Məmmədovla əlaqə saxladıq.
“Həmin torpaqlar sovetlər dönəmində mal-qara saxlamaq üçün təyin olunmuş torpaq olub. Tofiq Abdullayevin müavin işlədiyi dövrdə Məlikumudlu kəndində islahat aparılan zaman hansı yolla olduğunu deyə bilmərəm, amma torpaqlar Tofiq Abdullayevə verilib. Həmin vaxt Tofiq Abdullayev Mehdiyevlər ailəsinə bu tikilidə məskunlaşmağa icazə verib. Ancaq ailə bununla razılaşmayıb və daha sonra bəzi münaqişələr yaşanıb. Tofiq Abdullayevin Günel Mehdiyevanın atası Nəsrəddin Mehdiyevlə yaxşı münasibəti olub.
Sadəcə olaraq, bu yaşananlardan sonra sözügedən ailə Tofiq Abdullayevin fermasında yanğın törədərək, fermaya ciddi ziyan dəyməsinə səbəb olub. O da onları məhkəməyə verib. Məhkəmənin qərarı ilə ailə fermadan çıxarılıb. Çünki Tofiq Abdullayev həmin ailəyə ferma işçiləri üçün tikilmiş yerdə yaşamağa icazə vermişdi. Ancaq Mehdiyevlər ailəsi konkret olaraq o fermanı istədikləri üçün Tofiq Abdullayeva ziyan vurmağa çalışdılar.
Günel Mehdiyeva və həyat yoldaşı istəyir ki, pay torpağında yaşayış evi tiksinlər. Ona görə də mətbuata müraciət edirlər. Bildiyimiz kimi, qanunvericilik pay torpağında ev tikməyə icazə vermir.
Qaldı ki, onların küçədə qalmasına, müraciətdə yazılanlar həqiqəti əks etdirmir. İstəsəniz çəkiliş qrupunu da Zərdab rayonuna göndərə bilərsiniz, onların hazırda yaşadıqları evi sizə göstərə bilərik.
Bizdə olan məlumat bu qədərdir.” – deyə Rafiq Məmmədov açıqlamasını yekunlaşdırıb.


İbrahim
Bolgexeber.com

“Mehdiyevlər ailəsinə qarşı heç bir qanunsuzluq edilməyib” – Zərdab RİH-dən açıqlama